2 Avqust 2016 13:43
1 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xalq yazıçısı Mövlud Süleymanlının mərhum tərcüməçi Natiq Səfərova həsr etdiyi "Yaradana aid olan səmt" essesini təqdim edir:

Bütün yazılarımı demək olar ki, onun baxışları və düşüncəli üzü qarşısında yazmışam... Onun duyumu, anlayışı, səviyyəsi həmişə məni izləyib...

İndi də o cür yazıram. O, yenə öz kəskin baxışlarıyla gözümün qarşısındadı. Özü yoxdu, baxışları yaşayır, yaşayacaq da. Kədər qarışıq düşüncəli üzü yuxarıdan aşağı həmişə bizi seyr eləyəcək. Saxta istiqanlılığa, saxta milliliyə, yalançı vətənpərvərliyə, əslində istedadsız adamların dahilik iddialarına, Azərbaycan türkü olaraq, Azərbaycanı və Azərbaycan xalqını tanımayanlara, onun dilində danışsa da, o dilin ancaq üst qatını anlayanlara istehza, tənə, peşmançılıq dolu baxışları dikilmiş qalacaq. Natiq Səfərov səviyyəsi ümumi mənada bizim ucalığımızdadır, bizim inkişaf edib, gəlişib, özümüzü anlamağımızdadır. Bu səviyyə, bu baxış həmişə bizim üzərimizdə olacaq, onu tanıdıq, tanımadıq, istədik, istəmədik.

Bəzilərinə az görünsə də, Natiqin bu qısa ömürdə yaratdığı çox böyük, çox gərəkli işləri qaldı, mənasız söz yığımından ibarət cildlikləri yox. Natiqin tərcümə yaradıcılığından bir səhifə götürmək kifayətdir ki, Azərbaycan türkcəsinin gücünü hiss edəsən. Natiqin üz tutduğu müəlliflər də adi yazı-pozu adamlarından kəskinliklə seçilənlərdi, o əsərlər daha uzaq sabahlara- gələcəyə yazılan əsərlərdi.

Natiq Səfərov bir şəxsiyyət kimi də daha çox sonra anlaşılan adam idi, yəni, onu asanlıqla tanımaq, tez dərk etmək mümkün deyildi. Onun haqqında uzun müddət fikirləşməliydin. Özünü çox sadə və adi göstərsə də, qat-qat özünə yığılmış, təzadlarla dolu, ziddiyyətli adam idi. Natiqi ilk baxışdan da, son baxışdan da tanımaq mümkün deyildi... Bu onun iç dünyasının, düşüncə sınırlarının genişliyindən idi, ümumiyyətlə, yaranışı ifadə və idarə edən münasibətlərin kökünü anlamadığımdan, bir vəziyyətin-durumun yüz variantını- halını bilməyindən idi... Onun heç nəylə ağlını kəsdirmək, çoxlarımız kimi, adi şeylərlə ovundurmaq mümkün deyildi. Dost yanına qaçan olsa da, ömrü boyu tək-tənha idi. Darıxmaq hissinin əslində, zəiflik olduğunu bilə-bilə hər yerdə darıxırdı... Təbiətin bir parçası kimiydi, bir kərə görməklə unuda bilməzdin, istər qəmli olsun, istər şən, dumanlı-çiskinli balaca, sakit-dinc bir yamac kimi həmişə yol gözləyirdi. Hələ cavanlığından yaşanıb, işlənib, qocalmış, səsiylə ömrün bütün anları haqda heç vaxt eşitmədiyin sözləri, izahları, yozumları söyləyərdi...

Dostlarını gözləri yaşarıncaya qədər güldürərdi. İndi ona görə çoxları deyir ki, Natiq zarafatcıl, yumoru bilən, hiss edən adam idi. Çox da deyəcəklər hələ. Əslində, bizi əhatə edən hadisələrə-mühitə qarşı Natiqdə dahiyanə soyuqqanlıq, gendən baxmağı bacarmaq vardı. Gendən baxmağı bacardığına görə də bötövlükdə gedişatı- Varlığı xırdalığınacan görürdü, anlayırdı, bu da elə-belə deyildi, bu görmək onun içindən keçirdi. Özünü “yükünü təpəyə yığmış” kimi göstərməyi bu cür hər şeyi bilməyindən idi. Balaca canıyla boyu hər yerdən seçilirdi...

Çox istərdim ki, Natiq Səfərov haqqında Natiqin əslini tanıyanlar yazsın. Bu cür maraqlı adamlardan yazmaq istəyənlər çox olur. Çünki bu maraqdan onun özü də keçmək istəyir və istəyir ki, bu maraqlı insanın yanında öz obrazı da görünsün, ona görə də işini unudur, daha çox özündən yazır... Sonda da istədiyi ala bilmir, arada qalır yalnız özü.

İstedadlı dostumuz, rəhmətlik Vidadi Məmmovla bağlı yazıların demək olar ki, çoxu elə bu cür alındı, hamı daha çox özündən yazdı... Vidadi də üzdə görünən Vidadi deyildi, onun da qatları çox idi... Hazırcavab idi, insanın içini görən idi, onun da yanında darıxmazdın, gələrdin, danışardın, zəngin təəssüratla ayrılardın, amma o da adam güldürən, zarafatcıl deyildi, darıxmağını, təkliyini, dahiyanə həssaslığını o üslubda ifadə edirdi. Belə çıxır ki, onlar bizi güldürmürdü, biz özümüzü onlara güldürürdük.

Natiq Səfərov kimi Azərbaycanı və insanlarını gözəl tanıyan, onu daha çox yaradana aid səmtdən görüb-anlayan ikinci dostuma, tanışıma rast gəlmədim.

Natiqin xalqa, yurda baxışları çox qeyri-adi idi. Onun bu anlayışını yaradana aid olan səmtdən baxmaq kimi qiymətləndirirəm...

Hər adam öz xalqının oğlu olsa da, hər adam öz xalqını yaxşı tanımır. Qeyri-adi yaradıcılığı olan istedadlı, çalışqan, abrına qısılan, buna görə də əziyyətlər çəkən, Azərbaycan xalqını görmək üçün ilk öncə halal, səmimi və duru olmaq lazımdı. Gizlin deyil ki, rus-sovet məktəblərini bu xalqı dərindən tanımadan bitirdik. Amma çoxu bilmirdi ki, daha doğrusu, fərqində deyildilər ki, xalqın bətnindən qopub milli yaddaşda yaşayan ruh məktəbləri var, özümüzdən xəbərsiz iş görür, özümüzdən asılı olmadan bizə bilik verir, xalqa-millətə yaradana aid olan səmtdən baxmağı öyrədir. Və biz bu ruh məktəblərinin köməyilə öz doğma xalqımızın böyüklüyünü görüb, özümüz də böyüyürük.

Natiqin ucalığı və gücü burdaydı. Rus dilini gözəl bilirdi və bildirirdi. Yəni gözəl bildiyi rus dilini çoxundan fərqli olaraq, Azərbaycan dilindən keçirib, ifadə edirdi: ona görə də onun rus rus dilindən etdiyi tərcümə nəşr olunan kimi görünməyə başlayırdı... Əslində, Natiqin tərcümə yaradıcılığı saxta, yalançı tərcümələrin və tərcüməçiliyin artıb çoxalmasının qarşısını aldı. Və Natiq Səfərovun istedadı idi ki, xalqını yalnız yaradana aid olan yöndən görməyi bacarırdı...


Müəllif:

Oxşar xəbərlər