Teleqraf.com gənc şair Ruslan Dost Əliylə müsahibəni təqdim edir:
- Nə vaxtdan yazmağa başlamısınız?
- On səkkiz yaşımda yazdığım ilk şeir yadımdadı. Ondan o yana yadıma gəlmir.
- İndiyədək neçə kitabınız çıxıb?
- Elə bu yaxınlarda ilk kitabım işıq üzü gördü. (Bu gün “İmza günü” keçirəcəyik). Yeri gəlmişkən, bütün poeziyasevərlər, həvəsi olanlar dəvətlidir. Ünvan: Beynəlxalq Mətbuat Mərkəzi, 6-ci qat. Saat 17:00-da.
- Ədəbiyyata bir xobbi kimi, yoxsa bütün taleyinizi bağladığınız bir sənət kimi yanaşırsınız?
- Xobbi belədir ki, yalnız boş vaxtlarda yada düşür. Şeirsə bəzən elə başını qaşımağa vaxtın olmadığı vaxtlar, elə gözləmədiyin zamanlar gəlir ki, az qalırsan deyəsən ki, gəlməyə vaxtmı tapdın?
Digər tərəfdən şair yalnız şeirilə deyil, oturuşuyla-duruşuyla, yerişiylə-danışığıyla da şair olmalıdır. Yəni təkcə şeir yazdığı, dediyi anlarda deyil, bütün məqamlarda şair olduğu hiss olunmalıdır. Bir cümlə ilə desək: Şairlik həyat tərzidir. Vəssalam.
- Sizcə, bugünkü Azərbaycan şeirində ən çox nə çatışmır?
- Səmimiyyət...
- Azərbaycan ədəbiyyatından, dünya ədəbiyyatından kimləri oxuyursunuz?
- Əvvəllər daha çox mütaliə edirdim, son illər təhsilimlə bağlı bədii kitab oxumağa o qədər də vaxt ayıra bilmirəm. Boynuma alıram ki, hardasa özümdə də tənbəllik olub. Onu da deyim ki, dünya ədəbiyyatını az, hətta çox az oxumuşam. Bir də mən oxuyanda yaza bilmirəm.
- Sizcə, şairlər doğrudanmı dünyaya xüsusi bir missiya ilə gəlirlər?
- Məncə, şairin bir adı da haqq-ədalətdi. Cəmiyyət şairin simasında doğrunu görməlidir, ona inanmalıdır. Bu mənada bəli.
- AYB-nin üzvüsünüzmü?
- Bəli.
- “Yaradıcı adam heç bir təşkilatda təmsil olunmamalıdır” deyənlər də var…
- Razı deyiləm. Məsələn, mən AYB-nin və DGTYB-nin üzvüyəm. Bu təşkilatlara üzv olmağım yaradıcılığıma heç bir mənfi təsir göstərməyib. Əgər bir şairin hər hansı bir təşkilata üzv olması o şairin yaradıcılığını, həyatını çərçivəyə salmayacaqsa, o zaman niyə də olmasın.