Məhkəmə toyda bacısının keçmiş ərini öldürən gəncin apelyasiya şikayətini təmin etmədi
Şəki Apelyasiya Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Gülağa Soltanovun cinayət işi üzrə proses başa çatıb.
İttihama görə, Kamil Mənsimov Gülağa Soltanovun bacısı Gülər Soltanova ilə 2014-cü ilin fevral ayından may ayına kimi qeyri-rəsmi nikah münasibətində yaşayıb və sonra ayrılıb. Gülağa birgə yaşadıqları müddətdə bacısını döyməsi, habelə rəsmi nikaha girməkdən imtina etməsi səbəbi ilə Kamil Mənsimovdan qisas almaq, onu öldürmək qərarına gəlib.
Toyda qətl
Bu məqsədlə o, 2014-cü ilin may ayının axırlarında Bakının “8-ci kilometr” adlanan bazarından qatlanma cib bıçağı alaraq İsmayıllı rayonunun Təzəkənd kəndindəki evində gizlədib. Gülağa niyyətini həyata keçirmək üçün əlverişli imkan yaranmasını gözləyib.
Nəhayət, o, niyyətini qətiləşdirib, evdən bıçağı götürərək toya gedib. Kamil Mənsimovu mağarın kənarına dəvət edərək bacısı Gülər Soltanova ilə rəsmi nikaha daxil olmaq istəməməsinin səbəbini soruşub. Ardınca borc aldığı 270 manat pulu qaytarmamasını bəhanə edərək cavab gözləmədən Kamil Məsimova çoxsaylı bıçaq zərbələri vurub.
Kamil zərbələrin təsirindən yerə oturaraq yarasını tutub. Gülağa oturmuş vəziyyətdə ona daha iki bıçaq zərbəsi endirib.
Kamilin öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb. Kənd sakinləri Kamil Mənsimovu İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Kamil xəstəxanada müalicə olunsa da, xəsarətlərdən sentyabrın 5-də ölüb.
Təkrar ekspertiza təyin edilmədi
Gülağa Soltanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan Gülağa Soltanovun vəkili Nəvaid Abbasov apelyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyib.
Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Gülağa Soltanovun cinayəti törədərkən anlaqlı olub-olmamasını müəyyən etmək üçün təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə vəsatət üzrə nəticə açıqlanıb. Ekspertiza Gülağa Soltanovun anlaqlı olması nəticəsinə gəlib.
Müdafiə tərəfi təkrar ekspertizanın keçirilməsini istəsə də, məhkəmə onların vəsatətini təmin etməyib.
“Müalicə almışam”
Məhkəmədə ifadə verən Gülağa Soltanov elan olunmuş ittihamda özünü təqsirli bilib. O deyib ki, İsmayıllı rayonunun Təzəkənd kəndində yaşayıb, fəhləliklə məşğul olub: “Uşaq vaxtından əsəb xəstəliyindən əziyyət çəkdiyimə görə müalicə almışam. Hadisədən təxminən bir həftə əvvəl iş taparaq fəhləlik etmək üçün Bakı şəhərinə getmişəm.
Bakıda olarkən anam Gülsarə ilə telefon danışığım zamanı qonşum Babək Nemətovun oğlunun toy mərasiminə dəvət olunduğumu öyrəndim.
Avqustun 26-da Bakıdan kəndə getdim. Həmin gün saat 16 radələrində toya 20 manat pul yazdırdım və mağardan çölə çıxdım. Bacım Gülər Soltanovadan ayrılan keçmiş yeznəm Kamil Mənsimovu həmkəndlim Telman Kərimovla birlikdə yanımdan keçərkən gördüm. Kamilin bacım Gülərə qarşı davranışları yadıma düşdüyündən əsəbiləşdim. Kamil Mənsimov 2014-cü ilin fevral ayında bacım Gülərlə tanış olaraq, həmin ilin may ayına kimi İsmayıllı şəhərində birlikdə yaşasa da, aralarında rəsmi nikah olmayıb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Kamil hər dəfə bəhanə gətirərək rəsmi nikahdan yayınıb: “Sonradan Kamillə Gülər yola getmədi. Bacımı da götürüb Bakı şəhərində fəhləlik etmişəm. Gülər isə gah satıcı, gah da qabyuyan işləməklə pul qazanırdı. Dəfələrlə Kamilə zəng edərək bacımı bədbəxt elədiyini, kənd camaatının yanında bizi biabır etdiyini demişəm. Gülərlə rəsmi nikah bağlamasını tələb etsəm də, Kamilin nikah bağlamaq fikri olmayıb. Birlikdə yaşadıqları müddətdə Kamilin Güləri döyməsi, bacımın həyatını məhv etməsi mənə pis təsir edib”.
“Borc aldığı pulu niyə qaytarmadğını soruşdum”
Gülağa Soltanov qeyd edib ki, Kamili öldürmək üçün 2014-cü ilin may ayının sonlarında bazarda tanımadığı satıcıdan cib bıçağı alıb: “Həmin bıçağı kəndə gətirərək yaşadığım evə qoydum. Avqustun 26-da, saat 16.30 radələrində toyxana mağarından çölə çıxdıqda Kamil Mənsimovu gördüm və ona heç nə demədən yaşadığım evə yollandım. Bıçağı götürüb toyxanaya qayıtdım.
Mağarın yanında dayandım, toyxananın içərisinə baxanda Kamilin qalxaraq musiqiçilərin yanına getmək istədiyini gördüm. Yaxınlaşıb onunla söhbət etmək istədiyimi bildirdim.
Kamilin qoluna girərək toyxananın arxasındakı Zərxara adında həmkəndlimin yaşadığı evin giriş qapısının qarşısına apardım. Orada Kamildən hansı səbəbdən bacımı bədbəxt etdiyini, əvvəllər məndən aldığı 270 manat məbləğdə pulu niyə qaytarmadığını soruşdum. Ancaq cavab gözləmədim və cibimdəki bıçağı çıxararaq onun qarın nahiyəsinə vurdum".
“Bıçaq Kamilin kürəyində sümüyə ilişdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Kamil Mənsimov qapının sol küncünə gedərək qarnından tutub: “Mən isə Kamilin ölməyəcəyini düşünərək bıçaqla onun kürək və bel nahiyəsindən daha iki dəfə vurdum. Bıçaq Kamilin kürəyində sümüyə ilişdi. Çətinliklə bıçağı onun kürəyindən çıxaran zaman sol əlimin çeçələ barmağını da kəsdi. Təkrar Kamili vurmaq istədim. O, toyxana istiqamətinə qaçdığından yenidən vura bilmədim. Həm də lazımınca bıçaq zərbəsi vurmuşdum. Buna görə aldığı xəsarətlərdən öləcəyini fikirləşdim.
Evə gedib hadisə barədə anam Gülsarə Soltanovaya danışdım. Daha sonra Daxili İşlər Nazirliyinin “102" xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Ancaq polis əməkdaşlarının kəndə gəlməsini gözləməyərək həmkəndlim Təşkilatın idarə etdiyi ”VAZ-2107" markalı avtomaşınla İsmayıllı şəhərinə getdim, polis şöbəsinin qarşısına gəldim. Sonra növbətçi hissəyə yaxınlaşaraq özümü təqdim etdim, törətdiyim hadisə barədə danışdım".
Anlaqlı, ya anlaqsız?
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Aidə Kərimova bildirib ki, avqustun 26-da saat 17 radələrində mobil telefonuna xatırlamadığı nömrədən zəng gəlib: “Zəng edən bacım oğlu Kamil Mənsimovun keçmiş arvadı Gülərin qardaşı Gülağa tərəfindən bıçaqlandığını deyərək, xəstəxanaya aparıldığını bildirdi. Sentyabrın 5-də Bakı şəhərində olarkən Kamilin aldığı bədən xəsarətlərindən İsmayıllı mərkəzi rayon xəstəxanasında öldüyünü eşitdim”.
O, ifadəsində bildirib ki, bacısı oğlu Kamil Mənsimov İsmayıllı rayon Təzəkənd kənd sakini Gülər Soltanova ilə 2014-cü ilin yanvar ayında molla kəbini əsasında ailə qurub: “Sonradan münasibətləri pisləşdiyindən ayrılıblar. Gülağa Soltanovun Kamil Mənsimovu bacısından ayrıldığına görə bıçaqladığını güman etmişəm”.
Gülağa Soltanovun vəkili Navaid Abbasov bildirib ki, məhkəmə-psixiatrik ekspertizasının 17 noyabr 2014-cü il tarixli 186 saylı rəyi ilə Gülağa Soltanov da yüngül kəmağıllılıq müəyyən edilib. Vəkilin sözlərinə görə, cinayət hadisəsini törədərkən onun əməlinin Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin deyil, həmin Məcəllənin 22.1-ci maddəsinin təsiri altına düşməsi nəticəsinə gəlinib: “Gülağa Soltanovun durumunu ekspert rəyi şübhə altına alıb, hadisə törədilərkən məhdud anlaqlı olmuşsa da, hadisədən sonra onun anlaqsız olması aşkar görünür”.
Vəkil Şəki Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2015-ci il tarixli hökmünün ləğvini, Gülağa Soltanovun əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunmasını istəyib.
Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.
Hacı Zeynalov