Kaliforniyanın San Xose şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın xalq artisti mərhum Çingiz Sadıxovla vida mərasimi keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə mərhumun ailə üzvləri və dostları, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mərasimdə ilk çıxış edən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Həmid Azəri Çingiz Sadıxovun həyatı və yaradıcılığı haqqında danışaraq, onun Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verdiyini və vəfatının Azərbaycan musiqisi üçün ağır itki olduğunu vurğulayıb. H.Azəri həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Ç.Sadıxovun nəşinin yaxın günlərdə Azərbaycana aparılaraq dəfn ediləcəyini bildirərək, Azərbaycan Prezidentinin bu humanist addımının yüksək qiymətləndirildiyini bildirib.
Sonra çıxış edən mərhumun ailə üzvləri və digər icma nümayəndələri Çingiz Sadıxovun ömrünün son illərini ABŞ-da yaşamasına baxmayaraq, daim Vətəninə bağlı bir insan olduğunu, Azərbaycan musiqisinin Amerikada tanınması üçün əlindən gələni əsirgəmədiyini qeyd edib, mərhum haqqında xatirələrini paylaşıblar.