Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan Cavid Əsgərov, Fuad Əzizov və İlkin Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbiri nəticəsində 1 kiloqramdan çox heroin, tiryək və həşiş qatranı da qanunsuz dövriyyədən çıxarılıb.
Biləsuvar rayonunda anadan olmuş 30 yaşlı Fuad Əzizov şübhəli şəxs qismində saxlanılıb və onun üstündən 350 qram tiryək aşkarlanıb. Saxlanılan şəxs tiryəki narkotik maddə alveri ilə məşğul olan tanışı Cavid Əsgərovdan aldığını bildirib.
Əməliyyat axtarış tədbirlərini davam etdirən Baş İdarə əməkdaşları Cəlilabad rayonunda anadan olmuş 32 yaşlı Cavid Əsgərovu da yaxalayıb. Saxlanılan şəxsin evindən və həyətyanı sahəsindən ümumi çəkisi 1 kiloqramdan çox olan tiryək, heroin və həşiş qətranı, eləcə də narkotik maddə çəkmək üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi də aşkar edilərək götürülüb. İstintaq dövründə İlkin Mövsümov da həbs edilib.
Cavid Əsgərov narkotik maddələri həbsxanada tanış olduğu İran vətəndaşından aldığını və həyətyanı sahəsində qazaraq torpağa basdırdığını bildirib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 11-nə təyin edilib.
Hacı Zeynalov