“İran və türk kinoprodüserləri ilə yaxın gələcəkdə görüşümüz olacaq. İranlılar Azərbaycan komediyalarını çox sevirlər. Amma onların bəzi şərtləri var. Biz çalışmalıyıq ki, onlarla müştərək filmlər çəkək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Azərbaycanfilm” kinostidiyasının direktoru Müşfiq Hətəmov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan kinosu islahatlar ərəfəsindədir: “Cənab Prezident tərəfindən kinonun inkişafına dair dövlət proqramı imzalanıb. Bu proqramdan çıxış edərək bir çox layihələr həyata keçirmişik. İlk növbədə “Azərbaycanfilm”də müasir dövrün tələblərinə uyğun istehsalat sistemini qurduq. Sonra 30-a yaxın gənci sınaqdan keçirdik və müxtəlif səpkili eksperimentlər etdik. Bunların içərisində uğurlu, bəzi hallarda isə uğursuz layihələr meydana gəldi.
Üçüncü ən əsas məqsədimiz isə Azərbaycan kinosunu dünyaya çıxarmaq idi. Son iki ildə Azərbaycan filmləri 50-dən çox dövlətdə 160-a yaxın beynəlxalq festivalda iştirak edib.
Bu, bizim gördüyünüz ilkin addımlardır. Müasir dövrün tələblərinə uyğun istehsalat sistemini qurmaq üçün bizə yeni qanuni baza lazım idi. Qanun layihəsini bir neçə ildir Milli Məclisə təqdim etmişik. Peşəkarlarla hüquq nümayəndələri arasında fikirlərimiz üst-üstə düşmədiyinə görə müzakirə uzandı. Artıq ortaq məxrəcə gəlmişik.
Qanunun qəbulundan sonra biz Film Komissiyaları və Müstəqil Kino Fondlarını yaratmaq istəyirik. Hazırda bu, bizim qarşımızda duran əsas məqsəddir”.
Özəl kino sektorunun inkişaf etdiyini bildirən Müşfiq Hətəmov prosesin davamlı olması üçün bu sektora dəstəyin vacibliyini qeyd edib: “Müstəqil film sektorunda gənc prodüserlər meydana çıxdı. Onlar öz şəxsi vəsaitləri, daxili imkanları ilə filmlər çəkdilər və bununla Azərbaycan tamaşaçılarının çox hissəsini öz ətraflarında birləşdirdilər. Bu, müvəqqəti haldır. Əgər bu prodüserlərə dəstək olmasa, onlara münbit şərait yaratmasaq bu sahədə inkişaf dayana bilər.
Fevralın 15-də Prodüserlər Gildiyasında bununla bağlı hazırladığımız növbəti layihənin müzakirəsi olacaq. Əsas məqsədimiz işgörən insanlarla əməkdaşlıq etməkdir”.
Nərmin