Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır qətl hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü İbrahim Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 8 ünvanını qarşısında baş verib. Həmin ünvanda 1985-ci il təvəllüdlü Elşən Şakir oğlu İsrafilov və onun qardaşı Elcan bıçaqlanıb.
Xəsarət alan hər iki qardaş bıçaq xəsarəti ilə 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Orada tibbi yardım göstərilsə də, Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
Cinayəti törədən 1991-ci il təvəllüdlü İbrahim Dadaşov Suraxanı Rayon Polis İdarəsinə gələrək təslim olub.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İbrahim Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov