1 Sentyabr 2016 11:59
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aydın yol” “Ən uğurlu filmlər” rubrikasında son illər Azərbaycanı dünyada uğurlu təmsil edən “Çölçü” haqqında söhbət açacaq. Xatırladaq ki, 2012-ci ildə lentə alınan film 12 beynəlxalq mükafata layiq görülüb və 5 qitədə nümayiş etdirilən yeganə Azərbaycan filmidir. “Çölçü”nün rejissoru Şamil Əliyev filmin istehsalat prosesindən tutmuş, qazandığı nailiyyətlərə qədər hər şey haqqında danışıb:

- Şamil müəllim, əvvəlcə filmin yaranma tarixçəsindən danışaq...

- “Çölçü”yə qədər Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə bir filmin ssenarisi üzərində işləyirdim. Sonra “Salnamə” studiyası ilə aramızda fikir ayrılığı yarandığı üçün işlər yarımçıq dayandırıldı. Ardınca nazirlik mənə “Çölçü” filminin ssenarisini təqdim etdi. Vidadi Həsənov Gürcüstanda ssenarist və rejissorlar üçün təşkil olunan treninqdə olarkən Hollivudun “Oskar” mükafatlı kino xadimlərinin məsləhəti ilə bu ssenarisini yazmışdı. Oxudum və ssenari məni tutdu.

Həmişə çalışmışam ki, ssenaridə hər hansı fikri əsas götürüm və filmi bu fikir ətrafında apara bilim. Bu çox vacib faktdı. Yəni konkret niyyətin olmalıdı. Bu olmasa, elə əvvəlcədən uğursuzluqla üzləşmiş kimisən. “Çölçü”nün ssenarisini də oxuyanda diqqətimi konkret fikir ətrafında cəmlədim və sonradan filmi çəkəndə əsas ideyanı, fikri sona qədər aparmağa çalışdım.

- Konkret olaraq hansı fikri nəzərdə tuturdunuz?

- Ssenaridə təbii ki, çoxşaxəlilik var idi. Biz də ana xətdən yayınmamaqdan ötrü müəyyən dəyişikliklər etdik və ssenarini əsas fikir ətrafında cəmləşdirdik. Sözsüz ki, “Çölçü”yə baxanda görürük ki, orada folklor motivləri əsasında məhəbbət dastanının təsviri ön plandadır. Filmin əvvəlində də qədim xalq oyunu olan “Kilimarası”nda danışılan nağılı film boyu inkişaf etdiririk. Amma yenə də əsas fikir bu deyildi. “Çölçü”dəki əsas ideya alt qatda gizlənib. Əsas ideya bu gün aşırı səviyyədə inkişaf edən, bəzi hallarda qarşısının alınması mümkün olmayan, sərhədləri məhv edən qloballaşmaya qarşı üsyan idi. Qloballaşmanın xalqa məxsus özgür mədəniyyətlə olan mübarizəsi filmin əsas mahiyyəti idi.

- Filmdə bir xalqın milli yaddaş sistemini ifrat qloballaşmaya qarşı qoyursunuz. Bu ideyanın tam doğrulması üçün aktyor seçimlərində nəyə diqqət etdiniz?

- Baş rollardan biri olan Ulu çölçü rolunda filmin ssenari müəllifi Vidadi Həsənov çəkilib. Mən ssenarini oxuyan kimi anladım ki, o, Ulu çölçü rolunda özünü görüb. Vidadi antropoloji baxımdan da rola uyğun gəlsə belə, mən onu bu rola dərhal təsdiq etmədim. Onunla ssenarinin hazırlanması müddətində bəzi fikir ayrılıqları yaşandı.

Fikirləşdim ki, bu amil film boyu bizim birgə çalışmamıza mane ola bilər. Amma bir gün özü gəldi dedi ki, Şamil sən demisən ki, kim sınaqlarda iştirak etmək istəyirsə, mən onu yoxlamağa hazıram. Mən də Ulu çölçünu oynamaq istəyirəm. Əslində, mən bunu gözləyirdim. Həm də istəyirdim öz şərtlərimi əvvəlcədən irəli sürüm ki, çəkiliş prosesində gələcəkdə aramızda yarana biləcək konfliktin qarşısını ala bilsin. Bütün aktyorlarla bir aya yaxın məşq etmişdik. Amma Vidadi ilə məşq etmədik. Gördüm ki, bu seçim operatorundan tutmuş, bütün çəkiliş qrupunun ürəyincədir. Növbəti gün səhər saat ondan günorta birəcən bir epizodun çəkilişi oldu. Mən Vidadiyə dedim ki, artıq sən get evə, istirahət et, filmin çəkilişlərinə hazırlaş. Çünki özümüz də Gürcüstana aktrisa üçün gedəcəkdik deyə, zamanımız məhdud idi. Bir də gördüm ki, Vidadi yenə gəlir. Onun gəlişinə etiraz etdim, dedim gələcəksən, onunla danışıb, bununla çay içəcəksən və bununla da öz yaradıcı enerjini zəiflədəcəksən. Ulu çölçü üçün isə xüsusi yaradıcı enerji lazımdı. Dedi, yox, mən başqa məqsəd üçün gəlmişəm. Bilmək istəyirəm ki, mən sınaqlarda niyə zəif oynadım. Onda xeyli güldüm, bu söz mənə ləzzət elədi. Bilirdim ki, o, sınaqda zəif oynayıb. Amma bunu özünün deməsi, kömək istəməsi, məni əmin etdi ki, biz birlikdə işləyə biləcəyik.

Cavan çölçü rolunda isə Dövlət Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğluna üstünlük verdik. Bəhruz özü də etiraf edir ki, bu film onun üçün bir mərhələ oldu.

Baş rollardan biri olan Qısasaçlı qadını oynamaq üçün aktrisanı - Salome Demurianı isə Gürcüstandan dəvət etdik.

- Ssenarini dəyişməyiniz filmin estetikasına, çölün poetikasına nə dərəcədə təsir etdi?

- Mənim çölçüm tamamilə başqa çölçüdü. Vidadi Həsənovun ssenarisində çölçü çölə sadiq, geyimi, bəzən davranışları ilə, antropoloji xüsusiyyəti ilə bunu əks etdirən bir obraz idi. Amma mənim çölçüm filmə baxanda görünür ki, necədi: o, bir növ çöldən o tərəfdəki sivilizasiyaya hazır olan bir insandı, baxmayaraq ki, çöldə böyüyüb. Mənim yaratmaq istədiyim konflikt də məhz bu çöllə onun əks tərəfində olan sivilizasiya arasında baş verir. Filmin əvvəlində Ulu çölçü nağıl danışan zaman qatar fit verərək bu səhnəni pozur. Burada qatar çölə ilk gələn sivilizasiya nişanəsidi. Aytmatovda da bu detal var. Bu gün qloballaşan sivilizasiya da milli-mədəni yaddaşın yuyulma dövrünü yaşayır. İnsanlar da biokütləyə çevrilir, xalqa məxsus olan özəlliklər həmin xalqın nümayəndəsinin yaddaşından silinir. Yəqin, diqqət etmisiz, filmin sonlarına yaxın çölçü kostyum geyinir və onun əyninə elə oturur ki, o kostyumda elə davranır ki, sanki çöldə hər zaman bu cür geyimdən istifadə edib. Bu isə onu göstərir ki, hətta çölün ortasında modern sivilizasiyadan təcrid olunan çölçü belə, artıq həmin həyata hazırdı. Mən o çölçünü köhnə-küləş geyimdə də göstərə bilərdim. Amma konflikti tam çatdırmaq üçün belə etdim. Filmimin əsas diqqətçəkən məqamı da bu olmalıdır. Mən filmin sonluğunu da dəyişdim. Tamaşaçıya bu konflikt ətrafında sərbəst mühakimə yürütmək imkanı verdim.

- Sonluq bir o qədərdə aydın, konkret deyil. Filmi nə üçün açıq saxladınız?

- Çöl, filmdə qloballaşmanın qurbanına çevrilmiş sivilizasiyadan kənarda qalan yeganə saf məkandı. Gəlin əvvələ diqqət edək: Ulu çölçü çölə niyə gəlmişdi? Dəmiryol xəttindən o tərəfə olan kirlənmiş sivilizasiyadan təmizlənmək üçün. Biz orada onun arvadının şəklini də göstəririk.

Hansı ki, Ulunun arvadı çölün - arxaik dünyanın saflığına dözə bilməyib qatara minərək şəhərə-sivilizasiyanın beşiyinə qayıtmışdı. Amma şəhərdə sərbəst bir aləmə mənsub olan gənc bir qız, həmin qatar səddini keçərək çölə gəlir. Çöl onu qəbul edir, obraz katarsisdən keçir. Şəhərdə əxlaqsız sayılan qız çölə uyğunlaşır. Bu onun geyim və davranışında da özünü göstərir. Amma cavan çölçüdə elə deyil. Onun bir fikri daim qatar yolundan o tərəfdədi. Sonluğu mən bilərəkdən tamaşaçı üçün açıq saxlamışam. Belə ki, maşınla üç insan gəlir və çölçüyə o qız haqqında reallığı deyir və onun ürəyinə xal düşür. Bu xal qızla çölçünün arasına sədd çəkir. Fikir verin, qız yenə də şəhərə - gəldiyi yerə qayıtmır. O, çölə üz tutur. Sal daşın yanına gələrək orada oturur. Dəvələrin saxlanc yerinin qapılarını qırıb qızın yanına getmələri və daşla birlikdə onun da ətrafında dövr etmələrinin kosmoqonik mənası var. Bu o deməkdir ki, qız artıq arxaik dünya tərəfindən qəbul olunub.

- Filmin çəkiliş prosesində hansı maraqlı hadisələr baş verdi?

- Filmin quruluşçu operatoru Rafiq Quliyevlə bəzi səhnələri çox düşünürdük. Goranboyda 50 dərəcəyə yaxın istidə dayanmadan işləyən kollektiv üçün də, bizim üçün də çox çətin idi. 50 dəvə ilə çəkiliş aparırdıq ki, bunun da öz çətinlikləri var. Filmdə çox kiçik bir epizod var: köşək anasına - Ağca dəvəyə yaxınlaşıb südlə qidalanmaq istəyir, amma Ağca onu yaxın buraxmır. Bu zaman Ulu əlində duz-çörəklə gəlib Ağca ilə üz-üzə durur və onunla söhbət edir. Bundan sonra dəvə kənara çəkilir və köşək də ona doğru qaçır. Ulunun sözlərindən sonra Ağca köşəyi özünə yaxın buraxır. Biz bu epizodun çəkilişini sonuncu günə saxlamışdıq. Düşünmüşdük ki, müəyyən montaj üsullarından istifadə edərək tamaşaçı üçün səhnəni canlandıra bilərik. Bunun üçün də bir neçə günlük zaman lazım idi.

Gərək köşəyi də üç gün ac saxlamalıydın ki, o asanlıqla südə gəlsin. Nə isə, səhnənin çəkilişinə başladıq. Ulu sözləri deyib qurtarandan sonra mən “Stop” demədim. Operator da mənə təəccüblə baxır ki, nə üçün çəkilişi saxlamıram. Rafiq müəllimə dedim ki, saxlama, çək. Elə bil hiss eləmişdim. Bir də gördüm, dəvə qəfil ayağa qalxdı və kənara çəkildi. Köşək də uzaqdan qaça-qaça gəlib ona yaxınlaşdı. Operatorla mən, bütün çəkiliş qrupumuz - hamımız heyrətləndik. Cəmi bir kadra həmin səhnəni çəkdik. Çəkiliş zamanı çox çətinliklər yaşandı. Amma çəkiliş qrupu sağ olsun, yorulmadan çalışdılar. Mən qəzetiniz vasitəsilə onlara təşəkkürümü bildirirəm.

- Filmdə baş rolun ifaçıları insanlardan çox dəvələrlə ünsiyyətdə olurlar.

- Çəkilişlərdən bir ay qabaq Vidadi Həsənov və Bəhruz Vaqifoğlunu uyğunlaşmaqdan ötrü çöl mühitinə göndərdik. Orada dəvəçilərlə birgə dəvələrə baxır, onları otarır, xalxala salırdılar. Yaxşıca öyrənmişdilər. Mən təbii ki, bir aktyorun Pantomima teatrından çıxıb birbaşa çəkilişə gəlib, orada dəvə otarmasını qəbul edə bilmərəm. Doğrudan da, Bəhruz çox şey öyrəndi. Düzdü, bir dəfə başına az qala hadisə gələcəkdi. Dəvəni idarə edən bir neçə komandalar var ki, onları deməklə dəvə ya gedir, ya da dayanır. O da dəvənin belinə minib səhv komanda vermişdi. Dəvə də şumluğa tərəf götürülmüşdü. Şumluqda sahəni suvaran xüsusi qurğu var idi ki, ona çatar-çatmaz dəvəçi atla gəlib dəvəni saxlamışdı. Əks halda, düz həmin qurğuya gedən dəvə aktyora faciə yaşadacaqdı. Gürcü aktrisası da işinə vurğunluqla yanaşdı. Onunla heç bir çətinliyimiz olmadı.

- Film 29 festivalda nümayiş etdirilib və 12 mükafat qazanıb. Xarici tamaşaçını maraqlandıran əsas özəllik hansı idi?

- “Çölçü” yeganə Azərbaycan filmidir ki, beş qitədə nümayiş olunub. Kino tariximizdə A kateqoriyalı festivalda nümayiş olunan iki filmimizdən biridir. O biri Vaqif Mustafayevin “Milli bomba” filmidir. “Çölçü” Qahirə Beynəlxalq Film Festivalında bu tarixi uğura imza atdı. “Ən yaxşı rejissor işinə görə” bir neçə dəfə mükafatlandırılıb. Bundan əlavə, “ən yaxşı ssenari işinə görə”, “ən yaxşı aktrisa” nominasiyalarında beynəlxalq mükafata layiq görülüb. Almaniyada keçirilən Heidelberq Beynəlxalq Film Festivalında alman tamaşaçıları məndən dəfələrlə soruşurdular ki, “Çölçü” bir də nə zaman nümayiş ediləcək. Hamısı yenidən baxmaq istəyirdi. Filmdə bir xalqın yaddaşı, milli özünüdərki, sivilizasiya ilə döyüşə bilmək bacarığı əks olunur deyə, Avropa insanı üçün də maraqlı gəlir.

- Bildiyimizə görə, film nüfuzlu “Oskar” mükafatına da təqdim edilmişdi.

- Filmin buradan “Oskar” mükafatının komissiyasına təqdim olunmasında əvvəlcə müəyyən problemlər yarandı. Amma sonda biz bunu edə bildik. Mükafatın qanuni şəkildə yaranan nümayəndəliyi “Çölçü”nü təqdim etdi. Film uzun siyahıya düşə bildi. Qeyd edim ki, uzun siyahıda 74 film olur. Bu o demək idi ki, “Çölçü” həmin il dünyada çəkilən 74 ən yaxşı filmdən biri kimi qəbul olunub.


Müəllif:

Oxşar xəbərlər