8 Noyabr 2019 12:38
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tanınmış Amerika və Rusiya rəssamı, heykəltəraş, Rusiya Federasiyası Dövlət Mükafatının laureatı, Kabardin-Balkarın Xalq rəssamı, Adıgeyin Xalq rəssamı, bir sıra ali təhsil müəssisələrinin fəxri doktoru Mixail Şemyakinin ustad dərsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhəb Məmmədov Mixail Şemyakini şagirdlərə təqdim edib, onun çoxşaxəli yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, rəssamın həyat yolu enişli-yoxuşlu olub, yaradıcılıq bioqrafiyası isə çox maraqlıdır.

O, Moskvada anadan olub. Mixail Şemyakinin uşaqlıq illərinin böyük hissəsi Almaniya Demokratik Respublikasında keçib. 1957-ci ildə 14 yaşlı Mixail SSRİ-yə, Leninqrada qayıdıb. Burada İ.E.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun nəzdindəki orta rəssamlıq məktəbinə daxil olub. Sonra tələbə yoldaşlarının “estetik pozğunluğu” və sosialist realizmi normalarına uyğun gəlmədiyi səbəbindən məktəbdən xaric edilib.

1962-ci ildə “Zvezda” jurnalının redaksiyasında Şemyakinin birinci sərgisi açılıb.

M.Şemyakin 1967-ci ildə “Peterburq” rəssamlar qrupunu yaradıb, filosof Vladimir İvanovla birlikdə İkona çəkməyin yeni formalarına həsr olunmuş metafiziki sintetizm nəzəriyyəsinin əsasını qoyub. Bu nəzəriyyə müxtəlif dövrlərin və xalqların dini motivləri əsasında incəsənətinin öyrənilməsini ehtiva edir. Rəssam iki il ərzində Pskov-Peçersk monastırında moizələr dinləyib.

Rəssam 1971-ci ildə SSRİ-dən emiqrasiya edib: sərgilərinə bir neçə dəfə həbs qoyulduqdan, əsərləri müsadirə olunduqdan və psixiatriya xəstəxanasında məcburi müalicədən sonra 1971-ci ildə onu ölkədən sürgün ediblər. Cinayət təqibi təhlükəsi ilə üzləşən rəssam SSRİ-dən Fransaya gedib. O, burada sərgilər təşkil edib və özünün rusiyalı həmkarlarının, habelə nonkomformist yazıçıların əsərlərini dərc etdirib.

1981-ci ildə rəssam Nyu-Yorka köçüb. Onun səyləri ilə 1960-cı ildən başlanan bütün xalqların və zamanların əsərlərinin tədqiqatları fonunda milyonlarla nümunədən ibarət kolleksiya ərsəyə gəlib, texniki, tarixi və fəlsəfi kateqoriyalarda təqdim olunmuş əsərlərə görə rəssam beş fəxri doktor dərəcəsinə layiq görülüb. Onun kolleksiyası Fransada Fəlsəfə və Psixologiya Yaradıcılığı İnstitutunun təməlini təşkil edib.

Şemyakin ustad dərsində 2000-ci ildə Nyu-York ştatındakı Hadson şəhərində Təxəyyül Muzeyini yaratmasından bəhs edib, burada tədqiqat mövzuları üzrə sərgilərin keçirildiyini bildirib. 2002-2003-cü illərdə rəssam Rusiyanın “Kultura” telekanalı üçün “Mixail Şemyakinin Təxəyyül Muzeyi” silsiləsindən 21 proqram təqdim edib.

2009-cu ildən Sankt-Peterburqda fəaliyyət göstərən rəssam Mixail Şemyakin Fondu tərəfindən onun öz tədqiqat materiallarının sərgisi təşkil olunub. Tədqiqatların yekunlarına dair 2013-cü ildə ilk kataloqlar nəşr edilib.

Rəssam şagirdlərə Vladimir Vısotski ilə səmimi dostluğundan bəhs edib. Onlar rəqqas Mixail Barışnikovun sayəsində Parisdə tanış olublar və sonunadək dost olaraq qalıblar. Vısotski Şemyakinə mahnılar həsr edib, rəssam isə, öz növbəsində, Vladimir Semyonoviçin əsərlərinə illüstrasiyalar çəkirdi. Onun ölümündən sonra isə, Samarada şairin xatirəsinə heykəl ucaldıb. Şemyakin Vısotskinin yaradıcılığına - mahnı və şeirlərinə həsr olunmuş litoqrafiyalar silsiləsi yaradıb. Litoqrafiyalar bir az gec - 1991-ci ildə, onların tam nəşri isə 2010-cu ildə işıq üzü görüb.

Mixail Şemyakinin yaradıcılıq diapazonu kifayət qədər genişdir: onun əsərləri sırasında tablolardan monumental heykəllərə, teatrdan kinematoqrafa qədər geniş silsilə var. Rəssamın yaradıcılıq tematikası da rəngarəngdir. O, teatr qroteskindən metafiziki obrazlara qədər bir çox əsərlər yaradıb. Şemyakin 2001-ci ildə Mariya Teatrında Kirill Simonovun xoreoqrafiyası üzrə P.Çaykovskinin “Şelkunçik” baletinin özünəməxsus versiyasını səhnələşdirib. 2001-ci ildə Londonda Böyük Pyotrun bu şəhərə gəlişinin 300 illiyi münasibətilə rəssamın yaratdığı monumentin açılışı olub. Moskvada isə onun “Uşaqlar – böyüklərin günahlarının qurbanı” heykəltəraşlıq kompozisiyası qoyulub.

2003-cü ildən rəssamın Anatoli Sobçaka həsr etdiyi heykəlinin Sankt-Peterburqda və “Çar gəzintisi” kompozisiyasının Konstantin Sarayında açılışları olub. Rusiyanın şimal paytaxtında rəssamın üç heykəli – Böyük Pyotra, siyasi repressiyaların qurbanlarına və Sankt-Peterburqun ilk qurucu memarlarına həsr olunmuş monumentləri qoyulub. Böyük Pyotrun heykəlinin daha bir variantı Normandiyada ucaldılıb.

Rəssam 2005-ci ildə Hofmanın “Şelkunçik” nağılının motivləri əsasında öz librettosu və tərtibatı, habelə Sergey Slonimskinin orijinal musiqisi və Donvena Pandurskinin xoreoqrafiyası ilə balet səhnələşdirib. 2006-cı ildə Mariya Teatrında Şemyakinin tərtibatı və Donvena Pandurskinin xoreoqrafiyası ilə üç birhissəli balet səhnəyə qoyulub.

2010-cu ildə Şemyakin Litva Milli Opera və Balet Teatrı üçün Kirill Simonovun xoreoqrafiyası ilə L.Delibin “Koppeliya” baletinin yeni versiyasını yaradıb.

Rəssamlıq Akademiyasının şagirdləri ustad dərsdə bir çox maraqlı məlumatlar əldə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər