15 Oktyabr 14:08
3 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasında 1994-cü il təvəllüdlü Şamaxı rayon sakini Bəhruz tanışı Annaya (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bəhruz 12 aprel 2019-cu ildə gecə saat 01:00-da kirayədə yaşadığı binada qonşusu olan, əvvəllər tanıdığı Rusiya vətəndaşı, 1988-ci il təvəllüdlü Anna ilə cinsi əlaqədə olmaq və ona qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə onun yaşadığı mənzilə gəlib.

Anna ilə bir neçə saat ərzində spirtli içki qəbul etdikdən sonra saat 01:50-dən saat 06:00-dək olan müddətdə sərxoş halda Annayla təmas qurmağa cəhd edib. Anna onun bu istəyinə rədd cavabı verib. Bəhruz Annanı zorlamaq və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətlərini etmək qərarına gəlib.

Müqavimətini qırmaq məqsədi ilə yumruqlarla qadının sifət nahiyəsinə çoxsaylı zərbələr vurub.

Daha sonra baş nahiyəsini divara vurmaqla Annanın müqavimətini qıraraq cinsi tələbatını təmin etmək üçün ona zor tətbiq edib. Zorla Anna ilə cinsi əlaqədə olub, sonra mənzili tərk edib.

Bəhruz cinayəti törədəndən sonra Annanın hüquq-mühafizə orqanlarına şikayət edəcəyini düşünüb. Buna görə o, dərhal həmin ölkəni tərk edib və Azərbaycana gəlib.

İki ölkənin hüquq-mühafizə orqanları tərəfindən birgə həyata keçirilən tədbirlər zamanı Bəhruz 2023-cü ildə məsuliyyətə cəlb edilib.

İstintaq sənədlərinə görə, Bəhruz Rusiyadan qayıtdıqdan sonra ailəsin ona toy edib. Onun bu evlilikdən 2023-cü il təvəllüdlü övladı dünyaya gəlib.

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

“Cinsi əlaqədə oldu, sonra ağladı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2019-cu ilin fevral ayından Moskva şəhərində nömrəsini xatırlamadığı birotaqlı mənzildə kirayədə yaşayıb: “Alt mərtəbədə yaşayan Anna tez-tez mənzilinə səs-küy gəldiyini bildirirdiyindən söhbət zamanı onunla münasibətim yarandı. Bir gün işlədiyim yerdən xaçapuri alıb Annanın evinə gəldim. Onunla birlikdə içki içib söhbət etdik. Sonra özünün istəyi və razılığı ilə onunla cinsi əlaqədə oldum.

Anna içkili olduğundan onunla niyə cinsi əlaqədə olduğumu soruşdu. Buna əsəbiləşərək ağlamağa başladı və əl ataraq boynumu cırdı. Onu itələdikdə daha da qəzəbləndi. Ona yumruq-təpik vurdum. Üzünə vurmaq istəyəndə yüngülcə gözünə dəydi. Gözü şişdi, bir də qolundan tutduğum üçün şəkillərdə də göründüyü kimi qolunda izlər düşdü.

Annanın şikayət etdiyini və polislərin məni axtardığını eşidəndə qorxumdan gizləndim”.

“Mənə “artıq olan oldu” dedi”

Təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verən ünvandakı binada hadisə baş verən günə qədər 2 ay qalıb, rus dilində sərbəst danışır, başa düşə bilir:

“Təxmini 10 il Rusiyada yaşamışam, Azərbaycana gedib-gəlmişəm. Həmin binada yaşamağa başlayandan Annanı tanımışam, onunla münasibətin yaranıb. Ona öz adımı demişəm. Anna həmin mənzildə tək yaşayırdı. Mən isə bibim oğlu və dostlarımla qalırdım.

Dostlarımın iş vaxtı müxtəlif olduğundan evə gec saatlarda gəlir, Anna da onlara tez-tez narazlığını bildirirdi. Onun evinə bir neçə dəfə getmişəm. Məqsədim səs-küyə görə üzr istəmək olub. Lakin onu evdə tapmamışam.

Daha sonra üzr istəmək məqsədilə onun evinə gedəndə xaçapuri və içki apardım. Birlikdə içki içib söhbət etdik. Həmçinin telefon vasitəsilə də əlaqə saxlayırdıq. İkinci dəfə Annanın evinə gedərək içki içdik. Onun öz razılığı ilə cinsi əlaqədə olduq.

Annanı yumruq-təpiklə vurmamışam. Sadəcə əlimin arxasıyla gözünə vurmuşam, dartışma zamanı qolları göyərib. O, qışqırıb kimisə köməyə çağırmayıb.

Anna üstümə qışqıraraq ona qarşı niyə belə hərəkət etdiyini soruşdu. Mən birdən-birə onun dəyişməsinə təəcübləndim, dalaşandan sonra isə çıxıb getdim. Sonra Annadan niyə elə etdiyini soruşmaq üçün görüntülü zəng etdim. O da mənə “artıq olan oldu” dedi.

Həmin vaxt görüntüdən evdə polis əməkdaşı olduğunu gördüm və Annanın şikayət etdiyini başa düşdüm”.

“Səs-küy yaratmayacaqlarına söz verdilər”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Annanın sözlərinə görə, 2018-ci ildən qohumlarından Moskva şəhəri, Sosenskoye rayonu, Komunarka qəsəbəsi, Baçurinskaya küçəsində mənzili kirayəyə götürüb və orada yaşayıb:

“2019-cu il aprelin əvvəlində, dəqiq xatırlamadığım tarixdə, axşam işdən evə qayıtdıqda istirahət etmək istədim. Lakin yuxarı mərtəbədəki qonşuların yüksək səslə musiqiyə qulaq asaraq danışdıqları üçün yuxuya gedə bilmədim. Həyətə çıxdıqda səs-küy gələn dördüncü mərtəbədə mənzildə açıq pəncərədə iki kişinin dayanaraq siqaret çəkdiyini gördüm.

Onlardan musiqinin səsini azaltmağıarını xahiş etdim. Həmin şəxslər üzr istəyiblər, səs-küy yaratmayacaqlarına söz verdilər”.

“İçki içməyi təklif etdi”

Zərərçəkmiş qeyd edib ki, daha sonra mənzilinin yerləşdiyi mərtəbəyə qalxarkən, pilləkəndə əvvəllər tanımadığı 25-30 yaşlarında bir kişinin ona tərəf addımladığını görüb: “O, özünü Bəhruz kimi təqdim etdi, qonşum olduğunu, yuxarıdakı mənzildə dostları ilə kirayə qaldığını dedi. Yaratdıqları səs-küyə görə üzr istədi və hədiyyə kimi mənə şərab gətirəcəyini vəd etdi.

Növbəti gün, axşam saatlarında mənzilimin qapısı döyüldü. Giriş qapısını açdıqda Bəhruzun əlində bir şüşə şərabla dayandığını gördüm. Bəhruz mənzilimə daxil oldu və içki içməyi təklif etdi. Mən razılaşdım, bir qədəh şərab süzdüm və söhbət etməyə başladıq.

Bəhruz təxminən 6 ay əvvəl işə düzəlmək məqsədilə Moskvayaə gəldiyini, çörək sexində işlədiyini bildirdi. Söhbətlərimiz 10 dəqiqədən çox çəkmədi. Bəhruz bir qədəh şərab içdi, bundan sonra artıq gec olduğunu dedi və getdi”.

“Rəqs etməyi təklif etdi”

Annanın ifadəsinə görə, 12 aprel 2019-cu ildə saat 01:35-də işdən evə gəlib və yatmağa hazırlaşarkən qapısı döyülüb: “Qapını döyən şəxsin Bəhruz olduğunu bildim və qapını açdım. O, mənzilə daxil oldu, əlindəki çantadan bir şüşə konyak və enerji içkisi çıxardı. Biz konyak içib danışmağa başladıq.

Mən mobil telefonumun olduğu çarpayıya tərəf gedəndə Bəhruz arxa tərəfdən mənə yaxınlaşdı və rəqs etməyi təklif edərək məni qucaqlamağa başladı. Onu özümdən kənara itələdim. Buna baxmayaraq Bəhruz dayanmadı. Məni çarpayıya yıxdı, pijama şalvarımı çıxarmağa başladı. Qorxdum, qışqırmağa, ayaqlarım və əllərimlə onu itələməyə başladım.

Bəhruz sifətimə və başıma yumruqla vurdu. Başımı dəfələrlə divara çırpdı. Mübarizə zamanı şalvarını çıxartdı, mənimlə cinsi əlaqədə olmağa başladı. Var gücümlə ayaqlarımı sıxaraq onun hərəkətlərinə mane oldum. Lakin iradəmə zidd olaraq mənə qarşı seksual hərəkətlər etdi.

Özümü müdafiə zamanı Bəhruzun üzünü cırdım. Hərəkətlərini dayandırmağa xahiş etdim. Ağladım, köməyə adam çağırdım. Qışqırmamağım üçün Bəhruz ovucu ilə ağzımı bağladı, əlləri ilə boyun nahiyəmı sıxdı”.

Anna qeyd edib ki, Bəhruzun zərbələri güclü olduğundan bir neçə dəfə huşunu itirib: “Huşumu hansı müddətə itirdiyi bilmirəm. Sifətimə zərbələrdən özümə gəldim. Daha sonra saçımdan tutaraq çarpayıdan yerə dartdı. Mən dizlərim üstünə çökdüm. Bəhruz saçlarımı tutaraq yumruqlarla başımdan zərbələr endirdi. Mənə qarşı iyrənc seksual hərəkətlər etməyə başladı. Artıq ona müqavimət göstərə bilmədim.

Huşumu itirdiyimdən və çox qorxduğumdan bundan sonra nə baş verdiyini xatırlamamışam”.

“Məndən üzr istədi”

Annanın ifadəsinə görə, gündüz saat 12 radələrində yuxudan oyanarkən Bəhruzun mənzildə olmadığını, giriş qapısının bağlandığını görüb: “Dərhal polisə müraciət etdim.

Bəhruzun məni zorladıqdan sonra mənzilini hansı anda tərk etdiyini xatırlamıram. Növbəti gün, günorta saat 12 radələrində yuxudan oyanarkən mənzilə baxış keçirən zaman mübarizə əlamətlərini, yorğan örtüyündə, divanda qan ləkələrinin, mənzildə qarışıqlığın olduğunu gördüm.

Naməlum nömrədən mənə zəng gələndə danışan şəxsin Bəhruz olduğunu anladım. Söhbət zamanı baş verənlərə görə məndən üzr istədi, utandığını dedi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 4 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər