IX “START” Bakı Gənclərin Beynəlxalq Film Festivalına hazırlıqlar başlayıb.
Bunu festivalın prezidenti Fehruz Şamıyev Teleqraf.com-a açıqlamasından bildirib. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək builki festival bir sıra yeniliklərlə yadda qalacaq: “İlk yenilik təşkilatçılar sırasına “Azərbaycanfilm” kinostudiyasının qoşulması olub. Son iki ildə kinostudiya gənc kinematoqrafçıların yaradıcılığı ilə bağlı bir çox layihələr həyata keçirib. Düşünürəm ki, “START” Bakı Gənclərin Beynəlxalq Film Festivalına dəstək durması da məhz bu layihələrin davamıdır. Biz də yəni “Cinema” Mərkəzi kinostudiyanın bu addımını müsbət qarşılayırıq”.
Qafqazın ən böyük qısametrajlı film yarışması olan “STAR”da yeniliklər bununla bitmir. Belə ki, bu ildən etibarən festivalın qaliblərinə “QIZIL NAR” mükafatı təqdim olunacaq. F.Şamıyev bildirib ki, bu adda mükafatın təsis olunması riskli olduğu qədər də ölkəmizin prestiji baxımından uğurlu seçimdir:
“Bu araşdırma festivalın sponsorları cəlb etmə baxımından müəyyən qədər riskli idi. Məlumdur ki, respublikamızda mədəniyyət tədbirlərinə daha çox mobil operatorlar dəstək verir. Məntiqlə “QIZIL NAR” mükafatı digər operatorları və sponsorları festivalın işindən uzaqlaşdıra bilər. Ona görə neçə illərdir qərar verməkdə çətinlik çəkirdik. Nəhayət, iki il öncə düşündük ki, nar bütün hallarda Azərbaycan məhsulu kimi ölkənin simvolu olaraq göstərilə bilər. Nar meyvəsinin simvolik mənaları çoxdur. Gördüyünüz kimi festivalın heykəlciyində qadın da var. Nar bir növ qadın rəmzidir: qadının bətnində körpə, narın isə dənələri var. Bu baxımdan da festivalın mükafatında qadın siluetindən istifadə olunub. Dünyanın bir çox ölkələrində istehsal etdikləri meyvə ilə bağlı kino mükafatları var. Azərbaycan nar istehsalçısı olduğu üçün bu mükafat – “QIZIL NAR”ı festivalın mükafatı kimi təqdim etməyə qərar verdik”.
Qeyd edək ki, filmlərin qəbuluna yaxın günlərdə start veriləcək: “Hər il festivalda iştirak etmək istəyən gənclərin və onların təmsil etdiyi ölkələrin sayı artır. Sevindirici haldır ki, iştirakçı olmaq arzusunda olan ölkələrin əksəri kino ənənəsi olan dövlətlərdir. Belə dövlətlərin sırasında Fransa, Rusiya, Almaniya, İran, Serbiya, İspaniya və sair bu kimi ölkələr var”.
Xatırladaq ki, “START” Beynəlxalq Film Festivalını 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Məqsəd kino sahəsində tələbələrin əsərlərinin baxışını və müzakirəsini keçirmək, aralarında ən istedadlılarını müəyyən etmək, gənc müəlliflərə dövlət qayğısını və diqqəti artırmaq, onları həvəsləndirmək, müvafiq sahə üzrə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir.
Nərmin