"“Azərbaycanfilm” kinostudiyası olaraq 100 illiyimizlə əlaqədar tədbirlər planı tərtib etmişik. Layihə bir ay ərzində ictimai təşkilatlarla birlikdə müzakirə olunacaq. Çünki biz istəmirik ki, təkliflər və görüləcək işlər ancaq bizim tərəfimizdən həyata keçirilsin. Bu, bizim ümumi bayramımızdır. Kinostudiyanın 100 iliyi kinomuz üçün böyük şansdır. Biz nəhayət ki, birləşməliyik”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov “Azərbaycan kinosu günü” ilə bağlı keçirilən tədbirdə səsləndirib.
O qeyd edib ki, tədbirlər planı ictimai təşkilatlara o cümlədən Rejissorlar Gildiyasına, Prodüserlər Gildiyasına, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına, Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim olunacaq.
“Daha sonra da təsdiq üçün Mədəniyyət Nazirliyinə təqdim edəcəyik. Çünki hər bir tədbirin təşkili maliyyə tələb edir".
Direktor 100 illiklə bağlı görüləcək işlərin bir neçə istiqamət üzrə olduğunu bildirib.
“Filmlərin təbliği ilə bağlı planımızda klassik filmlərin posterlərinin, reylerlərinin, ingilis dilində subtitrlərinin hazırlanması, köhnə filmlərimizin rəqəmsal formata keçirilməsi, sosial media ilə bağlı həftəlik müzakirə verilişlərinin hazırlanması nəzərdə tutulur. Bura həmçinin sərgilər də daxildir. “Azərbaycanfilm 100 -afişalar, “Azərbaycan 100- kadr arxası”, həmçinin rekvizit-geyim, eskiz- dekorların sərgisi, dəyirmi masalar, konfransların keçirilməsi də tədbirlər planında əksini tapır. Dediyim kimi, bu ilk variantıdır. Və bu təkliflər ancaq “Azərbaycanfilm” adından təqdim olunsa düzgün olmayacaq. Hesab edirəm ki, Azərbaycan kinematoqrafçılarının bir təklifi olmalıdır. Gələcəkdə də işimizi elə quracağıq ki, 100 illiklə bağlı tədbirlər bir cəbhədən, bir yumruqdan, bir pencərədən həyata keçirilsin”.
Tədbirdə “Azərbaycanfilm” kinostudiyasının yeni sayt və loqosu təqdim edilib, 21 kino xadiminə diplom və mükafatlar təqdim olunub.