Bakı Dövlət Universitetinin professoru, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Dadaşovun “Dünya kinosu örnəklər kontekstində” monoqrafiyası yüksək poliqrafik keyfiyyətlə işıq üzü görüb.
A.Dadaşov AZƏRTAC-a bildirib ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Nəşrdə dünya kinosunun 120 tanınmış rejissorunun 300-dən artıq filminin nəzəri əsaslarla araşdırılması ekran sənəti üçün kadr hazırlığı istiqamətində mədəniyyət strategiyasına xidmət göstərir. Kitab UNESCO-nun keçirdiyi dünya kinosunun 120 illiyinə layiqli töhfədir. Nazirliyin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq monoqrafiya kinosevərlər üçün də dəyərli hədiyyədir.
Ötən il “Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr” monoqrafiyasının oxucuların ixtiyarına verildiyini deyən A.Dadaşov diqqətə çatdırıb ki, hazırda o, “Şərq kinosunun sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası üzərində çalışır.