10 Noyabr 2016 16:48
4 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış jurnalist, Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu ilə müsahibəni təqdim edir.

– Qabil müəllim, cəmiyyətdə sizə çox hörmət edirlər, fikir vermişəm. Bu hörməti qazanmaq üçün çoxmu əziyyət çəkmisiniz? Ümumiyyətlə, sanballı bir kişi kimi qəbul olunmağın yolları haralardan keçir?

– Əvvəla, sənə də, mənim haqqımda yaxşı fikirdə olan, hörmət edən, sevən dostlara da təşəkkür edirəm. Düzü, özüm haqqında bu cür ifadələrlə danışmaq istəməzdim, amma belə düşünülürsə buna sadəcə sevinə bilərəm.

Saydığın dəyərləri qazanmaqda ailəmin çox böyük payı var. İkincisi, yəqin ki, gənclik illərindən seçdiyimiz yolun, oxuduğum kitabların da təsiri danılmazdır. Mənim də aşağıdan yuxarı baxdığım insanlar var. Ancaq bu o demək deyil ki, filankəs doğrudan da kimdənsə yüksəkdədir. Bunlar hamısı nisbi qiymətləndirmələrdir. Üçüncü cəhət mənim şəxsi xarakterimlə bağlıdır. Yaxınlarım, məni şəxsən tanıyanlar tez-tez deyirlər ki, sən 25 yaşında da indiki kimi idin. Bunlar üstünlük hesab olunursa nə gözəl, üstünlük deyilsə də olanımız budur. Belə görmüşəm, belə də götürmüşəm...

– Çox təmkinlisiniz, rahatsınız... Bu təmkini sizə verən nədir? Niyə bu qədər rahatsınız?

– Məşhur bir deyim var: gözləntilərinizi minimuma endirib maksimum dərəcədə xoşbəxt ola bilərsiniz. Mənim də maksimal gözləntilərim yoxdur, can atdığım şeylərə əlim çatır. Və çalışıram ki, heç vaxt qazandığımdan artıq qurban verməyim. Kiçik şeylərlə rahat olmağa çalışıram və bunu bacarıram. Özümdə tərbiyə elədiyim ən böyük hiss budur.

Rahatlığın bir səbəbi də, görünür, əqli cəhətlə bağlıdır. Yaşımın çılğın, gənclik vaxtlarında mənim də gözləntilərim və narahatlıqlarım olub. İndi gənclərdə eyni xarakteri görüb gülümsünürəm. Bilirəm ki, bu, dövrdür və bir müddət sonra keçib gedəcək.

– Sizcə, əlinizdə olan şeylərə layiqsinizmi?

– İnsan ancaq layiq olduğu şeylərə nail olur. Təbii ki, bunun sosial tərəflər də var. Yəni cəmiyyət səni dəyərləndirməyə qadirdirmi, qadir deyilmi? Hansısa qurum sənə qiymət verirmi, vermirmi? Bunlar çox kiçik məsələlərdir. Mən daha çox özümlə hesablaşmaqdan danışıram. Və bütün hesabatlarımda sənin dediyim kimi çox rahatam.

– Bildiyimə görə, ateistsiniz. Allahın varlığına niyə inanmırsınız?

– İnanmaq istəyərəm, çünki insanam, canımı rahat qoyacağım bir yer axtarıram. Amma çoxlu sayda suallarım cavabsız qalır. Bir şeyi bəribaşdan qeyd edim: bütün vicdanımla deyirəm ki, hər kəsin heysiyyətinə, inancına hörmət edirəm. Çünki bu, hər kəsin fiziki sərhədlərindən kənara çıxmayan bir seçimidir. Bir yazımda da yazmışdım ki, mənim həyat şüarım bilməkdir, inanmaq deyil. İnanmaqla bilmək arasında bilməyi seçirəm.

– Qarşınıza çıxan və sizi narahat edən sualların bir neçəsini deyə bilərsinizmi?

– Ümumiyyətlə, mən özünü təftiş etməyən, təftişdən, sorğulamadan yayınan sistemləri, təlimləri ciddi qəbul etmirəm. Ehkam – insan şüurunun sıfıra endirilməsinə, yalnız texniki obyektə çevrilməsinə xidmət edən bir anlayışdır. Bu, mənim bütövlükdə dini təlimlərə münasibətim.

Başqa tərəfdən, Quranı bir neçə dəfə oxumuşam, məzmunu ilə bağlı, tarixilik baxımından, xeyli suallar var ki, dinlərin tarixini və kitablarını oxuyan hər bir rasional düşüncəli şəxs bu sualları aydın görür. Amma onu da deyim ki, dini mövzularda hər fürsətdə, yeri oldu-olmadı sual verib çılğın və qeyri-elmi mübahisələr açmağı da elə dinin xurafatı qədər bəsit və zərərli sayıram. Bu müsahibə, zənnimcə, dini diskussiya yeri deyil, o səbəbdən vaxtımızı itirməyək.

– Səhv eləmirəmsə, son yazınızın üstündən iki il keçir, elə?

– Bəli...

– Niyə yazmırsınız?

– Yazmaq məşq məsələsidir. İdarəçilik prosesində isə o məşq unudulur. Yazı, qələm topluma, cəmiyyət şüuruna bağlı bir şeydir. Yəni əsas odur ki, cəmiyyət bunu qəbul edəcəkmi? Axı yazı cəmiyyətə hesablanmış bir prosesdir. Cəmiyyət də doğru anlamayıb qəbul etməyəndə təbii ki, qələm küsür. Oxucularıma dediyim sözlərin sonundakı böyük bir sual işarəsini gördüm və bu suala cavabı axtaranda mən də oxucularımın tərəfə keçdim. Sualllarımın cavabını isə köşə yazarı Qabil Abbasoğludan soruşmağa başladım.

– Cavab da yoxdur.

– Bəli, bu sualların cavabı olmur.

– Əvvəllər siyasi publisistika ilə məşğul olmusunuz...

– Elədir.

– Bəs sonra nə oldu?

– Siyasi publisistika siyasi konyukturdan qidalanır. Bu isə dəyişkən bir anlayışdır. Siyasi konyuktur dəyişəndə cəmiyyətin yazan və oxuyan qisminin onu qəbul etməsi dəyişimə uyğun olmalıdır. Biz bunu tutdura bilmədik. Bu cəmiyyət dəyişikliyin xarakterini və gətirdiyi yenilikləri, fərqlilikləri tuta bilmədi. Buna görə də nə mən izah edə bildim ki, işlərin axırı niyə bu cür oldu, nə də oxucu suala cavab tapa bildi. Hər şey ala-yarımçıq qaldı.

– Daha yazmayacaqsınızmı?

– Bunlar mən yazmayacam anlamına gəlmir. Məni tərpədən mövzularda, məsələn, “Uçan ələm” yazım, balalara müraciətlə bağlı sonuncu “Ən böyük cihad” yazım vardı. Məni içəridən titrədən yeni mövzu olsa təbii ki, yazacam. Amma öhdəlik, plan hesab edərək və hər cari mövzuda yazmaq fikrim və imkanım yoxdur.

– Siz ixtisaca jurnalistsiniz?

– Xeyr. İxtisasım mühəndislikdir. Kənd təsərrüfatı institutunu qırmızı diplomla bitirmişəm. Kənd təsərrüfatı institutunu seçməyim isə o sahəyə marağımdan irəli gəlməmişdi, məni yaxından tanıyanlar bilir. Tarix-hüquq sahəsinə hazırlaşan biri ay yarım ərzində sənədləri cırıb-atır və bu ixtisasa qəbul olur. Amma ixtisasım üzrə bir gün belə işləməmişəm.

– Bəs necə oldu ki, mühəndis yox, jurnalist kimi tanındınız, qəbul olundunuz?

– Üçüncü kursda oxuyurduq, Milli Azadlıq hərəkatı başlamışdı. Biz də təbii ki, tələbə hərəkatına qatıldıq. Özümdə yazmaq bacarığını hiss edirdim. Orta məktəb vaxtlarında hamı kimi mən də şeirlər cızma-qara edirdim. Amma tələbəlikdə anladım ki, mən şair deyiləm və olmayacam da.

Hərəkat başlayanda onu oluşduran iki qüvvə, iki nüvə vardı. Birincisi, fiziki güc mərkəzi idi, ikincisi isə intellektual güc mərkəzi. Hərəkat məni yaradıcı güc mərkəzinə doğru dartdı. Və bu canatmanın içərisində Gəncədə Rauf Arifoğlu ilə tanış olduq. O zamanlar “Yeni Müsavat”ın qeyri-leqal çıxan vaxtları idi. 1990-cı il, mart ayında qəzetin dördüncü nömrəsi çıxandan biz artıq Rauf bəylə birlikdə idik. Birlikdə deyəndə ki, kömək lazım olanda yetişirdik, orda-burda xəbər hazırlayıb göndərirdim.

İlk yazılarım da beləcə həmin “Yeni Müsavat”da getdi. Bunu müsahibələrdə də demişəm, səhv etmirəmsə, ilk yazımdan 25 manat qonorar almışdım. Yazının həm maddi, həm də mənəvi dadı məni özünə bağladı.

– Maraqlıdır, hansısa partiyanın üzvüsünüzmü?

– Yox, heç vaxt heç bir partiyanın üzvü olmamışam.

– Nə üçün?

– Bilmirəm, bəlkə də bu şəxsi xarakterdən irəli gələn bir şeydir. Dostlarım imzamın ən populyar, tanınan vaxtlarında deyirdilər ki, niyə partiya üzvü olmursan? Cavab verirdim ki, partiya məsuliyyəti sanki mənim əl-ayağıma dolaşacaq. Nəyisə daha rahat ifadə etməyimə, hərəkətlərimə mane olacaq.

Mən bir az cəmiyyət miqyasında düşünməyə çalışan adamam. Müəyyən bir yerdən sonra isə bu bölgülər aradan qalxır və mən öz cəmiyyətimi olduğu kimi qəbul edirəm. Qüsurlarını da, uğurları da. Cəmiyyətə özümün də aid olduğum böyük bir orqanizm kimi baxıram.

Bilmirəm, yanlış, ya doğrudur, mən siyasi mənsubiyyətə zamanı keçmiş bir şey kimi baxıram. Azərbaycanı ideologiya prinsiplərinin deyil, hüquq prinsiplərinin hakim olduğu bir cəmiyyət kimi görmək istəyirəm.

– Qabil müəllim, elə adamlar var, hakimiyyətlə münasibətlərdə kartları yandırmaq istəmir, eyni zamanda istəyir ki, camaat onu əzmkar bir şəxsiyyət kimi qəbul eləsin. Beləliklə, bir tərəfdən hakimiyyətin, o biri tərəfdən xalqın məhəbbətini qazanmağa çalışır. Və ən əsası bu işləri ustalıqla elə görür, elə danışır ki, camaat tərəfdən baxanda müxalifətçi kimi görünür, hakimiyyət tərəfdən baxanda isə susmuş insan təsiri bağışlayır. Bəs siz bu prinsipləri özünüz üçün necə müəyyənləşdirmisiniz?

– Mən illərdir çox ciddi düşündüm, indinin özündə də düşünməkdəyəm ki, Azərbaycan cəmiyyətinin problemlərinin heç biri böyük mənada siyasətdən asılı deyil. Düzdür, siyasətin iştirakı var. Amma mən daha çox bunu şüur məsələsi hesab edirəm. Cəmiyyət ən azı özünü tanımalıdır. Cəmiyyət dünyanı tanımalıdır. Cəmiyyət ona verilmiş illərdir kağız üzərində qalan hüquqlarını tanımalıdır. Bütün bunlardan sonra cəmiyyət başqalarının tanıdığı hüquqlara hörmət etməyi bacarmalıdır. Bu mexanizm işə düşdükdən sonra, mənə elə gəlir, problemlər öz həllini tapacaq.

O ki qaldı sumağa, dediyim kimi, mən partiya üzvü olmamışam, mitinqlərdə çıxış edən alovlu tribun da olmamışam. Mən yazı yazmışam, yazı da yaradıcılıqla bağlı olan bir şeydir. Yaradıcılıq da onu oluşduran şəraitdən, şərtlərdən asılı olan bir məslədir. Şərtlər dəyişdi, tezislər yandı. Olsun. “Kitayski” arqumentlər axtarıb camaatı aldatmaq istəmədim. Mən 1998-ci ildə, 2003-cü ildə nə iş görmüşəmsə, on il sonra da o işi görmüşəm, yenə də o işi görürəm.

– Maraqlıdır, gördüyünüz o işin adı nədir?

– Redaksiya planlaşması aparıram, tapşırıqlar verirəm, daha fərqli layihələr düşünməyə çalışıram, əməkdaşlara bunu öyrədirəm, gənc kadrlar varsa hazırlayıram. Çox sevinirəm ki, Lent.az-ın kollektivi buranı laboratoriya adlandırır. Bu, mənə çox yaxşı təsir edir, çünki burda ən azından cəhd var. Nələrisə yetişdirməyə çalışırıq. Yenə də deyirəm, ölkədəki şərtləri mən yaratmıram, mən mövcud şərtlər çərçivəsində öz işimi görürəm.

– Heç Azərbaycandan getmək barədə düşünmüzünüzmü?

– Mən Azərbaycandan getmək imkanı real olan iki-üç adamdan biri olmuşam. Dostlarımdan dəvətlər də gəlib.

– Bəs nə üçün burda qalmısınız?

– Pafossuz və tam səmimi deyirəm, mən mənsub olduğum cəmiyyətə özümü borclu hesab edirəm. İçimdə bir şey var ki, mən bu cəmiyyətə nəsə bir şey verməliyəm. Məndən ötrü vətən pafos deyil, anlayışdır. Ana kimi, ata kimi, övlad kimi, yemək kimi, ən zəruri tələbat kimi bir şeydir. Necə ki havaya ehtiyacımız var, vətən də mənim üçün o cür bir ehtiyacdır. Fikir verin, daşdan, ağacdan bizim fərqimiz odur ki, özümüz üçün areal seçmişik və deyirik ki, bura bizim vətənimizdir.

– Məşhur bir sual var: de görüm sən vətən üçün nə etmisən? Belə sualla qarşılaşmısınız?

– Heç nə edə bilməsəm də ən azı, buna səmimi və təmənnasız çalışmışam. Hazırda isə evdə iki oğul böyüdürəm. Onları yetişdirə bilərəm. Amma daha “vətənə qurban olum”, bayrağa canım fəda, şüarçılıq yox. Təhsil al, hansı sahəni seçəcəyini yaxşı düşün, seç və peşənə sahib ol, vicdanla işləməyə və cəmiyyətinə borclu olduğunu heç vaxt unutma. Və bir də keçici şeylərlə uğraşma!

– Yeri gəlmişkən, uşaqlarınız nə işlə məşğuldur?

– Böyük oğlum Türkiyədə menecment ixtisası üzrə oxuyur. Kiçik oğlumsa 10-cu sinifdədir.

– Gəncləri necə görmək istərdiniz? Çılğın, emosional, özünü deyən, qorxmayan, çəkinməyən, cəsarətli... Yoxsa təmkinli, sakit, başını aşağı salıb bir tikə çörəyini qazanan?

– Necə görməyimdən asılı olmayaraq bu dediyiniz iki halın ikisi də ayrı-ayrı rənglərdir. Hər ikisi bu tabloda var. Amma hansı rəngi görmək istəyirəm? Mən tip olaraq düşünməyi seçirəm. Ona görə gənclərimizin hadisələrə ağılla yanaşmaqlarını, hansısa addımı atmazdan, hansısa sözü deməzdən əvvəl bir saniyə də olsa dayanıb düşünməyini istəyirəm. Övladlarıma və yaxınlarımın övladlarına bunları məsləhət görürəm. Qayıdıb çılğın bir şəkildə cavab vermək istəyəndə deyirəm, azacıq dur, gözlə, 20 saniyə düşün, sonra danışarsan. İnsan hər hansı bir hərəkəti edərkən mütləq düşünməlidir. Tarixin, kainatın təcrübəsi göstərir ki, düşünmədən atılmış addımlar, edilmiş hərəkətlər bəşəriyyətə, ayrı-ayrı fərdlərə, insanlara da çox böyük zərərlər vurur. Bundan uzaqlaşmaq lazımdır.

– Azərbaycanda sanki, ağıl sözünün mənası dəyişib. İndi ağıl daha çox hiyləgər olmaq, şəraiti qiymətləndirmək anlamına gəlir. Məsələn, haqq-ədalət tərəfdarı olduğuma görə məni universitetdən qovdular, amma qardaşım başını aşağı salıb oxudu, diplomunu aldı, iş-güc sahibi oldu. Anam da dedi ki, görürsən, ağıllı olsan, sən də diplomunu alacaqdın, yaxşı yerdə işləyəcəkdin. Mənə maraqlıdır, belə bir mühitdə ağıl nədir?

– Nəyin bahasına olur-olsun deməyim, amma ağıl - sənin iradəndən asılı olmadan bu başdan girdiyin meşənin o biri başından sağ çıxmaq bacarığıdır. Amma əlbəttə, elə yer var ki, ordan fiziki cəhətdən sağ çıxmaq olduqca mənasız bir şeyə çevrilir, çünki ondan daha qiymətli şeyləri qurban verməli olursan. Ancaq tutaq ki, meşəylə düz getdiyin yerdə ağacın budağı gözünə tən gəlir, neyləyək, əyilməli deyilik?

– Yəni lazım olsa əyilmək də lazımdır?

– Getdiyin yolda qarşına çıxan ağacdırsa və onun səndən istəyəcəyi heç nə yoxdursa, sadəcə, sən ondan yayınıb keçməlisən, vəssalam.

– Elçibəy yaxşı insan idi, amma siyasətçi deyildi. Onda siyasətçi xarakteri yox idi. Xalqın nə istədiyini bilmirdi. Bu ifadəni doğuran səbəb nədir? Bu, hansı təfəkkürün məhsuludur? Bir xalq üçün prezidentin yaxşı insan olması bəs deyilmi?

– Azərbaycanda və Azərbaycanın daxil olduğu siyasi məkanda, yəni keçmiş SSRİ məkanında siyasətə çirkli bir şey kimi baxırlar. Halbuki, siyasət elmdir, həm də humanitar yox, dəqiq elmdir. Burada hər şey yerli-yerində olmalıdır, sən bunu ya bilirsən, ya da bilmirsən. Hansısa siyasətçi obrazı üstündə dayanmaq istəmirəm, amma anlayışı sizə izah edim. İşlə peşəkar məşğul olmaq var, həvəskar məşğul olmaq var. Həvəskarla peşəkarın arasında bir mühüm fərq var ki, biz iki dəqiqə əvvəl ondan danışırdıq. Əbülfəz bəyi yaxından tanımışam. İçində olduğu topluma çox böyük bir sevgisi vardı. Elçibəylə xalq arasında heç bir problem yox idi, problem Elçibəyin kürəyinin arxasındakılarla Elçibəy arasındakı münasibətdə idi. O vaxtlar Azərbaycanda siyasət elmi peşəkar səviyyədə öyrənilmədiyindən indi ortada olan siyasi liderlərin heç birinin peşəkar siyasi karyerası yoxdur.

– Məsələn, Elçibəy Milli Məclisdə siqaret çəkirdi. Yaxud, deputata deyirdi ki, gəl əyri oturaq düz danışaq. Sizcə, onun bu davranışları qeyri-peşəkarlığından irəli gəlirdimi?

– Bu insanlar ciddi siyasi məkanlarda, ciddi siyasi səhnələrdə olmamışdılar. Necə davranmaq təcrübələri yox idi. Hansı şəraitdə hansı şərtlər yaradılmalıdır, hansı məkanın hansı özəllikləri var, hansı protokol necə icra olunmalıdır, bilmirdilər. Arxivə baxanda özümü narahat hiss edirəm ki, bizim tariximizdə belə bir dövr olub. Təkcə prezidentdən söhbət getmir, Milli Məclisdə deputatlar arasındakı polemikalar, davalar... Yəni bu insanlar işin içinə insan kimi girdilər. Halbuki, Azərbaycanın o zamanlar insandan daha çox yaxşı bir rəhbər, yaxşı bir siyasətçiyə ehtiyacı vardı.

– Sizcə, Heydər Əliyev xalqın yaxşı rəhbər və yaxşı siyasətçi ehtiyacını ödədimi?

– Heydər Əliyevin hakimiyyətdə olduğu, fəaliyyətimin həmin illərə düşən hissəsində rəsmi siyasi kursa müxalif yazılarım olub. Yazmışam, hakimiyyəti tənqid eləmişəm. O yazılar indi də durur və hər hansısa formada müzakirə də eləmək olar. Amma heç zaman bu şəxsin, rəhbərin, siyasətçinin imkanlarını kiçiltməmişəm. Görməzdən gəlməmişəm, həmişə anlamışam.

Heydər Əliyev təcrübə etibarilə Azərbaycanın gəlmiş keçmiş ən zəngin insanı idi. 50-ci illərdə dövlətin ən ciddi və ən intizam tələb edən strukturu DTK-da işləyib. Sonra Azərbaycan DTK-nın birinci şəxsi olub, 1969-cu ildən isə respublikaya rəhbərlik edib. Bütün həyatı ciddi intellekt və məsuliyyət tələb edən işlərin içərisində keçib. Bu insanı necə dəyərləndirməmək olar ki?

Bəli, Azərbaycanda problemlər çox idi. Məsələn, yüz problem vardı, otuzu həll olunurdusa, biz yerdə qalan yetmiş problemdən danışırdıq, buna görə də xor çox bərk gəlirdi. Zaman keçdi, müəyyən problemlər həll edildi, insanların qafaları dəyişildi, bir qismi isə zamanla həll olundu.

Doğrudan da elə şeylər var ki, zamanla həll olunmalıdır.

– Maraqlıdır, bu milləti bir yerdə görəndə siz də həyəcanlanırsınız?

– Əlbəttə. Söhbət hansısa xaotik səhnədən getmir. Söhbət məqsədyönlü bir izdihamdan gedirsə, orda o bioloji ritmin tərkib hissəsi, o orqanizmin parçası olduğun üçün təbii ki, həyəcanlanırsan.

– Məsələn, millətimizi axırıncı dəfə nə vaxt bir yerdə görümüsünüz?

– Bilirsən, bütün millətlərin tarixində bu sula ortaya çıxıb. Amma xəritədə barmağını üstünə qoyacağın istənilən dövlətin – Yaponiyamı, Norveçmi, lap elə Gürcüstanınmı – insanları heç də hər gün səhərdən axşama kimi cəmiyyət olaraq toplanıb iş görmürlər. Cəmiyyətin iştirak etməli olduğu konkret epizodlar var. Orda onlara tələbat yaranır və üzə çıxırlar. Mən fiziki olaraq yox, amma duyğu olaraq bu milləti aprel hadisələrində hiss elədim və bir yerdə gördüm. Birlik hiss olaraq adamların içindən keçdi. Məndən də keçdi, əminəm ki, sən eyni şeyi düşünmüsən.

– Əlbəttə, tam dəqiq müşahidədir.

– Millət olaraq canlı orqanizmin tərkibi olmaq budur. Bədənin o başından barmağa bir iynə batırdılar, burda sənin topuğun sızıldadı, ağladın. Bu, çox sevindirici bir haldır. Çünki bu orqanizm sağdır. O başla bu baş arasında üzvi əlaqə var. Bu, balaca məsələ deyil.

– Qabil müəllim, maraqlıdır, bəs APA-ya yolunuz necə gəlib çıxdı?

– “Yeni Müsavat”dan sonra Arif Əliyevlə birgə “Günsəhər” qəzetini çıxartdıq, baş redaktor müavini işlədim, bir müddət sonra da baş redaktor oldum. Üç il fəaliyyət göstərdik və 2008-ci ilin may ayında sırf maliyyə problemləri ucbatından qəzet dayandı. Və mən faktiki bir aya yaxın işsiz qaldım. Doğrusu, heç yana müraciət də eləmədim. Qəzetin taleyi ilə maraqlanan dostlardan biri də Vüsalə xanım idi, tez-tez zəng edirdi. Bizim onunla dostluğumuz 90-cı illərə gedib çıxır. Zəng edib qəzeti soruşdu, dedi, gəl bir danışaq bu barədə, söhbət edək.

– Neçənci il idi?

– 2008-ci ilin iyun ayının əvvəli. Dedi, əgər başqa bir planın, iş təklifin, layihən yoxdursa gəl Azərbaycan dilli bir internet saytı, qəzet açaq. O vaxtlar təkcə rus dilli day.az saytı vardı. Dedi, dostlar da narahatdır ki, Azərbaycan dilli internet saytı oxunmayacaq, amma mən bu fikirdə deyiləm. Doğrusu, internet mediası mənim üçün yeni bir şey idi, amma gördüm ki, redaksiya fəaliyyəti qəzet redaksiyası ilə demək olar, eynidir. Burda əsas məsələ online fəaliyyətlə bağlıdır. Qəzetdə xəbər gün işidir, sayta dəqiqə, saniyə işi. Çox düşünmədim, söhbətin axırındaca razılaşdıq ki, fəaliyyətə başlayaq. Gəldim və başladıq.

– Adətən, qadın rəhbərlərin kaprizləri olur. Vüsalə xanımla necə yola gedirsiniz?

– Təbii ki, iki insanın bütün məsələlərə baxışı heç də həmişə üst-üstə düşmür. Belə olsa absurd görsənərdi. Fərqli fikirlər həmişə var. Elə vaxt olub Vüsalə xanım məsələyə başqa tərəfdən baxıb, mən başqa tərəfdən. Amma önəmli olan odur ki, sonda fərqi həll etmişik. Çünki Vüsalə Mahirqızı bir menecer olaraq uzlaşmanın ən səmərəli metod olduğunu qəbul edib və həmişə də tətbiq edib. Elə məsələ olub ki, sırf özünün səlahiyyətinə aiddir. Heç kim heç nə deyə bilməz, bu adamın istisna səlahiyyətidir. Amma çağırır, məsləhətləşir. Sənin baxışın necədir, sən necə görürsən, bəlkə məsələni bu cür həll edək və s. Faydalı fikirləri bu və ya digər formada qəbul edir. Vüsalə xanım əslini, orijinallığını itirməyən və bunu bacaran birisidir. Bu adamla, istər qadın, istərsə də kişi, yola getmək asandır. Yarızarafat olaraq həmişə deyirəm ki, Vüsalə xanım qardaşdır. (gülür)

– Səmimiliyinizə inanıram, əməkdaşlarınız maaşlarından razıdırlarmı?

– Sürəkli narazılıq edən yoxdur. Təbii ki, hamı pulunun daha çox olmasını istəyər. Maaşın bir az da çox olmasını arzulayanlar var, hətta müraciət edənlər də olur. Şirkət rəhbərliyi ilə bu məsələni müzakirə edirik. Amma onlar başa düşürlər ki, məsələn, 600 manat maaş alan birinin birdən-birə 1000 manat alması qeyri-realdır. Qeyri-real olan şeyləri də niyə tələb etsinlər ki?

– Yəqin o da nəzərə alınır ki, filankəs imzası, istedadı olan adamdır, yazıları maraqla oxunur...

– Əlbəttə ki... Lent.az adına bir cümlə belə yazmış insanların hamısı bizim üçün böyük ehtirama layiqdir. Təbii ki, o əməkdaşların içində də bir neçə kateqoriya üzrə bölgülər var. Məsələn, gənclər və yaşlılar, təcrübəlilər, təcrübəsi nisbətən az olanlar. Hətta istedad məsələsində də bölgülər var. İstedadca arxada olanların özləri də etiraf edirlər ki, bu adam bizdən öndə dayanır. Tanıyırlar, imzasına, təcrübəsinə, yaşına-başına hörmət edirlər. Məhsul da göz qabağındadır, adam görür ki, öz məhsulu ilə digərinin məhsulu arasında fərqlər var. Ona görə də adətən belə bölgülərdə narazılıqlar olmur.

– Qabil müəllim, içki içirsiniz?

– Spirtli içki, ümumiyyətlə, içməmişəm.

– Heç vaxt olmayıb?

– Dadını bilmirəm.

– Bəs siqaret necə?

– Türklər demiş, maaləsəf... (gülür) Azaltmışam. Demək olar, bir neçə aydır minimuma endirmişəm. Amma içkidən, siqaretdən uzaq olmağım heç bir əqidə, inanc göstərgəsi deyil.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər