27 Oktyabr 2023 14:01
13 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu sevgilisi Bahara işgəncə verməkdə, onun 14 yaşlı qızı Güneli (cinayət işində bəzi adlar şərti verilib – red.) zorlamaqda, daha sonra isə öldürməkdə təqsirləndirilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 2-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Zaur qeyri-rəsmi münasibətdə olduğu 1980-ci il təvəllüdlü Bahara və onun qızı, 2009-cü il təvəllüdlü Günelə bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə ölüb.

İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, bu məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 149.2-1.1 (zorlama, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

“Mən həbsdə olanda arvadım ailə qurdu”

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Leyla Məmmədova-Əsgərovanın sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ev tikintisi ilə məşğul olur, rəsmi iş yeri yoxdur, əvvəllər SOCAR-da sürücü işləyib:

“Uşaqlıq illərim normal keçib, 3 bacı, 3 qardaş olmuşuq. Bir bacım xəstəxanada baş həkimin müavini işləyir. Bacılarım ali təhsilli, mən və qardaşım isə orta təhsilliyik. Mən 1 dəfə ailəli olmuşam. Anlaşa bilmədiyim üçün arvadımdan boşandım. Əvvəllər 6 il müddətinə azadlıqdan məhrum edilmişəm. Həbsdə olduğum müddətdə ilk arvadım ailə qurdu. Əvvəlki nikahımdan iki övladım dünyaya gəlsə də, onlarla əlaqəm yoxdur. Çünki əvvəlki həyat yoldaşım uşaqlarım məni tanımasını istəməyib”.

“Döydüm, həbs olundum”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Baharla tanış olanda marketdə satıcı işləyirmiş: “Mən sevərək evləndim. Baharın qardaşı bacısının ruhi xəstəliyi səbəbindən evlənməyimizə razı olmadığını bildirsə də, məni ondan uzaqlaşdırması üçün belə dediyini düşündüm. Ona inanmadım. Baharın uşaqlarını qəbul etdim. Bir il münasibətimiz yaxşı oldu. Həmin dövrdə ona əl qaldırmadım”.

Təqsirləndirilən şəxs deyib ki, 30 oktyabr 2021-ci ildə onun Bahardan dünyaya gələn övladının şəxsiyyət vəsiqəsində əvvəlki həyat yoldaşının soyadının yazıldığına görə aralarında söz-söhbət yaranıb: “Onda Baharı döydüm. O da sosial yardım almaq həmin uşağa əvvəlki həyat yoldaşının soyadını verdiyini bildirdi. Baharı döydüyümə görə inzibati qaydada həbs olundum”.

“Vaxt verəcəyimi bildirdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 26 dekabr 2022-ci ildə evə gələrək Baharın telefonunda öz qızı ilə əxlaqsız videolarını görüb: “Bahar ibtidai istintaqda mənimlə üzləşmə zamanı öz qızına qarşı əxlaqsız hərəkətləri etməyi guya mənim məcbur etdiyimi bildirdi.

Dekabrın 26-da Baharı gecə evdən qovarkən mənə gedəsi yerinin olmadığını bildirdi, ona 1 ay möhlət verməyimi istədi. Mən Bahara vaxt verəcəyimi, lakin birgə nikahdan doğulmuş uşaqlarımın özümlə qalacağını bildirdim”.

Zaurun ifadəsinə görə, 23 yanvar 2023-cü ildə Bahara 100 manat verərək işə gedib: “Axşam işdən gələndə Baharın mənim uşaqlarımı da götürərək getdiyini gördüm. Yanvarın 24-də 14-cü polis bölməsinin əməkdaşları Baharın qızı Günelin zorlanması ilə bağlı məni polis bölməsinə apardılar. Yanvarın 26-a qədər orada qaldım. Günel, Bahar və mən müvafiq ardıcıllıqla ekspertizaya aparıldıq. Ekspertizadan sonra polis əməkdaşları tərəfindən buraxıldım.

Evə gələndə Baharın evdə olan əşyaları götürərək apardığı məlum oldu. Qonşum Səlimdən Baharın nömrəsini əldə edib onunla əlaqə saxladım. Yalnız birgə nikahdan doğulan uşaqlarımın mənə verilməsini tələb etdim. Həmin gün uşaqlarımı axtardım. Öz qızı ilə əxlaqsız hərəkətlər edən qadına öz uşaqlarımın gələcəyini əmanət edə bilməzdim.

Baharı tapsam da, mənə uşaqlarım ilə görüşdürmədi. Ondan ancaq uşaqlarımı istədim. Hadisə günü bıçağı qorxutmaq məqsədilə Bahara uzatdım. O, isə bıçağı tutduğuna görə əli sıyrıldı”.

“Öldürmək fikrim olmayıb”

Zaur qeyd edib ki, uşaqların yerini öyrəndikdən sonra Baharın əlini skoç və iplə bağlayıb, ayağa qalxa bilməməsi üçün dizindən bıçaqla vurub:

“Uşaqlarımı götürməyə gedəndə evdən bir kişinin çıxdığını gördüm. Güneli maşına otuzdurduqdan sonra ona həmin şəxsin kim olması barədə suallar verdim. Günel həmin şəxsin Ramin olduğunu dedi, bütün hadisələrin səbəbinin anası olduğunu bildirdi, vaxtında bu söhbətləri mənə danışmadığı üçün ona şillə vurdum. Daha sonra onu ehtiyatsızlıqda qətlə yetirdim.

Güneli öldürüb geri qayıdarkən atama zəng vurdum, ölməsin deyə Baharın qolunu açmağı tapşırdım.

Güneli ehtiyatsızlıqdan avtomobildə öldürmüşəm. Onu qorxutmaq üçün bıçağı sinəsinə dirəyərkən təsadüfən bıçaq ona dəydi. Özümü itirdiyimə görə Günelə dəyən xəsarətləri xatırlamıram. Özüm könüllü şəkildə əməliyyatçı Azər müəllimə yaxınlaşaraq etdiyim əməl barədə məlumat verdim.

Bundan başqa, polis əməkdaşları tərəfindən tutularkən Günel maşında idi. Uşağı öldürmək fikrim olmayıb. Niyyətim öz uşaqlarımı Bahardan geri almaq üçün Güneli anasının yanına aparmaq idi”.

Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilən 1 mart 2023-cü il tarixli məhkəmə-genetik ekspertiza rəyi ilə razılaşmyıb. O bildirib ki, Günellə cinsi əlaqədə olmayıb, onu zorlamayıb.

“Qızıma təcavüz etdi”

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Baharın sözlərinə görə, onun təqsirləndirilən şəxslə rəsmi nikahı olmayıb:

“2022-ci ilin dekabrında Zaur işdən evə gəldi. Güneli yuxudan oyatmağı, hər ikimizlə işinin olduğunu bildirdi. Daha sonra qızımı və məni soyundurdu. Qızıma təcavüz etdi, bizi telefona çəkdi.

Onda Zaurun əlində bıçaq və şiş vardı. Bizdən dediklərini etməyi tələb edirdi. Qızımı bıçaqla vuraraq hər ikimizi öldürəcəyi ilə hədələməklə baş verənlər barəsində susmağımızı istədi”.

“Başıma oyun açacağını söylədi”

Baharın ifadəsinə görə, bir müddət keçdikdən sonra Zaur onları yenə döyüb və oturduğu yerdə qızını soyundurmağa başlayıb, ona və qızına təcavüz edib:

“Həmin günün ertəsi gün ayrılmaq istədiyimi deyəndə Zaur uşaqları ona verməyimi istədi. Mən razılaşmadım. Qeyd etdiyim hadisələr dekabr ayında baş verib.

Mən qorxu içində olduğuma görə bölməyə getdim, baş verənləri polis əməkdaşlarına danışdım. Məni ekspertizaya göndərdilər. Polis əməkdaşları ekspertiza sənədlərini prokurorluğa göndərəcəklərini bildirdilər. Bölmənin yanında ev tutdum.

Zaur qonşumuz Səliməyə həyat yoldaşına xəyanət etdiyini bildiyini göstərməklə, xəyanət barəsində yoldaşına deyəcəyi ilə hədələyib, nömrəmi ondan əldə edib.

Zaur mənə zəng edəndə Gürcüstana gedəcəyi üçün evdə qalan əşyaları götürməyimə icazə verdiyini, evin açarının mənə çatmalı olduğunu söylədi, mən də oğlumla həmin evə getdim.

Evə çatdıqda Zaur paltarlarımı yığdıqdan sonra bizi gedəcəyimiz yerə aparacağını bildirdi. Maşını yolda saxlayaraq oğlumu mənimlə bir-iki kəlmə söhbət edəcəyi üçün evə yolladı. Oğlum evə getdikdən sonra bıçağı çıxararaq mənim əllərimi tutdu. Balaca qızımla görüşmək istədiyini deyib, məni maşında döyməyə başladı.

Maşını evin qarşısına gətirdi, məni evin hamam otağına apardı, əlimi, ayağımı bağlayaraq qapınıl kilidlədi, başıma oyun açacağını söylədi. Özümü hamamın pəncərəsindən atdım. Qonşular vasitəsilə polisə zəng edərək baş verənləri danışdım.

Zaurdan qorxduğum üçün əvvəllər polisə müraciət etməmişəm. Polisə məlumat vermək imkanlarım da olmayıb”.

Məhkəmə zərərçəkmiş Baharın məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər müəyyən edib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.

“Məni və övladlarımı qəbul etdiyini dedi”

Baharın həmin ifadəsindən məlum olur ki, orta təhsilli olub, təhsilini Maştağa qəsəbəsində yerləşən 128 nömrəli tam orta məktəbdə alıb, ali məktəbə qəbul olunmayıb:

“2008-ci ildə Vahidlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurdum. 2009-cu il təvəllüdlü qızım Günel, 2011-ci il təvəllüdlü oğlum Vüsal dünyaya gəldi. Ərim Vahid spirtli içki aludəçisi olduğu üçün 2012-ci ildə rəhmətə getdi. 2017-ci ildən etibarən Maştağa qəsəbəsi, Südçülük Sovxozunda yerləşən qadın geyimlərinin satışı mağazasında satıcı kimi işləməyə başladım.

Həmin vaxt taksi fəaliyyəti ilə məşğul olan və mağazaya müştəri gətirən Zaurla tanış oldum. Bir ay telefonla əlaqə saxladıq, yaxın münasibət qurduqdan sonra onunla evlənmək qərarına gəldim. Ona əvvəllər ailəli olduğumu və iki azyaşlı övladımın mənimlə yaşadığını dedim. Zaur məni və övladlarımı qəbul etməyə hazır olduğunu bildirdi. Dediyinə görə, özü də əvvəllər Aydan adlı qadınla ailəli olub, həmin nikahdan Firuzə və Musa adlı iki övladı olub, rəsmi qaydada boşanıblar.

Zaurun birinci arvadı və uşaqları ilə əlaqəm, gediş-gəlişim olmayıb. Ailə qurmağıma valideynlərim razı olmayanda Zaura qoşulub qaçdım. Birlikdə Maştağa qəsəbəsində yaşamağa başladıq.

Zaurla ailə qurduğum üçün öz valideynlərim, qardaşım və bacılarımla əlaqəm kəsildı. Hazırda da onlar məni qəbul etmirlər.

Ailə qurduğum ilk günlərdə Zaur təmkinli, normal insan idi, bizimlə münasibətləri yaxşıydı. Mənə və ilk evliliyimdən olan övladlarıma qayğı ilə yanaşırdı. Zaur orta təhsillidi, amma tikinti sahələrində fəhləliklə məşğul olur, ailəmizi saxlayırdı.

Siqaret çəksə də, narkotik vasitələrdən istifadə etməyib. Nadir hallarda spirtli içki qəbul edib”.

“Zorakılıq edirdi”

Zərərçəkmişin sözlərinə görə, təxminən 3-4 ay sonra Zaur evdə əsassız mübahisələr edib, ailədə söz-söhbət yaradıb, müxtəlif bəhanələr gətirərək birinci nikahdan olan övladlarını döyüb:

“Hətta övladlarımın döyməsinin qarşısını almaq istədikdə mənim özümü də döyərək zorakılıq edib. Zaurun bizimlə qonşuluqda yaşayan ata-anası da məni və övladlarımı döyməsinin şahidi olublar. Lakin həm gənc ailə olduğumuzdan, həm də Zaurdan qorxduğumdan bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişəm”.

Bahar qeyd edib ki, Zaurla yaşadığı müddətdə ondan 2019-cu ildə qızı, 2021-ci ildə isə oğlan övladı dünyaya gəlib: “Zaur öz uşaqlarını çox istəsə də, mənim birinci evliliyimdən olan uşaqlarımla daim pis rəftar edirdi. 2019-cu ildə ailəlikcə Bərdə rayonuna getdik. Geriyə qatarla qayıtdıq. Qatarda yer olmadığı üçün qızım Günel Zaurun yanında yatdı.

Biz Bakıya gələndən sonra qızım mənə xəlvətdə bildirdi ki, Zaur qatarda birlikdə yatan zaman onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Qızım həm də bildirdi ki, bir ildir Zaur dəfələrlə mənim evdə olmamağımdan istifadə edərək onu soyundurub, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bunu eşidən kimi dərhal Zaurla danışdım. Zaur boynuna almadığı üçün 14-cü polis bölməsinə ərizə ilə müraciət etdim. Araşdırma zamanı nə kimi qərar qəbul edildiyini bilmirəm. Ancaq Zauru bir ay müddətinə inzibati qaydada həbs etdilər. Zaur həbsdən çıxaraq gələndən sonra uşaqlara xatir barışdım. Yenidən evlilik həyatımıza davam etdik”.

“Qızımla gözümün qarşısında cinsi əlaqədə oldu”

Zərərçəkmiş daha sonra ifadəsində qeyd edib: “Səhv etmirəmsə 2022-ci il dekabrın 15-də təxminən saat 23 radələrində uşaqlar yatandan sonra yaşadığımız evdə Zaur əvvəllər onun barəsində 14-cü polis bölməsinə şikayət etməyimizi, buna görə 30 gün həbs olunmasını bəhanə gətirərək məni və qızım Güneli öldürəcəyi ilə hədələdi, bizdən soyunmağımızı tələb etdi.

Dekabrın 15-də baş vermiş hadisə zamanı Zaur hətta əlində olan bıçaqla qızımın kürək və qol nahiyəsindən xəsarət yetirdi. Biz soyunandan sonra Zaur Günelə qarşı əxlaqsız hərəkətlər etdi. Günel yalvarsa da, mənim gözlərim qarşısında onunla cinsi əlaqədə oldu.

Lakin qızımla təbii, yoxsa qeyri-təbii yolla cinsi əlaqədə olduğunu dəqiq deyə bilmirəm. Gördüyüm zaman qeyri-təbii yolla cinsi əlaqədə oldu. Həmin vaxt qızımın ağzından köpük gəldi. Mənim özümü də öldürəcəyi ilə hədələdi, mənimlə təbii yolla, daha sonra hər ikimizlə eyni vaxtda cinsi əlaqədə oldu. Kiməsə məlumat verəcəyimiz halda bizi öldürəcəyi ilə hədələdi”.

“Polisə məlumat verməyə qorxdum”

Zərərçəkmiş deyib ki, bundan bir neçə gün sonra gecə saat 23 radələrdə yaşadıqları evdə Zaur yenidən onlardan soyunmalarını tələb edib, onlarla zorla cinsi əlaqədə olub, evin həyətindən şiş, şlanq gətirərək öldürəcəyi ilə onları hədələyib, bir neçə gün əvvəl olduğu kimi yalvarmasına baxmayaraq əvvəlcə qızı ilə, sonra isə onunla zorla cinsi əlaqədə olub:

“Mən artıq Zaurun etdiklərinə dözə bilmədim. Lakin polisə məlumat verməyə də qorxdum. Çünkü Zaur bizi hər dəfə öldürəcəyi ilə hədələyirdi”.

Baharın sözlərinə görə, 27 yanvar 2023-cü ildə Zaur onu və övladlarını yaşadığı evdə görmək istəmədiyini dediyi üçün qeyd edilən tarixdə övladlarını özü ilə götürərək kirayə tutduğu ünvana köçüb, yerini Zaura deməyib:

“Yanvarın 28-də qızım Günellə birlikdə Sabunçu rayon Polis Bölməsinin 14-cü polis bölməsinə ərizə ilə müraciət etdim. Zaurun qızımı zorlaması barədə məlumat verdim. Dərhal polis bölməsində izahatlarımız alındı. Günel məhkəmə-tibbi ekspertizasından keçirildi. Bu müddət ərzində Zaurla əlaqəm olmadı. Polisdən bizə bildirdilər ki, ekspertizanın cavabı daxil olduqdan sonra material prokurorluğa göndəriləcək”.

“Dayanmadan mənə yalvardı”

Zərərçəkmiş qeyd edib ki, 1 fevral 2023-cü ildə saat 21 radələrində Zaur ona zəng vurub, yerini soruşub, barışmaq istədiyini, etdiyi əməllərdən peşman olduğunu bildirib:

“Zaur mənim nömrəmi qonşudan öyrənmişdi. Mən isə dediklərinə inanmadım, olduğum yeri ona bildirmədim. Zaur dayanmadan zənglər etdi, SMS-lər yazdı və barışmaq istədiyini dedi. Bundan sonra Zaur məni aldadaraq Gürcüstana gedəcəyini, ona görə sonuncu dəfə məni görüb, uşaqlar üçün bazarlıq edəcəyini, bir daha incitməyəcəyini bildirdi.

Zaurun dediklərinə inandım və yaşadığım ünvana taksi çağırdım. Oğlumla birlikdə əvvəlcə “20 Yanvar” metro stansiyasına, oradan isə Bakı Beynəlxalq Avtovağzalına getdik. Avtovağzalda “Bravo” marketin qarşısında Zaurun mənə yeni aldığını bildirdiyi avtomobilin qarşısında dayandığını gördüm. Mənə avtomobilə əyləşməyimi söylədi. Qorxduğum üçün avtomobilə oturmaq istəmədim. Zaur dayanmadan mənə yalvardı, barışmaq istədiyini, polisə məlumat verməməyimi, bizi incitməyəcəyini dedi.

Bundan sonra Zaur marketə daxil oldu, uşaqlar üçün ərzaq məhsulları aldı. Birlikdə yaşadığımız Maştağa qəsəbəsinə gedərək orada olan paltarlarını götürməli oluğunu bildirdi.

Avtomobili küçəyə sürüb bir qədər kənarda saxladı. Əvvəlcə maşından düşərək evə daxil olaraq paltarlarını özü ilə gətirdi və maşının arxa saxlanc yerinə qoydu. Sonra evin açarlarını oğluma verdi, evə getməsini dedi. Mənimlə bir qədər söhbət etmək istədiyini bildirdi. Oğlum avtomobildən düşərək evə getdi. Zaur isə arxa oturacaqda yanımda əyləşdi.

Yanımda əyləşən kimi qəflətən bıçağı çıxararaq “yadındadır, sənə söz vermişdim ki, səni öldürəcəm” dedi. Bıçaqla boğaz nahiyəmə tərəf zərbə vurmaq istədi. Hər iki əlimlə bıçağın tiyəsindən tutaraq yalvarmağa başladım. Zaur bıçağı əlimdən dartmaq istəyəndə barmaqlarım kəsildi. Yenidən sinə nahiyəmdən zərbə vurmaq istədikdə sol ayağımı zərbənin qarşısına tutdum. Həmin vaxt bıçaq baldır nahiyəmə batdı. Əvvəl sol, sonra sağ ayağımdan da vurdu. Zaur mənə bıçaq zərbələrini yalnız avtomobildə olan zaman vurub”.

“Qızımın taleyi ilə məlumatım olmayıb”

Zərərçəkmiş deyib ki, Zaur avtomobildə olan yapışqan lentlə onun ağzını bağlayıb, əllərini və ayaqlarını bir-birinə dolayaraq avtomobilin sükanı arxasına keçib və maşını evin qarşısına sürüb:

“Məni sürüyə-sürüyə avtomobildən düşürdü, evin qonaq otağında olan divanın üzərində otuzdurdu. Oğluma bildirdi ki, ondan şikayət etmədiyi üçün onunla işi yoxdur. Bundan sonra oğlum Zaurun tapşırığı ilə həyətdən ip gətirdi. Zaur həmin iplə əllərimi, ayaqlarımı bir daha bağladı. Məni sürüyərək hamam otağına apardı. Hamamda gözlərimi yapışqan lentlə bağladı, ağzıma da parça tıxayaraq üzərində bir daha yapışqan lentlə doladı. Zaur bunu edə-edə mənə “hələ bu harasıdır, gedirəm qızını da gətirib yanında öldürəcəm” deyə bildirdi.

Hamam otağının qapısını örtdü və oğlumu özü ilə aparaq evi tərk etdi. Mən bir müddət huşumu itirdim. Lakin sonradan qəflətən özümə gələrək əllərimi kəndirdən və yapışqan lentdən bir təhər azad etdim. Ağzımda olan yapışqan lenti aşağı çəkdim ki, nəfəs ala bilim. Özümdə güc toplayaraq ayağa qalxdım, evin həyətinə çıxdım. Hasara çıxıb qonşum qadının yaşadığı evin həyətinə yıxıldım. Onların həyətinə düşəndə qonşu səs çölə çıxdı. Məni görərək nə baş verdiyini soruşanda ondan xahiş etdim ki, dərhal polisə zəng vursun.

Qonşunun mobil telefonu vasitəsi ilə 14-cü polis bölməsinə zəng edərək hadisə barədə məlumat verdim. Bir müddət sonra polis əməkdaşları və təcili tibbi yardım gələrək məni xəstəxanaya apardılar.Qızım Günelin taleyi ilə bağlı isə hər hansı bir məlumatım olmayıb”.

Məhkəmənin hökmü ilə Zaur ömürlük azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər