26 May 2016 15:24
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qeyri-qanuni silahlı dəstələrin tərkibində döyüşməkdə ittiham olunan Elşən İsmayılov və Mirrahim Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elşən İsmayılov və Mirrahim Abdullayev bir qrup şəxslərlə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD-in) tərkibində vuruşublar.

Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə “Xəttab” ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər. Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməkliyi ilə qanunsuz olaraq Suriya ərizisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak ediblər, silahdan istifadə qaydalarını öyrəniblər.

Əvvəllər narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq həbs olunan Elşən İsmayılov cəza çəkdiyi dövrdə ibadətlə məşğul olmağa başlayıb, İslam dininin sələfi təriqətinə etiqad edib. Həbsdən buraxıldıqdan sonra internet vasitəsilə öyrənib ki, Suriyada Bəşər Əsədə qarşı hərbi əməliyyatlar aparan silahlı birləşmələr yaradılıb.

Əslən azərbaycanlı olan “Xəttab” ləqəbli Dəyanət Yadigarovun internetdəki çıxışlarını dinlədikdən sonra Suriyaya getməyi qərara alıb. “Xəttab” çıxışında Bəşər Əsədə qarşı mübarizə apardıqlarını, kafirlərə qarşı mübarizənin, cihadın vaxtının çatdığını deyib, hər kəsi Suriyaya dəvət edərək əlinə silah götürüb Bəşər Əsədə qarşı döyüşməyə çağırıb.

Həmin çağırışda “Xəttab” İstanbulda əlaqə nömrəsi də verib ki, istəyənlər əlaqə saxlasın, müxtəlif bələdçilər vasitəsilə onların Suriya ərazisinə keçirilməsinə kömək ediləcək: “Həmin çağırışlarda sonra qərara gəldim ki, Suriyaya gedib döyüşlərdə iştirak edim. Bu məqsədlə də tanışım Mirrahim Abdullayevlə birlikdə 2013-cü ilin iyun ayında əvvəl Gürcüstana, oradansa İstanbula gəldik. Mirrahim də mənim kimi internetdə “Xəttab”ın döyüşmək üçün çağırışlarını eşitmişdi. İstanbula çatıb Həsən adlı şəxsə zəng vurduq, Azərbaycandan gəldiyimizi dedik. O, bizə Hatay bölgəsinə gəlməyimizi tapşırdı. Mirrahimlə birgə avtobusla Hataya yola düşdük, Həsənlə görüşdük”.

Elşən İsmayılov ifadəsində Həsənin onları Türkiyə ərazisindən Suriyaya keçirdiyini və milliyyətcə ərəb olan iki nəfərə təhvil verdiyini göstərib. Həsən onları təhvil verdikdən sonra Türkiyəyə qayıdıb. Həmin ərəblərsə iki azərbaycanlını Suriyanın “Şeyx Süleyman” ərazisinə gətirib, orada yerləşən düşərgəyə apararaq “Usama” ləqəbli Vasif adlı azərbaycanlıya təhvil veriblər: “Vasif döyüşlərin birində həlak oldu. Biz “Xəttab”ın başçılıq etdiyi silahlı birləşməyə qoşulduq. Mənim dini ləqəbim “Abu Yusif”, Mirrahiminki isə “Abdulrahman” oldu. Orada Azərbaycandan gələn çoxlu döyüşçülər vardı. Biz hərbi təlimlərdə iştirak edirdik, müxtəlif silahlardan istifadə qaydalarını, döyüş taktikalarını öyrənirdik. Döyüş taktikasını, hərbi təlimləri “Xəttab”la yanaşı, “Abu Hamza” ləqəbli Eldəniz Eynullayev də keçirdi. Hərbi təlimləri və döyüş taktikalarını mənimsədikdən sonra 2013-cü ilin sonlarında döyüşlərdə iştirak etməyə başladım. Yaralıları minik maşını ilə döyüş bölgəsindən çıxarır, onlara ilkin tibbi yardım göstərirdim. 2013-cü ilin iyul ayınıdan 2014-cü ilin dekabr ayınadək döyüşlərdə iştirak etmişəm”.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elşən İsmayılov 15 il, Mirrahim Abdullayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər