6 Noyabr 2016 10:48
4 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış ədəbiyyatşünas İradə Musayeva ilə müsahibəni təqdim edir:

- İradə xanım, uzun illərdir ədəbiyyatşünaslıq sahəsində çalışırsınız, elmlə məşğulsunuz, amma mətbuatda mütəmadi görünməyə sanki bir az gec başladınız. Yoxsa biz sizi gec görmüşük?

- Yox, əlbəttə, düzgün müşahidədir. Baxmayaraq ki, II kursdan “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmağa başlamışam, 90-cı illərdən etibarən “Azərbaycan”, “Ulduz” və başqa qəzet-jurnallarda məqalələrim çıxıb, 2001-ci ildə Aydın Məmmmədov adına tənqid mükafatını da həmin fəaliyyətə görə almışdım. Sonralar tədris sahəsində fəaliyyət göstərdiyim üçün imkanım olmayıb mütəmadi yazmağa. 8 il dekan, 4 il isə tədris işləri üzrə prorektor vəzifəsində çalışmışam. Özü də çox məsuliyyətlə, cani-dildən.

Həmin illərdə ədəbiyyat proqramları, tədris-metodik vəsaitlər, Boloniya əsasnaməsi və s. bu kimi tədris nümunələri yazmışam, tərtib etmişəm. Bu illərdə də ədəbi prosesi izləmişəm və məqalələrim, kitabım işıq üzü görüb.

- Səmimi deyim ki, son yazılarınızda sərgilədiyiniz mövqe bizi təəccübləndirir. Dərslikləri tənqid edirsiniz, ədəbiyyatşünaslıqdakı ətaləti, beyətçiliyi silkələmək, hərəkətə gətirmək istəyirsiniz. Biz indiyə kimi başqa cür görmüşdük. Sizin statusda, sizin yaşıdınız olan adamlar həmişə ədəbi generalların şəninə “nəğmələr” oxuyublar. Hərdən adama elə gəlir ki, bu yazıları yazmaq üçün uzun illər düşünüb-daşınıb, bir çox şeyləri gözə almısınız...

- Mövqeyim heç dəyişmədi, məncə... II kursda çap olunan məqaləmdə hansı prinsipiallıq vardısa, indi də o mövqeyi davam etdirməkdəyəm. Məsələn, o illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında çap olunan məqalələrimin adına baxanda fikrimin dəqiqliyinə şübhə etmirəm: “Ədəbiyyat giley-güzardan yaranmır”, “Daha nələri itirdik”, “Ədəbi gileylər” və s. Mənim mövqeyimə sadiqliyim yaxşıdır, amma pis odur ki, sanki yaxşıya doğru heç nə dəyişmir. Və dəyişmədiyi üçün də yazıların rəngi təbii olaraq bir az da tündləşir. Bilirsiniz, adam təkcə instikti ilə yox, həm də düşüncəsi və ruhu, qəlbi, iradəsi, vicdanı ilə yaşamalı olanda həyat qəlizləşir, tənqid ruhlu çıxışları da təbii olaraq çoxalır, artır, azılarına da sirayət edir yaşadıqların, gördüklərin, duyduqların...

Dərsliklərin vəziyyətini, ədəbiyyatşünaslığın daşlaşmış problemlərini bu sahəyə aid olan adamların hamısı bilir, görür. Sadəcə ucadan demək istəyən azdır və ya yoxdur. Guya dosta-yoldaşa, həmkara sədaqət nümayiş etdirirlər. Minlərlə tələbəni kor qoyan dərsliklərə etiraz etmirlər. Amma bu adamlardan birinin bircə məqaləsini həmin dərslik müəllifi tənqid etsə, qələm yox, az qala qılıncla cavab verərlər. Deməli, şəxsi, subyektiv mənafe və iddia ictimaidən, millidən, ümumidən daha üstün hesab edilir bu məmləkətdə. Mən ziyalılarımızdan çox şey umuram və düşünürəm ki, onların özlərinə aid sahələrdəki biganəliyi, buqələmunluğu, liberallığı onların şəxsi problemi hesab edilməməlidir. Ziyalılıq xüsusi bir statusdur ki, cəmiyyətin qaranlığa qərq olmuş düşüncəsinin səbəbkarlarını mühakimə edəndə “cinayət” ziyalıların boynunda qalır. Bu gün insanlar çox kiçik qəhrəmanlıqların ümidinə qalıb. Adicə bir istedadsızı da tənqid etmək, ya müdirə iclasda etirazda bulunmaq, sanki “igidlik” kimi dəyərləndirilir. Mən ədəbiyyat və təhsil adamıyam. Mənim mücadiləm daha çox bu sahələrə aiddir. Ona görə sizin dediyiniz tənqidlər də bu aspektlidir. Və düşünmürəm ki, hünər göstərirəm, sadəcə dərk etdiyimi ifadə edəndə səmimi olmağa çalışıram. Bir də yeri düşüb, deyim. Bu illərdə bircə məsələyə xüsusilə təəccüblənmişəm. Mən təqdir ya tənqid etdiyim müəlliflərdən 10-dan 9-nu şəxsən tanımamışam, hətta həyatda belə görməmişəm. Amma bəzən “qərəz”, “qəsdlə yazılmış yazı” və bu kimi böhtanlar da eşitmişəm, təəccüblənməmişəm. Amma kimsə deyəndə ki, “İradə xanım, qorxmursunuz, filankəsin romanını ya tərcümə qüsurlarını tənqid edirsiniz?” – Bax o zaman çox təəccüblənmişəm. Yarızarafat-yarıciddi demişəm ki, “qoy məhkəməyə versin məni ki, onun cümləsinin qrammatik cəhətdən yanlışlığını göstərmişəm və ya obrazlarını, süjetini, mətnini tənqid etmişəm...” Gülüncdür bu cür yanaşma. Bu cür təfəkkürlə böyük yaradıcılıq haqqında xəyala dalmaq belə mümkün deyil.

- Müstəqil düşüncəli yazarların yaradıcılığı barədə esselərinizi, onların yazılarını səxavətlə təhlil etməyinizi başa düşürük, bunun konkret bir fəlsəfəsi var. Ədəbiyyatımızın gələcək yönünü hansı istiqamətdə görmək istəyirsinizsə, o istiqaməti qabardırsız. Ancaq birdən elə müəllif barədə yazınızı görürük ki, nə gizlədim, bir az anlaşılmaz, bir az sərt desək, xaric səslənir. Məsələn, Qulu Ağsəs...

- Mən öz inancıma görə, ədəbiyyata dəxli olmayan adam haqqında məqalə yazmamışam. Yəni təqdir mənasında. Qulu Ağsəs isə həm fərdi poetik yaradıcılıq aspektində ədəbiyyata, həm də ədəbiyyatı təbliğ işinə fayda verən adamdır. Az və ya çox yazması işin başqa tərəfidir. Əgər biz bu barədəki söhbətimizdə doğrudan da həqiqət axtarırıqsa, Siz mənim həmin məqaləmdəki təhlilləri və şeir nümunələrini ortaya qoyun, hansı şeirin müsbət qiymətə layiq olmadığını sübut edin...

- Mən sizi ilk dəfə Natiq Səfərovun tərcümələri barədə tənqidinizdən tanımışdım. İndiki tərcümə kitablarını oxuyursunuzmu, başqaları ancaq tərif yazır, sizdən xahiş edirəm ki, siz də son dövrlər ən çox bəyənmədiyiniz tərcüməni deyəsiniz?

- Həyatımızın bütün sahələrində olduğu kimi, elmdə, incəsənətdə də çoxlu miflər, bütlər yaratmışıq. Ümumiyyətlə, bizim bəlalarımızdan biri də odur ki, hansısa sahədə fundamental bir iş görə bilməyəndə əlüstü həmin mövqeyə aid bir büt yapır, bir heykəl ucaldırıq. Və zənn edirik ki, boşluğu doldurduq, dairəni qapatdıq. Yanıldıqca yanılırıq. Özümüzü aldatmaqla məşğuluq. Akademik, professor dediyimiz adamların bir çoxunun kitablarını oxuyursan, əlin üzündə qalır, məddahlar qaraya ağ deyə-deyə yalan aşılamaqla məşğul olur və həmin adamları da özlərini də, onlara inanan, güvənən oxucuları da aldatmaqla məşğul olurlar.

Tərcümə sahəsində də boşluğun böyüklüyündən heyrətləndikcə yapdığımız bütlərin ölçüsünü də böyütmüşük. Natiq Səfərov şəxsiyyətinə hörmət hissimi saxlayaraq onun tərcümələri ilə bağlı qüsurlardan yazmışdım. Daha sonra digər tərcüməçilərdən. Bizdə tərcümə tənqidi yoxdur, əslində bu vacibdir. “Əfsanəvi tərcüməçi” mifini dağıtmaq istəyim əlbəttə qərəz yox, ədəbiyyata hörmət hissi ilə yozulmalıdır. Bu mifi dağıtmasan, insanlar doğrudan da bütün anlaşılmaz, ağılkəsməz tərcümə mətnlərini normal iş kimi qəbul edər. Əslində mən tərcümə problemləri ilə bağlı 5-6 məqalə yazmışam, bu isə çox azdır. Çünki tərcümə dərdimizin miqyası daha böyükdür. Həm nəzəriyyədə, həm də praktikada. Son dövrdə oxuduğum kitablardakı tərcümə müəlliflərinin hamısını yadımda saxlamamışam, amma bu dəfə mənfi yox, müsbət mənada ad çəkmək istəyilə oxuduğum kitablardan aldığım təəssürata əsasən deyə bilərəm ki, V.Quliyev, K.Nəzirli, V.Hacıyev, M.Məhəmmədinin tərcümələri təqdirəlayiqdir. Rus dilinə tərcümədə isə gənc bir xanımın – Püstə Axundsoyun adını çəkə bilərəm.

- Ümumiyyətlə, tərcümə işini necə peşəkar müstəviyə qaldırmaq olar, bunun üçün nə lazımdır?

- Bununla bağlı “Ədəbiyyat qəzeti” dəyərli mütəxəssislərin iştirakı ilə (V.Hacıyev. K.Nəzərli, İ.Əlfi, S.Hüseynov və başqaları) çox yaxşı müzakirə təşkil etmişdi. Orda ciddi məsələlərə toxunuldu və müəyyən addımlar atılması üçün çıxış yolları da göstərildi. Məlum oldu ki, redaktor problemi, daha doğrusu, redaktorsuzluq məsələsi var. Belə kitabların 99 faizində adlar mexaniki yazılır kitaba. “Redaktor”ların heç tərcümədən xəbəri olmur. Tərcümə tənqidi yoxdur, dünya ədəbiyyatının tərcüməsində “ özfəaliyyət” diletantlığı ilə yanaşma artıq bu sahəni cənginə alıb və s. Doğrudur. Tərcümə Mərkəzi yaradıldı və orada peşəkarlar çalışır. Amma mənzərə göstərir ki, bu qədər tərcümə tələbatı müqabilində həmin mərkəz məhdud dairədir. Dövlətin nəzarətində, maddi dəstək və elmi-nəzəri yanaşma fundamentallığı konsepsiya şəklində reallaşmalıdır.

- İndiyə kimi tənqid etdiyiniz yazarların içində ən sərt və ən mülayim reaksiyanı kim göstərib, kimlər hədə-qorxu dilində danışıb, kimlər heç nə olmamış kimi davranıb?

- Mən o reaksiyaları ciddiyə almadığım üçün çoxunun fikrini unutmuşam. Lakin istisna reaksiyalar var ki, yaddaşımda ilişib qalıb. Məsələn, biri müsahibə verir və sözarası guya məni tanımadığını, hətta bu adda tənqidçi olduğunu belə eşitmədiyini deyir. Məlum olur ki, bu adam müsahibəni məhz elə həmin, guya o hikmətli, ironik mesajını (“Mən o xanımı tanımıram, tənqidçidir?”) çatdırmaq üçün verib. Və ya başqa birisi kitabı haqqındakı tənqidi cümlələrimi vərəqə yazıb qoyub cibinə, kim nədən sual versə bu sitatları oxuyub məni “yada salır” (Əslində isə özünü bu tənqidlə reklam edir, az qala...) Bu yaxınlarda isə lap maraqlı bir reaksiya oldu. Gənc bir yazar məqaləm çıxan gün sosial şəbəkədə uzun-uzadı giley-güzarlı cümlələrin sonunda yazdı ki, “İradə xanım sizin haqqınızda dörd nəfər ciddi adamdan, ədəbiyyatçıdan soruşdum, tanımadı”. Mən də elə ürəyimdəcə ürəkdən güldüm və yazdım ki “Lap yaxşı, deməli narahatlığa ciddi əsas yoxdur. Ciddi ədəbiyyatçıların tanımadığı adamın məqaləsinə görə narahat olmağa dəyməz”. Deyəsən. ağlına batdı...

- Son dönəmlər Akademik Milli Dram Teatrında baş verənlər mətbuatın gündəmindən düşmür. Gənc bir aktyorun başına gətirilənlər, Fuad Poladovun istefası... Bizdə sənətə qarşı bu münasibətin kökündə nə dayanır, sizcə? Bəlkə, onlar özlərinə hörmət qoydurmağı bacarmırlar?..

-Elə bir zamanda yaşayırıq ki, artıq fərdləri, şəxsləri və cəmiyyəti belə qınamaq, suçlamaq olmur. Ən qorxulu situasiya yaranıb: günahkar yoxdur! Rüşvət prosesində belə günahkar bilinmir. İnsanların haqqı tapdanır, şəxsiyyəti alçaldılır, günahkar yoxdur, adam ölür, yenə günahkar yoxdur. Fuad Poladov istedadlı aktyor və şəxsiyyətini qoruyan, ciddi, səbrli adamdır. Görün iş hara çatdı ki, dözmədi. Bax biz mətbuatın bu hadisə ilə bağlı bütün xəbərlərinin içərisində bircə suala cavab axtarmalıydıq əslində: Fuad Poladov “dözümsüzlüyü” illərdir şüuraltında yığılıb qalan hansı haqsızlıqlara, ədalətsizliklərə, vicdansızlıqlara qarşı yetişən həlledici qərar, aqressiyalı reaksiya idi? Və o öz məbədindən – illərdir çalışdığı doğma teatrından imtina ilə bir gözəgörünməz intihara imza atmış oldu. Bütün bunlar çox kədərlidir. Biz balaca cəmiyyətik, baş verənlərin səsi və sızıltısı hər kəsə çatacaq qədər balaca...

Mövlud Mövlud

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər