X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”in dəstəyi ilə keçirilən beynəlxalq festivalın açılışı Qəbələ Konqres Mərkəzində baş tutub.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Elmira Axundova və başqaları iştirak ediblər.
Festivalın təntənəli açılış mərasimində Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın təbrik məktubu oxunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov festivalın əhəmiyyətindən danışıb. F. Heydərov qeyd edib ki, festival 10 il ərzində Qəbələnin şöhrətini dünyaya yayıb: “Bu festivalın davam etməsi ölkəmizin qüdrətini və tərəqqisini göstərir. Azərbaycan bu cür gözəl musiqi bayramları keçirməklə sübut edir ki, sülh və əminəmanlıq ölkəsidir. İnanıram ki, festival bundan sonra da uğurla davam edəcək”.
Xalq artisti Fərhad Bədəlbəyli festivalın kommersiya xarakteri daşımadığını, biletlərin satılmadığını deyib: “Festivalda hamı iştirak edə bilər. Bu musiqi bayramının əsas məqsədlərindən biri də maarifçilikdir. Bu, çox vacibdir. 2018-ci il Qara Qarayevin 100 illik yubileyidir. Yubiley tədbirləri dünyanın hər yerində keçirilir. Qəbələ festivalına bir neçə ölkədən kollektivlər təşrif gətirib. Festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”in dəstəyi ilə keçirilir”.
Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının səviyyəsi və ona maraq ildən ilə artmaqdadır.
Rəsmi hissədən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə reallaşan konsertdə pianoda xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış ediblər.
Tədbirə Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya və Türkiyədən dünya şöhrətli dirijorlar və musiqiçilər – Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları qatılacaq.
Festival günlərində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Qaytağı” ansamblı, “Clarte” klarnet kvarteti, “Furioso” kvarteti, Yerusəlim Simfonik Orkestri, Jovenes Clasicos del Son instrumental qrupu (Kuba), Tbilisi Big Band orkestri (Gürcüstan), Gypsy Band (Budapeşt), xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəl-zadə, Yeganə Axundova, Şükür Səmədov, Ənvər Sadıqov, Samir Cəfərov, əməkdar artistlər Fuad İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli, Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları və b. çıxış edəcəklər.
Musiqi bayramında xalq artisti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəl-zadə tərəfindən təşkil olunan və xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən “Gənclərə dəstək” layihəsinin iştirakçıları, istedadlı musiqiçilər də konsert proqramı ilə iştirak edəcəklər.
Builki festival daha bir əlamətdar hadisə ilə də yadda qalacaq. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə onun ölməz əsərləri səslənəcək.
Qeyd edək ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 8-dək davam edəcək.