8 Aprel 11:01
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan iclasda Sümbülə Əliyeva və onun vəkili vəsatətlə çıxış ediblər.

Vəsatətdə Sümbülə Əliyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi istənilib. Sümbülə Əliyeva səhhəti ilə bağlı təcridxanada çətinlik çəkdiyini, bu səbəbdən yenidən ev dustaqlığına buraxılmasını xahiş edib: “Mən bilərəkdən məhkəmədən yayınmırdım. İstəyirdim ki, işimə düzgün baxsınlar. Sadəcə səhhətim imkan vermir. Hər dəfə məhkəməyə arayış göndərmişəm ki, xəstəyəm. İstintaqdan yayınmağın heç bir əhəmiyyəti yoxdur. İnanmırdızsa, ekspertiza keçirərdiz. Niyə məhkəmədən qaçım? Mən təcridxanada boğuluram. Xahiş edirəm, məni yenidən azadlığa buraxın, əks halda təcridxanadan meyitim çıxacaq”.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəmə istintaqının aparılmasına mane olduğunu, gizləndiyini xatırladaraq həbsdə qalmasının uyğun görüldüyünü deyib.

Hakimlər heyəti təqsirləndirilən şəxsin yenidən gizlənmə ehtimalını nəzərə alaraq vəsatəti təmin etməyiblər.

Bu qərardan Sümbülə Əliyeva narazı qalıb, hakimlərə etiraz edəcəyini deyib. Etiraz ərizəsini hazırlaması üçün ona aprelin 22-nə kimi vaxt verilib.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər