Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məmmədov Aydın Gülməmməd oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub . Məhkəmənin hökmü ilə Aydın Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq yolu ilə müəyyən edilib ki, Aydın Məmmədov 12 avqust, 2014-cü ildə Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi ev 8, mənzil 41 ünvanında həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan durğuzaraq onu möhkəm döyüb, saçından yapışaraq yerdə sürüyüb, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qətlə yetirib.
Təqsirləndirilən şəxs qismində dindirilən Aydın Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Elnarə Məmmədova ilə 2007-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahdan iki övladları olduğunu göstərib. İfadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edən A.Məmmədov bu addımı atmasının səbəbini gördüyü yuxu ilə əlaqələndirib. A.Məmmədov ifadəsində yuxunun təsiri nəticəsində hətta bir dəfə arvadını möhkəm döydüyünü, bu səbəbdən də Elnarə küsərək bacısıgilə getdiyini və baş verənlərlə bağlı Pirallahı Rayon Polis Şöbəsinə şikayət etdiyini göstərib: “Polis bölməsində araşdırma aparıldı. Həmin vaxt Elnarənin ailə üzvlərinə də yuxuda gördüklərimi danışdım. Onlarsa mənə “ağlını başına yığ” deməklə kifayətləndilər. Hadisə baş verən gün evdə arvadımla məndən başqa heç kim yox idi. Axşam saatlarında Elnarə işdən evə gələndə mübahisəmiz düşdü. Mübahisə zamanı Elnarə artıq bezdiyini, təkbaşına evi dolandıra bilmədiyini deyib mənimlə mübahisə etməyə başladı. Ona yaxın günlərdə işləyəcəyimi deyib sakitləşdirməyə çalışdim. İçkinin təsiri getdikcə beynimi dumanlandırdı, Elnarənin dediyi sözləri xatırlamağa başladım. Sərxoş halda stolun üstündən bıçağı götürüb arvadım yatan otağa keçdim. Saçından yapışıb çarpayıdan yerə saldım və zərbələr endirməyə, boğmağa başladım. Elnarənin bədənindən qan axırdı, divara tuta-tuta qonaq otağına doğru gedirdi. Arxadan ona çatıb saçından tutub mətbəxə gətirdim. Yenidən bıçaq zərbələri vurdum. Artıq tərpənmirdi, hərəkətsiz dayanmışdı”.
Həyat yoldaşını qətlə yetirdikdən sonra A.Məmmədov özü də intihar etmək niyyətinə düşüb. Amma bu istəyini həyata keçirə bilməyib.
Hacı Zeynalov