23 Oktyabr 2016 19:53
4 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Sovet rejimi qurulduqdan sonra ölkədə amansız şəkildə aparılan ateistləşdirmə prosesində ədəbiyyatdakı önəmli simaların yaradıcılığından da istifadə edildi. Sovet rejiminin üzərində dayandığı əsas yazıçı Mirzə Fətəli Axundzadə idi. Axundzadənin İslam əleyhinə yazdığı əsərlər, xüsusilə, “Kəmalüddövlə məktubları” yeni rejim üçün əvəzsiz tapıntı idi. Buna görə də Axundzadənin bu traktatı və digər əsərləri davamlı olaraq Sovet Azərbaycanında çap olundu.

Əlbəttə ki, bu işin müsbət tərəfləri çox oldu. Mirzə Fətəli Axundzadə kimi bir dahi xalqa tanıtdırıldı, “Şərqin Molyeri” namını qazanan mütəfəkkirimiz ən ucqarda yaşayan kənd sakinləri tərəfindən də oxunuldu. Bu nüfuza Axundzadə nə öz sağlığında, nə də ki ölümündən sonra çata bilmişdi. Deyə bilərik ki, Sovetlər Axundzadəyə yenidən ruh verdilər.

Axundzadə şəxsiyyəti bu gün da müzakirə edilir, bəziləri onu əsərlərinin mətnindən dolayı qınayır, bəziləri isə onu Azərbaycan maarifçiliyinin, yeni ədəbiyyatın, fəlsəfənin əsasını qoyduğu üçün dəstəkləyir.
Biz ikincilərdənik. Düşünürük ki, Mirzə Fətəli Axundzadə Azərbaycanda sənətin bir çox sahəsində modernləşmənin əsasını qoyub və Azərbaycanın Qərb dünyasına inteqrasiya olunmasının vacibliyini ilk dəfə o dərk edib. Üstəlik o bu dərki ibtidai mərhələdən – yəni əlifba islahatından başlamağı da anlayıb və o dövrün şərtləri altında İstanbula qədər gedib çıxıb.

Bu baxımdan Mirzə Fətəli Axundzadə haqqında Azərbaycan Cümhuriyyətinin əsas qurucularından Məhəmmədəmin Rəsulzadənin fikirləri çox maraqlıdır.

Qeyd edək ki, mühacirlər Sovet rejiminin Mirzə Fətəlini daha çox ateistləşdirmə təbliğatlarına alət etdiklərini düşünürdülər. Məsələn, “Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri” adlı əsər yazmış mühacirlərdən Əbdülvahab Yurdsevər yazırdı: “...Əgər Mirzə Fətəli Sovet dönəmində yaşasaydı, o da Firudin Köçərli, Hüseyn Cavid, Əhməd Cavad və digərləri kimi ya güllələnəcək, ya da Sibirdə çürüdüləcəkdi. Mirzə Fətəli kommunizm əqidəsinə, milli əsarət politikasına və fərdin basqı altına alınması sisteminə tamamən yad və şiddətli müxalif idi. Lakin Mirzə Fətəli nisbətən uzaq bir keçmişdə yaşamış və yazmış olduğuna görə kommunist idarəçilər onun müqəddəs ismini çirkin məqsəd və əməlləri uğrunda istismar edirlər”.

Rəsulzadənin təqdim etdiyimiz məqaləsində də bu kimi fikirlər öz əksini tapıb.

Beləliklə, Rəsulzadənin “Mirzə Fətəli Axundzadə” adlı məqaləsini dilimizə uyğunlaşdıraraq təqdim edirik.

Dilqəm ƏHMƏD

***
Bundan 77 il öncə, 28 fevral 1878-də Mirzə Fətəli Axundzadə vəfat edib.

Axundzadə Azərbaycan ədəbiyyatında azad düşünmə tərzinin ən böyük nümayəndəsidir.
Bu günə qədər də Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş komediyalarında və fəlsəfi-publisistik əsərlərində Mirzə Fətəli müsəlman dünyasının ictimai və siyasi, bütün həyat sahələrində radikal islahata lüzum olduğunu müdafiə edirdi.

Hərarətli bir vətənsevər kimi Mirzənin qəlbi məmləkətin geriliyinə üzülürdü. Dünya mədəniyyətini bir tam olaraq qəbul edən o, müsəlman millətlərin çağdaş Qərbi Avropa tərəqqi karvanına qatılmasının yollarını axtarırdı.
Hürriyyət fikri, insanlığın şərəf və heysiyyəti, düşünmə sərbəstliyi və hər cür istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığının əsas motivini təşkil edirdi.

Bu azadlıqları məhv və təhdid edən siyasi, ictimai və dini hər cür qurumlar onun böyük məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca tənqid edilirdi. O, 18-ci əsrin Qərbinin aydınladıcı fikirlərinin şərqdəki təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşüncənin hürriyyət və sərbəstliyini müdafiə edən Mirzə Fətəli qadın-kişi, hər iki cinsin həyatın hər sahəsində bərabər hüquqlara malik olmasını istəyirdi. Kişilər də, qadınlar da onun anlayışına görə, eyni dərəcədə oxuyub-yazmalı, eyni təhsili almalıdırlar. Elm yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da ölçülü ədalət qanunları ilə mülayimləşməsini bütün hərarətiylə tələb edirdi. Fəlsəfi-publisistik əsərlərindən, məşhur “Kəmalüddövlənin Cəlalüddövlə ilə məktublaşmalarının bir yerində eynilə bunları oxuyuruq:

“... Əslində, məsələ millətimizin dinsiz və Allahsız olmasında deyil. İstənilən şey yalnız indiki dövrün və mədəniyyətin icablarını nəzərdə tutaraq islamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə bərabər olmaları əsasına dayanmalı, siyasi müəssisələrin tədbirli bir şəkildə islahı surətiylə şərq istibdadı dəyişdirilməli, müsəlman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil verən bir dövlət rejimi qurulmalıdır”.

Belə bir rejimin həyata keçirilməsi üçün Mirzə Fətəli xüsusi bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərfləri ilə dəyişdirilməsi yolu ilə yazımızın islahı yolunda təşəbbüs göstərib; İstanbula gedib, Tehrana müraciət edib.
Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə bənzərsiz və rəqibsiz olan bolşeviklər talançılara xas bir həyasızlıqla Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər.

Hansı baxımdan təhlil edilir-edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini liberalizmi “burjua hürriyyətçiliyi” kimi bayağılaşdıran bolşeviklərə dost bir insan kimi göstərmək hədsizliyi ancaq azad fikrin və qələm sahiblərinin qafalarını partladan, mətbuatı inhisar altında saxlayan kommunist diktatorluğunda təsəvvür edilə bilər.

Mirzə Fətəli “Şərq istibdadı”nın yumşadılmasını istəyirdi. Halbuki, bolşeviklərin qurduğu diktatorluq rejimi ən geniş fantaziyaları belə kölgədə qoyan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə bir bənzərsiz bir zülm və mütləqiyyət rejimidir.

Mirzə Fətəli Qərbi Avropa mədəniyyətini idealizə edirdi. Sovetlər isə burjua adı verdikləri bu mədəniyyətə arxalarını çevirib, ona amansız bir hərb elan ediblər.

Avrupa mədəniyyətinə qoşulmaq niyyəti ilə Azərbaycan və Türkiyə latın hərflərinin tətbiqinə başladıqları bir vaxtda, Sovet Azərbaycanı və onunla birlikdə Sovet İttifaqındakı bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqi ilə rus əlifbasına keçdilər. Bu hal əsla nə Axundzadənin xəyalına gələrdi, nə də onun avropalılaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin apardıqları kültür siyasəti ilə tam bir ahəng təşkil edər ki, indiki halda bu siyasət “Sovet nasionalizmi” adı altında formulə edilən bir sistem şəklinə çevrilməkdədir. Rus millətinə “böyük qardaş” rolunu ayıran bu sistemdə gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət “irticaçı bir kosmopolitizm” töhməti ilə lənətlənməkdədir.

Kommunizmin ana fikri olaraq qəbul edilən allahsızlıqdan bəhs edərkən, bolşeviklər daha çox Mirzə Fətəlinin adını çəkirlər. Onun ateistliyindən bəhs edərlər. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli yuxarıda söylədiyimiz kimi Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmirdi. Onun mücadilə apardığı şey iman və düşüncəyə müsəlləd olan sxolastik təfəkkür tərzi idi. Bu cür düşünmə tərzi indi bütün mahiyyəti ilə Sovetlərdə hakimdir. O Sovetlərdə ki, kommunizm xaricində heç kimə fərqli bir dünyagörüşünə sahib olmaq haqqı verilmir. Sovetlər dövlətinin dəstəklədiyi rəsmi əqidə bütün Sovet vətəndaşları, daha doğrusu, bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya məhbəs, ya da əsir düşərgələridir.

Əziz azərbaycanlılar, bir daha təkrar edirik: Bolşevik agentlərinin, sovet ədəbiyyatçı və dırnaqarası tənqidçilərinin nəqarətlərinə əsla inanmayın! Söz azadlığının, mətbuat sərbəstliyinin , inanc, din və düşüncə istiqlalının , liberal dövlət üsul-idarəsinin böyük mücahidi; formaca, məzmunca da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın kökdən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinanın təmsilçiləri olan bolşeviklərə dost olması qətiyyən təsəvvür edilə bilməz!

“Azərbaycan” jurnalı, 1955, yanvar-fevral sayı.
İlk dəfə Münhendə “Qurtuluş radiosu”nda yayımlanıb.


Müəllif:

Oxşar xəbərlər