11 Dekabr 2015 10:35
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam edir.

Teleqraf.com xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Ağcabədi Rayon Polis Şöbəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü Elvin Hatif oğlu Bünyatov həbs edilib. Elvin Bünyatov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham verilib. Məhkəmənin qərarı ilə barəsində həbs-qəti imkan tədbiri seçilib.

Bundan başqa, daha bir əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları keçirib. Əməliyyat tədbirləri nəticəsində 1982-ci il təvəllüdlü Seyfəddin Şirvanov tutulub.

Seyfəddin Şirvanova Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 220-ci (kütləvi iğtişaş), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham verilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib.

Daha bir əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən keçirilib. Keçirilən əməliyyat nəticəsində Nardaran qəsəbəsi, Abşeron küçəsində yaşayan 1957-ci il təvəllüdlü Əli İsmayıl oğlu Əliyev tutulub. Əvvəllər məhkumluq həyatı yaşayan Əli Əliyevdən 1 ədəd F-1 qumbarası, 1 ədəd alışdırıcısı, 3,95 qram narkotik vasitə hesab olunan “heroin” aşkar olunaraq götürülüb.

Qeyd edək ki, bu ilin noyabrın 26-da bir qrup silahlı şəxslə polis əməkdaşları arasında silahlı insident yaranıb. Silahlı qrupun üzvləri tərəfindən açılan atəş nəticəsində iki polis əməkdaşı həlak olub.
Əməliyyat zamanı silahlı qrupun 5 üzvü zərərsizləşdirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər