Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirli bilinən Denis Baxtiyevin apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Denis Baxtiyev saxlanılıb. Saxlanılan şəxsə məxsus əl çantası rentgen aparatından keçirilərkən həmin çantadan 2 ədəd “Медулак-WM” və 1 ədəd “Calcidi” markalanma yazılı flakonlarda təsiredici maddəsinin miqdarı 0,475 qram təşkil edən narkotik vasitə - metadon aşkar olunub.
Denis Baxtiyev Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilir.
Astara Rayon Məhkəməsinin hökmü ilə Denis Baxtiyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti verən Denis Baxtiyev Astara Rayon Məhkəməsinin hökmünü ləğv edilməsini və cinayət işinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsini xahiş edib.
Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Denis Baxtiyevin apelyasiya şikayəti təmin edilib. Astara Rayon Məhkəməsinin hökmü ləğv edilib və onun barəsində olan cinayət işinə yenidən baxılması üçün cinayət işinin materialları Astara Rayon Məhkəməsinə qaytarılıb.
Hacı Zeynalov