8 Sentyabr 2015 18:06
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və quldurluq cinayətləri törətməkdə təqsirli bilinən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev, Rəhim Səttarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib. Onlar Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Nəsibə Axundovanın imkanlı adam olmasını biliblər və onu öldürərək evini qarət etmək qərarına gəliblər.

Onlar 20 oktyabr 2012-ci il tarixdə qadının evinə basqın ediblər. Qadını qətlə yetirəndən sonar evdən 60 min manat və xeyli miqdarda qızıl oğurlayıblar. Şakir Orucov və Röyal Əhmədov daha sonra imkanlı adam olduqlarını hesab etdikləri Tahirə Əhmədovanın evinə basqın ediblər. Amma qadın evdə olmadığı üçün onu öldürə bilməyiblər. Evi axtararaq 6 min manat dəyərində qızıl oğurlayıblar. Onlar qızılı Türkiyəyə apararaq orada satıblar. Sonra əldə olunan pulu dəstə üzvləri arasında bölüşdürüblər.

Şakir Orucov və Röyal Əhmədov cinayətkar əməllərini davam etdirmək məqsədilə Bakı şəhərinə gəliblər. Onlar Bakıda Rəşad Tağıyev, Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.

Məhkəmə iclası sentyabrın 17-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər