Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Əliş Abdullayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Bakı şəhər sakini, 45 yaşlı Əliş Abdullayev tanışı, 27 yaşlı Elməddin Əliyevi bıçaqlayıb.
Yaralı döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxayaya çatdırılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən Əliş Abdullayev saxlanılıb. Əliş Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliş Abdullayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əliş Abdullayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Əliş Abdullayevin apelyasiya şikayəti qismən təmin edilib və birinci məhkəmə instansiyasının hökmü dəyişdirilib.
Hakim kollegiyası Əliş Abdullayevi Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib və ona 1 il 6 ay cəza təyin edilib.
Hacı Zeynalov