"Tərtər işi" ilə bağlı həbs edilən hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular - kəşfiyyatçı Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində baş tutan iclasda Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovun bacısı oğlu, general-mayor Ramil Əsgərov ifadə verib.
Ramil Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub. O, məhkəmədə sualları cavablandırarkən məlum olub ki, 2020-ci ildə 44 günlük müharibə gedən dövrdə vəzifəsindən azad edilib. Onun sözlərinə görə, oktyabrın 23-də öz ərizəsi ilə işdən çıxıb.
Ramil Əsgərov qeyd edib ki, 2017-ci il mayın 7-də rəhbərliyin göstərişi ilə Tərtərə gedib və həmin vaxt Tərtərdə istintaqa kömək məqsədilə göndərilib.
Çünki onun rəhbərlik etdiyi idarədə də təcrübəli təhqiqatçılar olub. General bildirib ki, orada hərbçilərə qarşı bir sıra qanunsuz hərəkətlərin şahidi olub.
Zərərçəkənlər də, vəkillər də Ramil Əsgərovdan soruşublar ki, bəs niyə hərbçilərə qarşı qanunsuzluqlara, işgəncə hallarına müdaxilə etməyib, baş verənlər barədə Müdafiə Nazirliyinin rəhbərliyinə məruzə etməyib?
“Mən orada bəlkə də 10-cu adam idim. Mənim kiməsə nəsə deməyimin mənası yox idi”, deyən general əlavə edib ki, məruzəyə ehtiyac görməyib: “Çünki hərbi prokurorluq da daxil olmaqla, səlahiyyət sahibləri orada idi. Üstəlik, korpus komandiri, general Hikmət Həsənov da telefonla mütəmadi rəhbərliyə məruzə edirdi”.
Ramil Əsgərov deyib ki, Nəcməddin Sadıkovun bacısı oğlu olduğuna görə müəyyən qədər ondan çəkiniblər.
Tərtərdəki işgəncələrdə ən çox adı hallananlardan biri Cəfər Seyidovdur. Məhkəmədə dindirilən zərərçəkmişlər deyib ki, işgəncələr mayın 1-dən başlasa da, bir neçə gün sonra Tərtərə Cəfər Seyidovun rəhbərliyi altında “Sualtı Hücum” (SAH) Dəniz Xüsusi Təyinatlıları gətirilib. Onlar saxlanılan hərbçilərə uzun müddət ağlasığmaz işgəncələr veriblər.
Məhkəmədə şahid qismində dindirilən polkovnik Cəfər Seyidov özünün və komandiri olduğu qüvvələrin işgəncələrdə iştirakını haqda zərərçəkənlərin dediklərini qəbul eləməyib. O bildirib ki, işgəncələrdə iştirak eləməyiblər.
Cəfər Seyidov işgəncələrin şahidi olmadığını da vurğulayıb.
Cəfər Seyidovun ifadəsi və suallara cavablarından sonra onunla zərərçəkənlər arasında gərginlik yaşanıb. Zərərçəkmişlər Cəfər Seyidovun yalan danışdığını bildiriblər. Onlar deyiblər ki, Tərtərdəki işgəncələrə görə həbs olunmalı əsas şəxslərdən biri məhz Cəfər Seyidovdur.
Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.
Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.
Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib.
Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.
Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı icraatda mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çoxdur.
“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu cinayət işi üzrə 186 nəfər zərərçəkmiş qismində tanınıb.
“Tərtər işi” ilə bağlı ittiham olunan daha 5 nəfər - Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi üzrə 321 nəfər zərərçəkmiş kimi tanınıb.
Bu, "Tərtər işi" üzrə ən böyük cinayət işidir.
Bununla da rəsmi olaraq ittiham olunanların sayı 18, zərərçəkmişlərin sayı 700-dən çoxdur.
Qeyd edək ki, təqsirləndirilən şəxsləridən biri Fuad Ağayev general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi olub.
Hikmət Həsənovun köməkçisinin adı hazırda Sumqayıt Məhkəmə Kompleksində davam edən general Bəkir Orucov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində işgəncələrə rəhbərlik edənlər sırasında hallanır.