Tanınmış tənqidçi Əsəd Cahangir xalq artisti Canəli Əkbərovun həmkarları barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. O, öz feysbuk hesdabında bu qalmaqal barədə yazıb.
Teleqraf.com tənqidçinin yazdığı statusu təqdim edir:
Canəli Əkbərovun öz həmkarlarını kəskin tənqiddən, hətta təhqirdən ibarət müsahibəsi yayımlanıb. Bu məsələdə ədalət tanrısı olmaq fikrim yoxdur. Məncə, istənilən halda Canəli müəllim hisslərini cilovlamalı, adlı-sanlı sənətkarlar barədə nalayiq ifadələrə yol verməməli idi. Çünki özü də adlı-sanlı sənətkarlarımızdan biridir. Fikri daha sivil demək olar və bu zaman onun təsiri artar. Canəli müəllim əleydarlarına əsl "milli" cavab verib.
Yaxşı, bəs Canəli Əkbərov niyə narazıdır? Çünki sənətkar yoldaşları onun muğam müsabiqəsində münsiflər heyətinə daxil edilməsinin əleyhinədir. Niyə əleyhinədirlər? Çünki onun gənc iifaçılara fərqli münasibəti var. Əsas məsələ də elə budur. Olmazmı müsabiqədə fərqli fikrə də yer verilsin? O zaman müsabiqə daha canlı, daha obyektiv, daha maraqlı keçməzmi? Təkcə muğam müsabiqəsi yox, istənilən müsabiqə bizdə, adətən, belə keçirilir: beş-altı eyni fikirdə olan adam yığışır, qabaqcadan nəzərdə tutulan birini qalib elan edirlər. Nəticədə müsabiqə dönür olur müsabiqə oyunu. Odur ki, Canəli Əkbərovun əleyhdarlarının da məsələyə yanaşması əsl "milli" münasibətdir.
Niyə biz açıq fikir toqquşmasından bu qədər ehtiyat edirik? Müasir dünyada ünsiyyətin əsas forması dialoq deyilmi?