15 Noyabr 2016 01:12
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin təntənəli açılışı olub.

Teleqraf.com xəbər verir ki, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Rusiya baş nazirinin müavini Olqa Qolodets, mədəniyyət naziri Vladimir Mediniski, Qalereyanın baş direktoru Zemfira Trequlova, Rusiya və Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Fondunun və "Mərcani" Fondunun dəstəyi ilə keçirilən sərgidə 12 Azərbaycan rəssamının - Cavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun ümumilikdə 60-dan çox əsəri nümayiş olunub.

Sərginin açılışı mərasimində çıxış edən Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlova nümayiş olunan əsərlərdən danışıb: "Bu əsərlərin hər biri Abşeronun gözəlliyini, odlar diyarının füsunkarlığını nümayiş etdirir. Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür".

Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. O, bu sərgiyə hazırlığın bir ildən çox müddətdə getdiyini söyləyib. Rusiya baş nazirinin müavini Olqa Qolodets isə çıxışında Tretyakov Qalereyasının kollektivini əsrarəngiz layihə münasibəti ilə təbrik edib: "Keçmiş Sovetlər İttifaqı respublikasının ən yaxşı rəssamlarının əsərlərini toplamaq və nümayiş etdirmək bizim hər birimizə şərəfli keçmişimizə toxunmaq imkanı qazandırır".

Rusiyanın mədəniyyət naziri Vladimir Mediniski çıxışında Abşerona səfəri ilə bağlı xatirələrini bölüşüb: "Abşeron torpağı istedadlarla zəngindir. Mən Abeşronda dəfələrlə olmuşam. Orada elə atmosfer vardır ki, insan özü nəsə yaratmaq istəyir".

Sonda çıxış edən "Mərcani" Fondunun direktoru Rustəm Süleymanov bütün Moskva sakinlərini "Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinə dəvət edib: "Sizi əmin edirəm ki, bu sərgiyə gələnlər məyus olmayacaqlar".

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qonaqlar sərgi ilə tanış olublar. Onlara sərginin Tretyakov qalereyasının uzun müddətli layihəsi çərçivəsində gerçəkləşdirildiyi barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində keçmiş SSRİ respublikalarının tanınmış rəssamlarının həm qalereyada, həm də müxtəlif muzeylərdə və şəxsi qalereyalarda saxlanılan əsərləri nümayiş olunacaq. İndiki ekspozisiya da həmin silsilədən təqdim olunan ilk sərgidir.

Qeyd edək ki, əsərlərin əksəriyyəti ilk dəfədir ki Tretyakov qalereyasında nümayiş olunur. Məhşər Abşeron məktəbi haqqında tam təəssürat yaradan rəsmlərin hər birində Azərbaycan folkloru, mifoloji sujetlər, milli ornamentlər, miniatür sənəti öz əksini tapıb.

Sərgi gələn ilin fevralın 26-na kimi davam edəcək. (apa)


Müəllif:

Oxşar xəbərlər