Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı aktyoru, Fəxri Mədəniyyət işçisi Rəhim Rəhimov xeyli vaxtdır böyrək çatışmazlığı və xroniki qlomerulonefritin kəskinləşməsi xəstəliyindən əziyyət çəkir. Xəstəlik son vaxtlar daha da kəskinləşib, həkimlər təcili böyrək köçürülmə əməliyyatını vacib hesab edirlər.
Aktyorun sənət dostları Rəhim Rəhimovun adına Kapital bankda hesab açıb, hər kəsin imkan daxilində yardım etməsini rica ediblər.
Teleqraf.com Rəhim Rəhimovun hazırki vəziyyət ilə maraqlanıb.
-Rəhim bəy, öncə sizə Allah şəfa diləyirik. Vəziyyətiniz necədir?
-Təşəkkür edirəm. Gələn həftənin birinci günü analizlər verəcəm. Bununla qanda qanda kreotinin miqdarını artıb-artmadığı bilinəcək. Böyrəyin fəaliyyəti yoxlanılacaq. İndi də başqa bir həkimin yanına gəlmişəm, görək o nə deyəcək.
-Dostlarınız, həmkarlarınız sosial şəbəkədə tez-tez paylaşımlar edirlər. Müalicə üçün 40 min manata ehtiyac olduğu bildirilir. Məbləğin neçə faizi yığılıb?
-Mən axı pul söhbəti eləməmişəm. Sosial şəbəkədə, saytlarda yazılanları oxuyuram. Biri 40 min, biri 40 min dollar, biri 15 min manata ehtiyac olduğunu yazıb. Amma yenə deyirəm, mən 40 manat söhbəti də eləməmişəm, çünki bu elə məsələdir ki, hər gün pul xərclənir. Analizlərə 200 manat, sistemlərə 60-70 manat - mən heç vaxt bu məbləğləri hesablayıb dəqiq rəqəm deyə bilmərəm. Əməliyyat xərci müayinəylə birlikdə 15-17 min manat arasıdır. Bununla iş bitmir. Hələ başqa analizlər, başqa müayinələr də var.
O ki qaldı yığılan məbləğin həcminə... Bildiyim qədər, cüzi məbləğdir, hardasa 600-700 manat.
-Donorun tapılması ilə bağlı yeni xəbər varmı?
-Xeyr. Donor axtarışları davam edir. Qohumlarımın hamısı gedib yoxlanılır. Birində sarılıq, birində şəkər, digərinin böyrəyində problem olur, o birisinin qanı uyğun gəlmir... Axtarışlar, müayinələr davam edir, inşallah yaxşı bir nəticə alınar.
-Belə bir xəstəliyə tutulduğunuzu nə vaxt bildiniz?
-Üç ay bundan əvvəl. Biləndən sonra müalicəyə başladıq.
-Müalicəniz, müayinələriniz davam edir. Əmək qabiliyyəti anlamında özünüzü necə hiss edirsiniz?
-İndi çox halsızam, çox gəzə bilmirəm, ayaqlarım şişir. Müalicələrlə qanda kreotinin faiz göstəricilərinin azalmasının qarşısı alına bilir. Amma müalicə tam effekt vermir, çünki bu xəstəliyin müalicəsi yoxdur. Donor tapılmalıdır.
-Teatra gedə bilirsinizmi?
-Hərdən gedirəm. Xəstəliyimlə əlaqədar tamaşalarımı azaldıblar.
-Səhv etmirəmsə, televiziya layihələriniz də var.
-Bəli, var. Canlı efir layihəm bağlandı. Bir layihəm isə hələlik davam edir.
Nərmin Muradova