Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ rayonundakı xalkolit və tunc dövrlərinə (eramızdan əvvəl 4-3-cü minilliklər) aid arxeoloji abidələrin tədqiqi ilə məşğul olan “Qədim Qəbələ” ekspedisiyası 2016-cı ilin yay mövsümündə tədqiqatları davam etdirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiyanın əsas tədqiqat obyekti əvvəlki illərdə olduğu kimi, bu il də Qəbələ Beynəlxalq Aeroportu ərazisindəki Leylatəpə arxeoloji mədəniyyətinə aid Qalayeri qədim yaşayış məskəni olub. Xalkolit dövrünə - eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına aid bu abidədə aparılan qazıntılar nəticəsində minlərlə maddi mədəniyyət qalıqları – gildən, daşdan, metaldan və sümükdən hazırlanmış əmək alətləri aşkar edilib. Müəyyən olub ki, Qalayerində müxtəlif tip saxsı qablar qədim Yaxın Şərq mədəniyyətlərində olduğu kimi dulus çarxında hazırlanıb. Abidədə, eyni zamanda, o dövr üçün istehsalda ən yüksək texnoloji üsul hesab olunan dulus çarxının hissələri də aşkar edilib.
Qalayerində qazıntıların ən böyük uğurlarından biri – mədəni təbəqənin altında, xam torpaqda qazılmış katakomba tipli qəbir abidəsinin aşkar edilməsidir. N.Müseyiblinin sözlərinə görə, abidənin ilk məskunlaşdığı dövrə, yəni 6 min əvvələ aid bu qəbir Qafqazda və Avropada katakomba tipli ən qədim qəbir abidəsidir.
Ekspedisiya rayonun Dizaxlı kəndində, kənd sakini Yasin Qəribovun məlumatı əsasında Qara çayın hündür sağ sahilində yerləşən erkən tunc dövrünə aid nekropolda 2014-cü ildə başladığı tədqiqat işlərini davam etdirib və iki nömrəli qəbri qazıblar. Qəbirdən dəfn edilmiş insan skeleti ilə yanaşı, metaldan və müxtəlif minerallardan hazırlanmış yüzdən artıq bəzək əşyaları, otuza yaxın saxsı qablar aşkar edilib.
Buradakı məzarlardan tapılan arxeoloji materiallar, onların digər abidələrdən olan tapıntılarla müqayisəli təhlili əsasında N.Müseyibli belə bir fikir irəli sürür ki, aşkar edilən artefaktlar Kür-Araz Mədəni Tarixi Birliyi çərçivəsində eramızdan əvvəl üçüncü minillikdə Şirvan, Quba-Xaçmaz bölgələrini, Cənubi Dağıstanı, xüsusilə də Dərbənd ətrafı əraziləri əhatə edən Şərqi Qafqaz mədəniyyətini və onun səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirməyə geniş imkan yaradıb.