1 Sentyabr 2015 18:59
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan həşiş və marixuana gətirən azərbaycanlılar törətditdikləri cinayəti etiraf etdilər

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməkdə ittiham olunan Arif Nəbiyev, Şahüseyn Hüseynov, İlkin Qənbərov, Vaqif Haqverdiyevin məhkəməsi başa çatıb. İttihama görə, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsi Arif Nəbiyevi 7 il 6 ay, Şahüseyn Hüseynovu 10 il 6 ay, İlkin Qənbərovu 9 il 6 ay, Vaqif Haqverdiyevi 7 il 6 ay azadlıqdan məhrum edib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilib və hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cinayət işi üzrə ifadə verən Arif Nəbiyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, İranda Əbülfəz adlı bir şəxslə tanış olub: "Bir müddət əvvəl Əbülfəz zəng vurub məni evinə dəvət etdi. O, İranda kimdəsə narkotik olduğunu və onu Azərbaycana keçirərək kiməsə çatdırmaq lazım olduğunu dedi. 3 oktyabr 2013-cü il tarixdə İranın Ərdəbil şəhərinə getdim. Əbülfəz məni tanımadığım bir evə apardı. Orada 4-5 nəfər şəxs vardı, sonra həmin evə Şahüseyn gəldi. Şahüseyni də Əbülfəz dəvət etmişdi.

Əbülfəz İrandan Azərbaycana keçirilən narkotiki Şahüseynlə birlikdə qəbul edərək onun dediyi adama çatdırmağı təklif etdi. Şahüseynlə birlikdə Əbülfəzin təklifi razılaşdım. Əbülfəz bu işin müqabilində mənə 3000 ABŞ dolları məbləğində pul verəcəyini söylədi. O, adımı yalandan Şahüseynə Murad kimi təqdim etdi".

"2 kisəni sərhəddən Azərbaycan tərəfə atdı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 18-də Ərdəbil şəhərinə gedib və orada Əbülfəzlə görüşüb: "Əbülfəz bir neçə gündən sonra narkotikin gələcəyini dedi. Noyabrın 15-də Əbülfəz zəng vuraraq Şahüseynlə görüşüb sərhədə getməyi tapşırdı. Şahüseynə zəng vurdum, onu Hamarqışlaq yolunda gözlədiyini bildirdim. O da "Vaz 21011" markalı avtomobil ilə gələrək məni götürdü, birlikdə Cəlilabadın İranla sərhəddə yerləşən kəndləri istiqamətində yola düşdük. Zəhmətabad kəndini Musalı kəndi istiqamətində keçdikdən sonra Şahüseynə maşını saxlamağı tapşırdım. Təxminən 500 metr piyada yol gedib, İranla sərhədə yaxınlaşdıq. Orada 2 və ya 3 nəfərin sərhədin İran tərəfində dayandığını gördüm. Həmin şəxslər içi narkotiklə dolu 2 kisəni sərhədin tikanlı məftillərinin üzərindən Azərbaycan tərəfə atdı. Şahüseynlə birlikdə cəld həmin kisələri götürüb maşına tərəf qaçdıq. Şahüseyn götürən kisənin çəkisi təxminən 8-10, mənim kisəmin çəkisi isə təxminən 2 kiloqram olardı".

"Tiryəki və qurudulmuş marixuananı yun kisələrdə gizlətdim"

Arif Nəbiyev qeyd edib ki, Cəlilabadda Diaqnostika Mərkəzinin yanında narkotik vasitələrin olduğu kisələri özü ilə götürüb və maşından düşüb: "Şahüseynə 5 manat benzin pulu verdim. Əbülfəz iki şəxsin gələrək kisələri götürəcəyini dedi. Əbülfəz çəkisi az olan kisəni açaraq orada iki bağlamada təxmini cəmi çəkisi 100 qram olan heroini, 500 qram olan tiryəki və 10 qram qurudulmuş marixuananı özümlə götürməyi və sonradan deyəcəyi şəxsə çatdırmağı tapşırdı.

Əbülfəzlə danışandan təxminən 10 dəqiqə sonra "CİP" markalı bir maşın gəldi və həmin kisələri maşından düşən şəxsin yanına atdım. Daha sonra qaçaraq evə tərəf getdim. Çatan kimi tiryəki və qurudulmuş marixuananı yun kisələrin içərisində gizlətdim. Heroini isə götürərək Əbülfəzin deyəcəyi adama çatdırmaq üçün evdən çıxdım. Gözləsəm də, Əbülfəz mənə zəng etmədi.

Əbülfəz sonradan zəng vurub məndə olan narkotiki Şahüseynə çatdırmağı tapşırdı. Evə qayıdarkən məni Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxladı, üstümdəki heroini, yaşadığım evdən isə tiryək və qurudulmuş marixuananı müsadirə etdilər. Saxlanılanda həmçinin mənə məxsus 1 qatlanan cib bıçağını aldılar.

Evimdən götürülmüş 500 qramdan artıq narkotik vasitə olan tiryək və üzərindəki 2 bağlamada olan 100 qram heroin də mənə məxsusdur. Lakin həmin narkotiki qaçaqmalçılıq yolu ilə İrandan keçirməmişəm. Törətdiyim cinayət əməlindən peşmanam".

"İlkin yolpulu kimi mənə 45 manat verib"

Şahüseyn Hüseynovun sözlərinə görə, oktyabrın 3-də İranın Ərdəbil şəhərinə gedib və orada iranlı Şəhriz onu qarşılayıb: "Şəhriz məni tanımadığım bir evə apardı, Arif də həmin evdə olub. Şəhrizin evində Arif Nəbiyevlə tanış olmuşam. İranlı Şəhruz məni yoldan çıxararaq göndərəcəyi narkotiki Ariflə birlikdə götürüb dediyi adama çatdırmağı tapşırdı.

Noyabrın 15-də Ariflə birlikdə Qaradağlı kəndinin yaxınlığında qaçaq yolla göndərilmiş iki kisə narkotik vasitəni Cəlilabad rayonunun Diaqnostika Mərkəzinin yanına gətirdik. Bu narkotiki iranlının tapşırığı ilə götürdüyümə görə özümü təqsirli bilirəm.

İlkin Qənbərovu bir müddət əvvəl tanımışam. İlkinin iranlı Camala 5000 ABŞ dolları borc verdiyini bilmişəm. İlkin Camaldan borcunu almaq üçün onunla görüşüb. Mən İlkinin pulunu gətirmək üçün İrana getmişəm, buna görə də İlkin yolpulu kimi mənə 45 manat verib. Mən Camalla İlkinə narkotik vasitə göndərməsi ilə bağlı danışıqlar aparmamışam".

Təqsirləndirilən şəxs qeyd edib ki, 23 yanvar 2014-cü il tarixdə evində axtarış aparılarkən aşkar olunmuş narkotik ona məxsus deyil: "Qulağım yaxşı eşitmədiyi üçün Vaqif Haqverdiyevin mobil telefon nömrəsini iranlı Camala vermişəm ki, nə lazım olsa Vaqifə desin, Vaqif Camalın dediklərini mənə çatdırsın. Camalın İlkin üçün narkotik vasitə göndərməsindən Vaqifin də məlumatı olmayıb".

Məhkəmə digər təqsirləndirilən şəxslərin ifadəsini dinləyib və cinayət işində olan sənədləri araşdırandan sonra qərar elan edib.


Şahüseyn Hüseynovun cəzası 9 il 6 aya, Arif Nəbiyevin cəzası 6 il 6 ay, İlkin Qənbərovun cəzası 8 il 6 aya endirilib. Digər təqsirləndirilən Vaqif Haqverdiyevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər