Məlumdur ki, yazıçı, dramaturq C.Cabbarlı 1934-cü il dekabrın 31-də vəfat edib. Jurnalın 1935-ci il ilk sayı da bu ölümə həsr edilib.
Jurnalda ASŞC Xalq Komissarları Şurasının Cabbarlının dəfni ilə bağlı qərarı çap olunub.
31 dekabr 1934-cü ildə verilmiş 1320 saylı qərarda yazılır:
“Talantlı Şura dramaturqu Cəfər Cabbarlı yoldaşın vəfatı ilə əlaqədar olaraq ASŞC Xalq Komissarları Şurası qərara alır:
1. Cəfər Cabbarlı yoldaşın dəfn edilməsi dövlət hesabına qəbul edilsin;
2. Cəfər Cabbarlı yoldaşın ailəsinə ayda 500 manat miqdarında şəxsi pensiya təyin edilsin;
3. Cəfər Cabbarlı yoldaşın ailəsinə 5000 manat miqdarında birdəfəlik təxsisat verilsin;
4. Dəfni keçirmək və Cəfər Cabbarlı yoldaşın xatirəsini əbədiləşdirmək tədbirlərini görmək üçün Şəmsəddinski yoldaşın sədarəti altında Ələkbərli, Talıblı, M.Kələntərov, B.Rzayev, Nəzərli, Triniç, Lukiçev, Mkrtçyan və şura yazıçısı Qantəmir yoldaşdan ibarət hökumət komissiyası təşkil edilsin.
ASŞC Xalq Komissarlar Şurası sədri: H.Rəhmanov
ASŞC Xalq Komissarlar Şurası işlər müdiri: D.Arutunov”
Jurnalda həmçinin Cabbarlının həyat yoldaşı Sona xanıma verilmiş başsağlığı mətni yayımlanıb:
“Sona Cabbarlıya.
Sizinlə birlikdə Şuralar Azərbaycanının sevimli yazıçısı, Zaqafqaziyanın böyük dramaturqu Cəfər Cabbarlını, təvazökar və sosializm quruluşu işinə sadiq adamı itirdiyimizə kədərlənirik. Onun xatirəsi, onun talantlı yaradıcılığı ilə birlikdə nəsildən-nəsilə yaşayacaqdır.
M.C.Bağırov
Hüseyn Rəhmanov
A.Aqrba”
Yenə jurnaldan öyrənirik ki, Bakı Qızıl Əsgər və Bəhriyunlar (Dənizçilər) Evinin böyük salonunda yanvarın 13-də Cabbarlıya xatirə gecəsi keçirilib. Tədbiri Səməd Vurğun giriş sözü ilə açıb, Əli Nazim türk, Mikayıl Rəfili rus dilində məruzə ediblər. Cabbarlıya ölkə səviyyəsində və bölgələrdə xatirə gecələrinin keçirilməsi, külliyyatının çap edilməsi ilə bağlı qərar verilib. Həmçinin C.Cabbarlı adına 5 min rubl miqdarında hər il ən yaxşı əsər təqdim edən dramaturqa verilmək üçün mükafat təsis edilib.
Jurnalda Cabbarlı ilə bağlı yazılmış məqalədə isə onun Müsavat hökuməti dönəmindəki fəaliyyətinə toxunulur: “... Cabbarlı “Ədirnənin fəthi”, “Trablis müharibəsi, yaxud Yıldız” və “Solğun çiçəklər” pyeslərini yazmışdır. Bu pyeslər millətçilik ruhu ilə doludur. Cabbarlı ikinci Rusiya inqilabından ilham alaraq, onda milli azadlığın başlandığını görür və eyni anda Müsavat ideolojisinin təsiri altına düşür. Bu, müsavatçıların ictimai-siyasi demaqogiyasının toruna düşən xırda burjua ziyalılarının bir hissəsinin əhval-ruhiyyəsini ifadə edirdi... Cabbarlı siyasi hadisələrin təsiri altında tədricən burjuaziya-Müsavat ideolojisindən uzaqlaşır”.
Jurnalda M.K.Ələkbərli imzası ilə ““Dönüş”lər müəllifini itirdik” adlı kiçik bir xatirə də çap olunub.
Xatirəni təqdim edirik:
“Ayın 30-da istirahət günü. Saat 4-də telefona çağırıldım. Müsahibim Cəfər idi. Danışığımızın mövzusu onun yeni yazmış olduğu “Bakı” novellası idi. Yoldaş Bağırovun tapşırığı üzrə “Pravda” qəzeti üçün yazılmış və ədəbiyyatımızda bu ana qədər görülməmiş dərəcədə orijinal olan bu əsəri yoldaş Bağırov və yoldaş Hüseyn Rəhmanov oxumaq istədiklərindən, onlar ilə görüşmək və arzularına əməl etmək təmənnasında olduğunu bildirirdi.
Ayın 31-də səhər saat 10-da görüşərək Mərkəzi Komitəyə və Xalq Komissarlar Şurasına gedəcəkdik. Qərara alındı, danışmaq növbəsi mənə gəldi:
- Cəfər, - dedim, - təvazö yaxşı şeydir. Ancaq bu dərəcədə yox... Otuz beşinci il yanvarın 1-də ədəbi fəaliyyətinin iyirmi illiyi tamam olurmuş. Bunu bilməmək bizim nöqsanımız isə, bilib bizə söyləməmək də sənin nöqsanındır. Hər halda biz bu tarixi qeyd edəcək və sənin yubileyini keçirəcəyik.
O, buna zarafat kimi baxaraq təbiətinə məxsus laqeydliklə güldü. Halbuki, bu bir həqiqət idi. Ədəbiyyatımızda parlayan bu talant iyirmi il bundan əvvəl, on altı yaşında ikən ilk əsərini nəşr etdirib.
Söhbətimiz zarafat ilə bitdisə də, bu fikir məndə ciddi bir hal almışdı. Yubiley keçiriləcəkdi.
Bu telefon söhbətindən yalnız 12 saat keçmişdi. Gecə saat 4 idi. Təkrar telefon səsləndi. Yarıyuxulu yataqdan qalxdım. Məni çağıran Cəfərin evindən danışır, Cəfərin ciddi xəstə olduğunu bildirərək doktor çağırmamı tələb edirdi. Qulağıma telefonda o evdən özünü itirmişlərin narahatlığını andıran səslər çatdı. Dərhal təbibləri səfərbərliyə almağa başladım. On dəqiqə keçər-keçməz “təbib gəlir” deyə Cəfərin evinə bir daha telefon etdimsə də:
- Gecdir, artıq Cəfər yoxdur. Cəfər öldü, – dedilər.
Cəfər öldü!..
İnsanın heç bir and ilə inanmaq istəmədiyi bu məlun ifadə nə tez, nə də asan deyilir və eşidilir.
Doğrudanmı, Cəfər öldü?
Doğrudanmı, iyirmi illik ədəbi fəaliyyətində bir çox girintili-çıxıntılı yollardan keçərək şura ədəbiyyatının ən görkəmli simaları sırasına keçmiş olan bu adamın iyirmi illik yubileyini keçirəcəyimiz gün soyuq dodaqlarına son vida öpüşü qondurmaq lazım gələcəkmiydi?!
İlk adi mənasında bu xəbər doğrudur. Sadə təbiətli, açıq qəlbli, oynar gözlü Cəfər artıq yoxdur...
Fəqət Cəfəri bizə tanıtdıran, daha doğrusu Cəfəri Cəfər edən bütün obyektlər ölməz bir şəkildə yaşayacaqdır”.
Şübhəsiz ki, Cəfər Cabbarlı yaşasaydı, üç il sonra repressiyanın qurbanı olacaqdı. Çünki keçmiş hökumətin səfiri Yusif Vəzir, bolşeviklərə xidmət etmiş Ruhulla Axundov kimilər sürgün edilməkdən, öldürülməkdən xilas ola bilmədilər. Bolşeviklər Cəfərin bir zamanlar Cümhuriyyət parlamentində çalışdığını, işğaldan sonra gizli Müsavat üzvü olduğunu unutmayacaqdılar.
Mühacirlər də bunu unutmamışdılar. Ölmündən sonra onun ən yaxın dostu Mirzəbala Məhəmmədzadə haqqında geniş yazı yazır.
Məhəmməd Əmin Rəsulzadə isə onu belə xatırlayırdı:
"O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır".