“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şirkətin maliyyə təchizat şöbəsinin müdiri Zaur Məlikaslanov ifadə verib.
Şahidin sözlərinə görə, tenderlə bağlı sənədləri təqdim edən şirkəti Çingiz Mehdiyev təklif edib. O bildirib ki, malların alınmasına şirkətin rəhbəri nəzarət edib: "Sifariş olunan mallar formalardan ibarət olub. Hamısı da xaricdən gəlib. Bütün malların gömrük bəyannaməsini görməmişəm. Amma təhvil-təslim sənədlərinə imza atmışam".
Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablandırıb. O bildirib ki, Çingiz Mehdiyevin təqdim etdiyi şirkəti araşdırmayıb və ona inanıb. Suallara cavab verən şahid qeyd edib ki, malların sifarişi ilə bağlı sənədlər onun özü tərəfindən imzalanıb, mallar sifariş edib.
Zaur Məlikaslanov qeyd edib ki, alınan mallar xüsusi mallar olub, həmin mallar Azərbaycanda istehsal olunmayıb. Onun sözlərinə görə, malların baha və keyfiyyətsiz olmasını bilməyib: "Mallar alınandan, təhvil-təslim olunandan sonra pulları ödənilib. Çingiz Mehdiyev malların alınmasında sərəncam verən şəxslərdən olub. Amma bizə əmr imzalayıb verən şəxs olmayıb. Malların alınmasını təklif edirdi. Malların markasını Çingiz Mehdiyev yox, federasiya göstərirdi, mallar da ona uyğun alınırdı. Maliyyənin alınmasına görə pulun ayrılmasına mən və departament şöbəsi imza atıb".
Şahid qeyd edib ki, onların fəaliyyətini Auditorlar Palatası, Hesablama Palatası və Vergilər Departamenti yoxlayıb. Onun sözlərinə görə, onlar hər il qənaət etməyə çalışıblar: "Malların qiymətlərini Çingiz Mehdiyev təqdim edirdi. Amma malların qiymətləri heç vaxt müzakirə olunmayıb".
Çingiz Mehdiyev şahidin ifadəsi ilə razı olmadığını deyib.
Növbəti proses 2025-ci ilin yanvarın 13-ə təyin olunub.
Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib.
İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.