İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin növbəti məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Fazil Qasımov ümumilikdə 16 vəsatət qaldırıb. Onun ilk vəsatəti cinayət işinə xitam verilməsi ilə bağlı olub.
Daha sonra Fazil Qasımov vəsatətdə göstərib ki, cinayət işini araşdıran müstəntiq Yusif Yusifov şəxsi həyatın pozulması ilə bağlı hərəkətlərə yol verib. Onun sözlərinə görə, müstəntiq Nərimanov rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə ailə sirrinin pozulması ilə nəticələnən faktlar səsləndirib. O, müstəntiqin ekspertizadan keçirilməsini istəyib.
Daha sonra Fazil Qasımov deyib ki, 7 avqust 2022-ci ildə Türkiyədən Azərbaycana gətirilib: "Amma Baş prokurorun müavini Elçin Məmmədov cavab verib ki, guya Heydər Əliyev adına hava limanında saxlanılmışam. Amma belə deyil. Bununla bağlı Heydər Əliyev adına hava limanına və Türkiyəyənin Azərbaycandakı səfirliyinə sorğu göndərilməsi istəyirəm".
Bundan başqa, o, cinayət işində olan 3 və 6 oktyabr 2023-cü il tarixli dindirilmə protokolların sübutlar siyahısından çıxarılmasını, onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan xarici pasportunun, eyni zamanda mobil telefonunun alınması, Qubad İbadoğlunun sonuncu dəfə Azərbaycana gələrkən çantasında pul olmasının müəyyən edilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu göndərilməsi, Qubad İbadoğlunun və onun vəkilləri - Şəhla Hümbətova və Zibeydə Sadıqovanın əlavə şahid qismində məhkəməyə çağırılması, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun şahid qismində dindirilməsi, müalicə müəssisəsində bərbər işləyən Samir Nəsibovun da əlavə şahid qismində dindirilməsini istəyib.
Dövlət ittihamçısı Fuad Musayev bildirib ki, hazırda məhkəmə istintaqı başlamayıb, heç bir araşdırma aparılmayıb. O, vəsatətlərin hazırkı mərhələdə təxirə salınmasını istəyib.
Yerində müşavirə edən məhkəmə Fazil Qasımovun 16 vəsatətindən cəmi bir vəsatətini təmin edib. Hakimlər deyiblər ki, təqsirləndirilən şəxsə cinayət işinin materialları ilə yenidən tanış olması üçün şərait yaradılacaq. Məhkəmə digər 15 vəsatətin baxılmasını isə təxirə salıb.
Növbəti proses oktyabrın 31-də davam edəcək.
Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu FETÖ ilə əlaqəli olmaqda ittiham olunub.
Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.