Bu gün bir çox tamaşalardan və seriallardan tamaşaçılara yaxşı tanış olan aktyor, Azərbaycan Dövlət Musiqili Teatrının vokal artisti Əzizağa Əzizov doğum gününü qeyd edir.
Hər zaman təvazökarlığı, sadəliyi və qalmaqallardan uzaq durmağıyla seçilən Əzizov Əzizağa Ağayar oğlu 20 oktyabr 1960-ci ildə Qaziməmməd rayonunda anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb: “O olmasın bu olsun” da Qoçu, “Bankir adaxlı” da Zaur, “Əlin cibində olsun” da 1-ci adam, “Səhnədə məhəbbət” də Şvartsneqer, “Aldın payını çağır dayını” komediyasında Məzarov, “Bir günlük xəlifəlik” də Şah, “Arşın mal alan” da Soltan bəy, “Xanuma”da Mixo və s.
Hazırda “Bir ailəm var” serialında “Aramızda qalsın”dakı Əjdərin tamamilə əksi olan Vidadi obrazı ilə tamaşaçıların görüşünə gələn aktyorla söhbətimizə doğum günü sualları ilə başladıq.
“Nədənsə hələ məni təbrik etməyiblər”
“İndiyə qədər heç zaman ad günümü təntənə ilə qeyd etməmişəm. Nə hədiyyə verməyi, nə də hədiyyə almağı xoşlayıram. Bəlkə də bu rayonda böyüməyimdən irəli gəlib, bilirəm. Ailə çox uşaq olmuşam, doğum günləri adi günlər kimi yaşamışıq həmişə. Heç gənc yaşlarımda, tələbə vaxtı da bu günü qeyd etməzdim. Ailə həyatı qurduqdan sonra artıq 23 ildir ki, bu günü evdə ailəmlə qeyd edirəm. Bu gün məni ilk təbrik edən qızım olub. Səhər saat 6-da. Sonra oğlum, ardınca həyat yoldaşım. Neçə illərdi ki, doğum günümdə mənə ilk zəng edib təbrik edən şəxs teatrımızın direktoru Əliqismət Lalayevdir. Ardınca truppa müdirimiz zəng edərdi. Amma nədənsə bu il onlar məni təbrik etməyiblər.
Bu gün özümə ən böyük arzum can-sağlığıdır. Bu həyatda insana vacib olan şey can –sağlığıdır, qalan hər şey düzələndir. Odur ki, mən bu ayda doğulan hərə kəsin ad gününü təbrik edib, can-sağlığı arzu edirəm. Bu gün həm də böyük sənətkarımız Şövkət Ələkbərovanın doğum günüdür. Allah ona qəni-qəni rəhmət eləsin”.
“Peşmanam”
“Mən bu sənətə gəldiyim gündən peşmanam. Orta məktəbdə oxuduğum zamanlardan dənizi çox sevirdim. Ən böyük arzum Odessa Hərbi Dənizçilik Məktəbində oxumaq idi. Amma həyatım başqa cür gətirdi, 1978-ci ildə orta məktəbi bitirib, böyük bacım və böyük qardaşımın təkidi ilə Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili komediya aktyoru” fakültəsinə daxil oldum. Beləcə, bu sənətə gəldiyim ilk gündən peşmanam. Əgər ikinci dəfə dünyaya gəlsəydim, aktyor olmazdım. Sonra bu sənətdən getmək, başqa sahədə çalışmaq barədə düşünəndə yaşım 30-u haqlamışdı. Artıq gec idi”.
Musiqili Teatr
“Musiqili Teatra ilk gəlişim 1989-cu ilə təsadüf edir. Bir il teatrda işləyib, ordan ayrıldım. 1994-cü ildə Siyavuş Aslan məni yenidən teatra dəvət etdi. Artıq o vaxt Opera və Balet Teatrında işləyirdim. Gəldim teatra, bir il işlədim, sonra 1995-ci ildə Afaq Bəşirqızının dəvəti ilə “Bəşir” Teatrına getdim. 1999-cu ildə “Bəşir” Teatrı Musiqi Teatra gələndə mən qayıtmaq istəmirdim, çünki “Bəşir” Teatrı ilə paralel olaraq Opera və Balet Teatrında işləyirdim. O teatrda da işlərim çox idi. Amma Afaq xanımın və Hacıbaba Bağırovun xahişi ilə dəvəti qəbul etdim və yenidən Musiqili Teatra gəldim. O vaxtdan da buradayam”.
“Qızımın adını Afaq xanımın şərəfinə qoydum”
“Afaq xanımın mənim sənətimdə, həyatımda çox böyük rolu olub. Bu xanım sayəsində mən sənətdə iri addımlar ata bilmişəm. O xanım mənim üçün hər şey edib. O xanım “Bəşir” Teatrında işlədiyim zamanlarda mənə əl tutub, dolandırıb. İndiyə kimi onun nəzərləri, diqqəti, qayğısı mənim üzərimdədir. Baxmayaraq ki, bu gün 54 yaşımı qeyd edirəm, amma bu gün də o qayğını məndən əskik etmir. Sənətim və ailəm üçün çəkdiyi o əziyyəti heç vaxt itirə bilmərəm, ona görə o vaxt öz xanımınla belə qərara gəldik ki, qızımızın adını Afaq qoyaq. Hər dəfə Afaq deyəndə bilim ki, qızıma kimin adını qoymuşam və onun əziyyətini itirməyim. Ömrümün sonuna kimi mən o xanıma minnətdaram”.
“Onlar olmasa dolana bilməzdim”
“2010-cu ildən bu günə kimi “Xəzər” TV-də yayımlanan seriallarda oynayıram. Televiziyaya, serialın yaradıcı heyətinə çox təşəkkür edirəm. Onlar mənə deyirlər ki, sən artıq “Xəzər” ailəsinin bir üzvüsən. Onların sayəsində indi deyə bilərəm ki, sənətimlə dolana bilirəm. Onlar olmasa dolana bilməzdim. Çünki mən toylara masabəyilik etmirəm, teatrdan başqa gəlir yerim yoxdur. Toylara getməyi alçaqlıq hesab etmirəm, mən özüm də getmişəm. Çox imkansız olduğum zamanlarda təxminən 2000-ci illərdə toylarda masabəyilik etmişəm, amma sonra gördüm ki, o yerlər mənim üçün deyil. Hər toy yaxşı keçmir axı.
Kobudluq edənlər, artıq danışanlar çox olur, mən də bunu götürmürəm. Cavablarını verirdim, əsəbləşirdim. Sonra qəti qərara gəldim ki, daha toya getməyəcəm. O seriallar sayəsində mən övladlarımı oxutdururam, müəllim yanına hazırlığa qoyuram, ailəni dolandırıram. Ona görə birinci Afaq xanıma, ikinci isə məni hər zaman qabağa çəkən “Xəzər” ailəsinə minnətdaram”.
“Bu, kommersiya sirridir”
“Mən qonorar azlığımdan şikayət etmirəm, edə də bilmərəm. 2010-cu ildən bu günə kimi artıq beş sezondur ki, “Xəzər” TV-nin seriallarında çalışıram. Hər zaman da istədiyim məbləği mənə veriblər. O məbləğ də məni, ailəmi dolandırmaq üçün qane edir. Ola bilər, başqa seriallarda bəlkə də aktyorlara qonorar az verilir, amma mən işlədiyim serialda mənə verilən məbləğlə razıyam. Mənim serialda qazandığım bir aylıq məvacib 7-8 aylıq teatrdan aldığım məvacibə bərabərdir. Konkret rəqəmi açıqlaya bilmərəm, kommersiya sirridir”.
“Bəs mən niyə bu adı almayım?”
“Əvvəllər fəxri ad almaq istəyirdim. Amma indi bunu istəmirəm və almadığıma görə də bu məni narahat etmir. Mən kiməsə yalvaran, ağız –açan deyiləm. Əvvəllər bunu özümə dərd edirdim, çünki az-çox filmə çəkilmişəm, teatrın aparıcı aktyoruyam, tamaşalarda baş rollar oynayıram, Qarabağ müharibəsinin veteranıyam, bəs mən niyə bu adı almayım? Bu adı almaq üçün daha Azərbaycan incəsənəti üçün nə etməliyəm ki, məni görsünlər, mənə fikir versinlər. Baxdım ki, saya salan yoxdur, Allaha dua edirəm ki, hər zaman seriallarda çəkilim, ailəmi dolandıra bilim. İstəmirəm artıq fəxri adı.
Onu da deyim ki, teatrın direktoru Əliqismət Lalayev, Afaq xanım çox çalışır ki, mən bu adı alım. Görünür, hələ onların da gücü müqabilində olan məsələ deyil ki, bu alınmır. Bundan sonra mənə Xalq artisti adı versələr də məni sevindirməyəcək. Çünki hər şey vaxtında gözəldir. Biz zamanında kimisə qiymətləndirməyi bacarmırıq. Təəssüflər olsun ki, Böyük sənətkarlarımızı rəhmətə gedəndən sonra qiymətləndiririk”.
“Davakar, emosionalam”
“Aramızda qalsın” serialındakı Əjdər obrazı komediya aktyoru olduğuma görə mənə yaxın idi. Xaraktercə 80 faiz mənə yaxın idi. Mən həyatda da Əjdər kimi davakar, emosionalam. Amma Əjdərdən fərqli olaraq başladığım işi sona çatdırmağı xoşlayıram. Bunu edə bilməyəndə narahat oluram, nəyisə itirdiyimi zənn edirəm. “Bir ailəm var” serialı başlayanda rəhbərlik, serialın yaradıcı heyəti mənə Vidadi obrazını oynamağı təklif etdi. Dramatik rol ifa etmək baxımından artıq teatrda təcrübəm var idi. Çünki vaxtilə Musiqili Teatrın səhnəsində “Bir saat xəlifəlikdə” tamaşasında Harun ər-Rəşid obrazını canlandırmışam. O baxımdan Vidadini oynamaq çox çətin olmalı deyildi, sadəcə bir az köməklik lazım idi. Bu köməkliyi də serialın rejissoru Rüfət Şahbazov etdi. Cavan rejissor olmasına baxmayaraq çox istedadlı gəncdir. Rüfətlə yanaşı baş ssenarist Valeh və TV-nin rəhbərlik ilk gündən mənə inanmışdı. Deyilənə görə öhdəmə düşən işi layiqincə görə bilirəm”.
“Onu mənə, məni də ona gizlicə göstəriblər”
“Mən gec ailə qurmuşam. Yoldaşım Aybəniz xanım Binədə anadan olub, rəssamlığı bitirib. Onunla bacımın vasitəsilə tanış olmuşuq. Onu mənə, məni də ona gizlicə göstəriblər. Mənim birinci tənqidçim həyat yoldaşımdır, desəm yanılmaram. Tamaşalarımda, seriallardakı rollarımla bağlı fikirlərini mütləq mənə deyir”.
“Övladlarıma əvvəldən demişdim ki...”
“Övladlarıma əvvəldən demişdim ki, hansı sənəti seçirsinizsə seçin, amma incəsənəti seçməyin. 45 yaşıma kimi evim olmayıb. Uzun illər yataqxanada qalmışam, çox çətinliklərlə qarşılaşmışam. Ona görə istəməzdim ki, mənim çəkdiyim əziyyətləri övladlarım çəksin. Qızım Afaq Tibb Universitetinin ikinci kursunda oxuyur, oğlum 11-ci sinifdədir, ikinci qrupa hazırlaşır”.
Nərmin Muradova