Şəki Rayon Məhkəməsində 1991-ci il təvəllüdlü Orxan Abdullayev və 1969-cu il təvəllüdlü Nərminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Orxan Abdullayev anası Nərminə Abdullayeva ilə birlikdə 25 may 2014-cü il tarixdə Şəki rayonu Aydınbulaq Bələdiyyəsinə məxsus 1 sot torpaq sahəsini və əhalinin ümumi istifadəsində olan artezian quyusunun kənarlarını çəpərləyiblər.
İyunun 8-də səhər saat 07:00 radələrində bağçasını sulamaq üçün artezian quyusunun suyundan istifadə üçün xahişə gəlmiş Cahangir Həsənovu Orxan Abdullayev qarşılayıb. O, anası ilə birlikdə Cahangiri nalayiq söyüşlə söyüb, döyüb və ona xəsarət yetirib.
Orxan Abdullayev Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə, Nərminə Abdullayeva isə həmin məcəllənin 188-ci və 221.2.1-ci maddələri ilə ittiham ediliblər.
“Cahangir üstümə yeridi”
Hakim Cahid İmanovun sədrlik etdiyi prosesdə ifadə verən Orxan Abdullayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Onun sözlərinə görə, evlərinin kənarında artezian quyusu var: “Həmin arteziandan ətrafda yaşayan sakinlər də istifadə edir. Cahangir Həsənovun mal-qarası artezianın yanına hər dəfə su içməyə gələrkən bizim həyətyanı sahəyə keçib və həyətimizə ziyan vurulub. Bunun qarşısını almaq üçün artezianın kənarları çəpərlənib. Artezianın ətrafına çəpər 1991-ci ildə çəkilib. 25 may 2014-cü il tarixdə isə köhnə çəpərin üstünə çəpər vurmuşam. Çəpərləmə zamanı artezianın kökü çəpərin ortasına düşüb, amma quyudan çıxan su çölə axıb.
İyunun 8-də, səhər saat 07.00-da Cahangir əlində paya həyətyanı sahəmizə keçdi. Anam ondan həyətdən çıxmağı tələb etdi. Cahangir anama nalayiq sözlər dedi. Həmin gün evin çəpər qapısını açaraq “Vaz-21011" markalı avtomobilimi yola çıxardanda Cahangir məni gördü və üstümə gəldi. O, ”ananın ağzını yığ" deyə bildirdi.
Cahangirə dedim ki, çıx get işinlə məşğul ol, mən heç kimə dəymirəm, dəyəndə pis dəyirəm. Cahangir nalayiq sözlər işlətdi, sifətimə yumruq vurdu. Anam məni tutaraq bizi aralaşdırmaq istədi, bu zaman Cahangir anamı da vurdu. Bunu gördükdə yerdən daş götürdüm və onun sol böyrünə vurdum. Cahangir aralaşaraq kənarda mənə nalayiq sözlər dedi".
“Anam heç kimi vurmayıb”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Cahangir getmək istəyəndə onun həyat yoldaşı Rəhimə hadisə yerinə gəlib: “Rəhimə anamın saçını yolmağa başladı. Onları aralaşdırmaq istəyərkən Cahangir hər iki böyrümə təpik, sifətimə bir neçə yumruq vurdu. Həmin vaxt əmim Abdulla gələrək bizi aralaşdırdı. Cahangir isə arvadı ilə getdi. Dava-dalaş zamanı anam heç kimi vurmayıb, özüm isə bir dəfə daşla Cahangirin sol böyrünə vurmuşam.
Cahangir məni, mənədə Cahangiri söymüşəm. Hadisədən dərhal sonra səs-küyə Cahangirin qardaşı oğlu Sənan gəldi, nəyə görə dava-dalaş etdiyimizi və əmisinin hara getdiyini soruşdu. Həmin vaxtı Sənanın atası da kənarda durub oğlunu gözləyirdi. Hadisə vaxtı ətrafda 5-6 nəfər kənd adamı da olub. Lakin onlar məhkəmədə şahid qismində iştirak etmək istəmədiklərindən adlarını çəkmirəm".
“Nərminənin məni söydüyünü bildirdim”
Nərminə Abdullayeva da oğlunun ifadəsinə oxşar məzmunda danışıb. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş Cahangir Həsənov deyib ki, Orxanla Nərminənin bulağı çəpərlədiyini görüb, artezianın ətrafını çəpərləməməyi, torpaq sahəsinin bələdiyyəyə məxsusluğunu, artezian quyusunun isə ümumi istifadədə olduğunu bildirib: “Lakin Nərminə və Orxan sözümə məhəl qoymadılar. Sonda artezianın ətrafını çəpərləsələr də, suyu kəsməyəcəklərinə dair razılaşdıq.
İyunun 8-i bazar günü olduğundan evdə idim. Bağ sahəsində təsərrüfatı sulamaq istədim, suyun gəlmədiyini gördüm. Çəpərdən Orxanın həyətinə baxarkən Nərminənin artezianın suyunu öz tərəflərinə açdığını, kəndin ümumi istifadəsində olan hissəni isə bağladığını gördüm. Nərminədən suyu boş yerə axıtmamağı, suyu biz tərəfə buraxmağını xahiş etdim. O, mənim və ailəmin ünvanına nalayiq söyüşlər söydü və suyu açmağa icazə vermədi. Nərminəyə məhəl qoymadım, işimi davam etdirdim.
Bir saatdan sonra həmin məhəllədən çıxıb ata evimə getdim. Yolda Nərminənin oğlu Orxanla rastlaşdım. Ona anası Nərminənin məni söydüyünü bildirdim. Dedim, bir də belə şeyə yol verməsin. Lakin Orxan da məni kobud, nalayiq söyüşlərlə söyməyə başladı. Ondan söyüş söyməməyi tələb etdim. Qəfildən yerdən daş götürərək məni vurdu. Zərbə bərk olduğundan ağrıdan yerə oturdum. Bu azmış kimi, maşının arxasından dəmir ling götürərək kürəyimə vurdu".
Zərərçəkmişin sözlərinə görə, həmin vaxt səsə-küyə Nərminə də gəlib və dəmir lingi Orxanın əlindən alıb: “Nərminə lingi maşının yük yerinə qoydu, Orxana maşını içəri həyətə salmağı tapşırdı. Nərminə çəpərdən ağac parçası götürərək ayaqlarıma və qollarıma vurdu. Həmin vaxt Orxan da üzərimə gəldi. Böyrüm ağrıdığından müvazinətimi itirərək arxası üstə yerə yıxıldım, Orxan üstümə çıxaraq sinəmə və sifətimə yumruqla vurdu. Səs-küyə Orxanın əmisi Abdulla gəldi, Orxanı məndən araladı. Özümü pis hiss etdiyimdən Abdulla həyat yoldaşım Rəhiməni çağırdı”.
“Həm Orxandan, həm də anasından şikayətçiyəm”
Cahangir Həsənov bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub, həm Orxandan, həm də Nərminədən şikayət edib: “Orxana və Nərminəyə qarşı qanunsuz hərəkət etməmişəm. Onları vurmamışam, onlara nalayiq sözlər deməmişəm. Dava-dalaş zamanı həyat yoldaşım Rəhimə orada olmayıb. Rəhimə həmin yerə dava-dalaş başa çatdıqdan sonra Abdullanın çağırışına əsasən gəlib. Dava-dalaş isə Nərminə və Orxanın evinin qarşısında, kənd yolunda olub.
Orxanın və Nərminənin hadisə vaxtı nalayiq və ifadə olunmaz küçə söyüşlərini ətrafda yaşayan, oradan keçən kənd camaatı da eşidib. Lakin Orxan və Nərminənin şər və böhtanlarından qorxaraq şahidlik etmək istəmirlər. Bələdiyyəyə məxsus torpaq sahəsinin zəbt olunması ilə əlaqədar bələdiyyə sədri Bahadur bir neçə dəfə onlarla profilaktik söhbətlər aparıb, onlara torpaq sahəsinin kənarlarını açmaları təklif olunub.
Həmçinin əhalinin ümumi istifadəsində olan artezian quyusunun kənarlarını bağlayaraq sudan istifadəyə maneçilik yaratmaları ilə əlaqədar kənd sakinləri bələdiyyəyə kollektiv ərizə yazıblar. Bununla bağlı Nərminə və Orxanla yenidən söhbətlər aparılıb. Lakin heç bir nəticəsi olmayıb. Həm Orxandan, həm də anasından şikayətçiyəm".
Məhkəmənin hökmü ilə Orxan Abdullayev 3 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Nərminə Abdullayeva isə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Hacı Zeynalov