“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir.
Teleqraf.com xəbər verir ki, Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
A.Nazarbekov Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir müavini deyib ki, həm Özbəkistan, həm də Azərbaycan mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına önəm verir. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tam hüquqlu üzvü olmasını sevinclə qarşıladığını qeyd edib, Türk Şurasının bu yaxınlarda Bakıda keçirilən iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakını məmnunluqla xatırlayıb.
Tərəflər Azərbaycan-Özbəkistan arasında mədəni əlaqələrin inkişafı haqqında danışaraq bu istiqamətdə həyata keçirilən layihələr, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov birgə layihələrin həyata keçirilməsi, mədəniyyət və ədəbiyyat günlərinin təşkili, mədəniyyət müəssisələri arasında əlaqələrin yaradılması sahəsində öz təkliflərini bildirib. Mərkəzin layihəsi ilə Özbəkistanın çoxsaylı şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini və növbəti layihə ilə Xarəzm vilayətində belə yüksək səviyyəli tədbirlərin təşkil ediləcəyini söyləyib.
Sona Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu mədəniyyət siyasətinin aparıldığını qeyd edib, dövlətimizin dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini vurğulayıb. O deyib ki, Azərbaycan Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi dəyər verir və bu istiqamətdə fəaliyyətimiz davam edəcək.
Azadbek Nazarbekov xalqlarımızın ortaq dəyərləri və mədəni əlaqələr sahəsində Mədəniyyət Mərkəzinin fəaliyyətini diqqətə çatdırıb. O, muğam, aşıq sənəti, sənətkarlıq sahəsində Özbəkistanın keçirdiyi beynəlxalq festivalların yüksək səviyyədə təşkil edildiyini və bu işdə Azərbaycanın aktiv iştirakını yüksək qiymətləndirib.
Görüş növbəti ildə Azərbaycanda Özbəkistan mədəniyyət günlərinin keçirilməsi, bu istiqamətdə əməkdaşlığa dair müzakirələrlə davam edib. Görüşdə iştirak edən Əməkdar artist Ehtiram Hüseynov Azərbaycan muğamından bir parça səsləndirib.