Mayın 1-də “Beynəlxalq Mətbuat Mərkəzində” şairə Günay Ümidin “Yaşamağı öyrənəndə” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. Saat 14-30 da baş tutacaq görüşdə oxucular kitabları şairənin imzası ilə əldə edə biləcəklər.
Teleqraf.com-un xəbərinə görə, tədbirdə şairənin qələm dostları, ictimaiyyət adamları və media nümayəndələrinin iştirakı gözlənilir.
Pessimist şeir
Bir kibrit yandırdım,
günahkar gecələrin ürək sıxan qaranlığına.
Barmaqlarımın arasından,
isıq düşdü tənhalığın gözünə.
Masanın üstündə çoxdan süzülmüş qum saatı.
İyirmi beşinci səhifəsi qatlanmış kitab.
Külqabıda boynunu bükən siqaret kötükləri.
Yarıyuxulu pərdənin qoynuna girib mürgüləyən külək...
Hər şey təkliyin adına layıq.
Deməli intiharın əli qulağındadır...
Rekviyem
Yağış yağır ...
Bu yağışın gözlərindən səpilirəm küçələrə,
Gecələrə...
Yapışıram bir taksinin ayağına,
Yetim qalmış bir sevginin sorağına
Sürüm-sürüm sürünürəm.
Həmin mahnı için-için qovrulur,
taksinin pəncərələrinə çırpır özünü,
Yorulur...
Röyanın kölgəli nəfəsində
Ağlayır çarəsizcə bu mahnı...
Mənsə ölümü axtarıram ...
Bu küçəyə, bu mahnıya həyat vermək üçün ölümü axtarıram...
Şimşək çaxır...
Bu şimşəyin işığından ələnirəm o kafeyə,
İçəri Şəhərə - sənsizliyin zülmətinə...
Ölümü gəzirəm! bircə şey istəyirəm son dəfə səndən...
bircə şey …
məni o şimşəyin səsində, o yağışın gözündə dəfn elə...
Suya dönmək istəyirəm,
səsə dönmək istəyirəm...
bircə torpaq olmaq istəmirəm..
qorxuram...
torpaq olmaq istəmirəm
Torpaq qədər yorğunam.