Sumqayıt Apelyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Quba rayon sakini, 1970-ci il təvəllüdlü Vüqar Həbibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Vüqar Həbibov 6 may 2014-cü il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi “Unibank” KB ASC-nin Quba rayon filialına məxsus “Chevrolet Niva LC” markalı avtomobillə Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu Vladimirovka kəndi ərazisindən keçən 172-ci kilometrliyində İsmayıl Musayevin idarə etdiyi “VAZ-21063” markalı avtomaşınla toqquşub.
Nəticədə Vüqar Həbibov idarə etdiyi avtomaşında olan sərnişini Sahib Əzizov xəsarət alıb. O, vaxtında xəstəxanaya çatdırılıb və tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Həmçinin “Unibank” KB ASC-nin Quba filialına məxsus “Chevrolet Niva LC” markalı avtomaşına 1959 manat dəyərində, eləcə də İsmayıl Musayevə məxsus “VAZ-21063” markalı avtomaşına 2237 manat dəyərində maddi zərər dəyib.
İstintaq araşdırması zamanı müəyyən edilib ki, Vüqar Həbibov sürət həddini aşması nəticəsində yol qəzası törədilib. Buna görə də onun barəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirli bilinib. Quba Rayon Məhkəməsinin hökmü ilə Vüqar Həbibov 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilib, o, aylıq qazancının dövlət nəfinə 15 %-i məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Vüqar Həbibovun cəzasının ağırlaşdırılmasını istəyib. Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib. Qərara görə, Vüqar Həbibovun 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi ilə bağlı cəza 1 ilə qədər artırılıb. Hökm qalan hissədə dəyişdirilməyib.
Hacı Zeynalov