Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin bugünkü toplantısında Gürcüstana sanksiyaların tətbiqi və vizasız rejimin məhdudlaşdırılması məsələləri müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasətinin ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gürcüstanda hazırda müşahidə edilən hadisələr namizəd ölkənin inkişaf edə biləcəyi istiqamətə uyğun gəlmir.
“Biz müxalifətə qarşı güc tətbiq edən şəxslərin siyahısını təqdim etmişik. Biz həmçinin vizasız rejimi və onun məhdudlaşdırılması yollarını da müzakirə edirik. Siyahını müzakirə edəcəyik, lakin sənəd hamı ilə razılaşdırılmalıdır. Hələ razılığa gəlinməyib”, - K.Kallas söyləyib.
Aİ-nin Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini dəstəkləyib-dəstəkləməyəcəyi barədə suala ali nümayəndə belə cavab verib:
“Prezident dekabrın 29-dək səlahiyyətlərini yerinə yetirəcək və həmin vaxta qədər çox şeylər baş verə bilər”.