10 Oktyabr 16:02
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, bu gün çıxarılan qiyabi hökmdə Zərifə Abbasovaya 10 il 6 ay cəza kəsilib. Üzərində həbs olan evinin də müsadirə olunmasına qərar verilib.

Müsadirə olunan əmlakdan əldə olunan vəsait ziyanın ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, Zərifə Abbasova həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı azadlıqda olub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Zərifə Abbasova məhkəmənin çağırışlarına gəlməyib və iclaslarda iştirakdan yayınıb.

Bu il martın 14-dən məhkəmə iclaslarına gəlmədiyinə görə Zərifə Abbasova haqqında həbsli axtarış qərarı elan olunub.

Ötən dövrdə onunla bağlı axtarışlar nəticə verməyib, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxan hakim heyəti təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə iclasını davam etdirmək qərarı verib. Buna görə də məhkəmə onun barəsində qiyabi hökm çıxarıb,

İttihama görə, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə kimi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyib. O, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək məqsədilə nümayəndəliyin rəhbəri Peter Mixalkonun və digər şəxsin imzasını, həmçinin möhürünü əldə edib.

Zərifə Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.

2017-2022-ci illər ərzində o, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarmağa nail olub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Zərifə Abbasova ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, nümayəndəliyə məxsus 50 min manat vəsaiti mənimsəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər