Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Səbuhi Qurbanovun vəkili Cavanşir Qasımzadə vəsatətlə çıxış edib.
O, məhkəmə iclaslarında media nümayəndələrinin çəkiliş aparmasına etiraz edib. Qeyd edib ki, Konstitusiyanın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ var, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var, həmçinin şəxs özünün razılığı olmadan izlənilə bilməz.
Vəkil "Medai haqqında" qanunun 2-ci maddəsinə də istinad edib. Bildirib ki, çəkilişin dayandırılmasına həm onun özünün müdafiə etdiyi Səbuhi Qurbanov, həm də digər təqsirləndirilən şəxslər – Azər Məmmədov və Dəyanət Qüdrətov da etiraz edib.
Vəkilin sözlərinə görə, məhkəmənin özü qanunla nəzərdə tutulmuş qaydada çəkiliş aparır, bu da işin halları üçün kifayətdir.
Təqsirləndirilən Səbuhi Qurbanov vəkilinin vəsatəti ilə razı olduğunu deyib. Digər təqsirləndirilən şəxslər də, onların vəkilləri də bu vəsatəti dəstəkləyiblər.
Hakim Azad Məcidov bildirib ki, təqsirləndirilən şəxslər özlərini ittiham üzrə təqsirli bilmirlər: “Adətən təqsirsiz şəxslər medianı tələb edirlər ki, təqsirsiz olduqlarını cəmiyyətə təqdim etsinlər. Amma mən sizi başa düşmürəm”.
Vəsatətə münasibət bildirən prokuror isə bildirib ki, açıq məhkəmə iclası keçirilir. O, media tərəfindən çəkilişin aparılmasına etiraz etməyib.
Zərərçəkmiş Rüfət Həşimovun hüquqi varisi də məhkəmə iclasında media nümayəndələri tərəfindən çəkişilin aparılmasına etiraz etməyib: “Qoy hamı hər şeyi görsün”.
Müşavirə keçirən hakim heyəti isə Konstitusiyanın 32-ci maddəsinə əsasən, məhkəmə iclasında çəkilişin aparılmasının dayandırılması barədə qərar qəbul ediblər. Hakim Azad Məcidov deyib ki, məhkəmə iclasında yalnız foto və video çəkilişlərin aparılması dayandırılır. Mətbuat işçiləri məhkəmə iclaslarında iştirak edə, qeydlərlərini götürməklə iclasları işıqlandıra bilərlər.
Daha sonra şahid qismində ifadə verən Rasim Orucov bildirib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımır. Onun sözlərinə görə, hadisədən əvvəl onun maşınının dövlət qeydiyyatı nişanı oğurlanıb: “Bu da “Bravo”da baş verən hadisədən 2-3 gün əvvəl baş verib. Sonradan məni prokurorluğa çağırdılar, sorğu-sual etdilər. Məlum oldu ki, hadisə yerinə gedən maşına mənim avtomobilimin nömrəsini taxıblar”.
Digər şahid Ayaz Məmmədov bildirib ki, təqsirləndirilən Azər Məmmədovun qardaşıdır, o, qardaşının yanında usta köməkçisi işləyib. Hadisə günü qardaşı Azərlə bütün günü iş yerində olublar.
İfadə verən digər şahid Xəyal Ələkbərov isə bildirib ki, dönərxana işlədir, hadisə baş verən ərəfədə təqsirləndirilən Səbuhi Qurbanov onun yanında kuryer işləyib: “Hadisə günü Səbuhi Qurbanov bütün günü işdə olub. O, bizimlə uzun müddət işləməmişdi. Son günlər əvəzedici kimi işə başlamışdı. Çox utancaq idi. Hətta yemək yeməyə də utanırdı. Ona zorla nahar etmək üçün stol arxasına gətirirdik”.
Xəyal Ələkbərov deyib ki, təqsirləndirilən Dəyanət Qüdrətovu tanımır, Səbuhi Qurbanovun yanında Dəyanət Qüdrətovu görməyib.
Daha sonra təqsirləndirilən Dəyanət Qüdrətovun anası və atası ifadə veriblər. Onlar əməliyyat zamanı polisə müqavimət göstərdiyi üçün zərərsizləşdirilən Ruhlan İsmayılovu tanıdıqlarını söyləyiblər.
Dəyanət Qüdrətovun atası Canəli Qüdrətov bildirib ki, oğlu əsgərlikdən gələndən sonra mühafizəçi işinə düzəlib: “Mən özüm oğlumu işə aparıb-gətirmişəm. Həmişə ona nəzarət etmişəm. Axşamlar evə gec gəlməsinə etiraz etməmişəm. Oğlumun polisə düzəlməsi üçün sənəd toplayırdıq. Həmin ərəfədə Ruhlan İsmayılovu da gördüm. O da işə düzəlmək istədiyini bildirdi, amma dispanserdə qeydiyyatı olduğu üçün sənədlərinin işə düzəlməsi üçün uyğun gəlmədiyini dedi”.
Canəli Qüdrətovun sözlərinə görə, hadisədən bir həftə əvvəl oğlu Dəyanət ona işlədiyi şirkətin Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım aparcağını deyib: “Oğlum həmin hümanitar yardım aparan karvanda mühafizəçi kimi gedəcəyini dedi. Ondan soruşdum ki, bəs yol pulu necə olacaq, cavab verdi ki, hər şeyi şirkət həll edir”.
Şahid qeyd edib ki, hadisədən bir neçə gün əvvəl oğlu Dəyanəti həmişə olduğu kimi işə səhər özü aparıb: “Oğlum mənə dedi ki, ata, mən bir az evə gec gələcəm. Evə nə səbəbə gec gələcəyini soruşdum. Dedi, dostları ilə çay içməyə gedəcək. Kimlə çay içəcəyini soruşdum. Bildirdi ki, onlardan biri əsgərlik yoldaşı, digər isə “Opel” sürən oğlandır. “Opel”in sürücüsü deyəndə onun rəhmətlik Ruhlan olduğunu bildim”.
Daha sonra təqsirləndirilən Babək İsgəndərovun vəkil bəzi sənədlər təqdim edib. Vəkil bildirib ki, həmin sənədlər təqsirləndirilən şəxsin Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlığa görə təltif və medalları ilə bağlı sənədlərdir.
Hakim həmin sənədləri cinayət işinin materiallarına əlavə etdiyini deyib.
Növbəti proses martın 6-da davam edəcək.
İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.