26 Avqust 2022 16:23
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib, Zabux və Sus kəndlərini nəzarətə götürüb.

Laçında doğulub, orada boya-başa çatan, uzun illərdir onun nisgiliylə yaşayan tanınmış laçınlılar təəssüratlarını Teleqraf.com-la bölüşüblər.

“Qocalığımı Laçında yaşamaq, balaca uşaqlara dərs demək istəyirəm”

Yazıçı, publisist Fəxri Uğurlu: “Bu bir möcüzədir. Laçınlı biri kimi bu möcüzəni yaradan hər kəsə minnətdaram. Siravi əsgərindən tutmuş Ali Baş Komandanına qədər bu işdə əməyi olan hər kəsin Allah köməyi olsun.

Ümid edirəm ki, ardınca Xocalının, Xankəndinin xeyir xəbərini eşidəcəyik. Hər yerdə, məntəqədə, hər kənddə, şəhərdə Azərbaycan bayrağı dalğalanmalıdır. Bunun başqa yolu yoxdur.

Gənclik çağımda arzu edirdim ki, Laçının bütün kəndlərini qarış-qarış gəzim. Laçının irili-xırdalı 126 kəndi var. Amma bu mənə qismət olmadı. 30-40 kəndini ancaq görə bildim. İndi isə hamısını görmək istəyirəm. Gün o gün olsun o torpaqlarda əhali məskunlaşsın, yeni həyat başlansın, gözəl yollar çəkilsin. Çünki əvvəllər Laçının yolları çox pis vəziyyətdə idi.

Öz kəndimizi – ata yurdumuz olan Oğuldərəni görmək istəyirəm. Qonşu kənddə - Qorçuda hava limanı tikilir. Oralar abadlaşacaq, həyat qaynayacaq. O günləri səbirsizliklə gözləyirəm.

Əgər ömür vəfa etsə qocalığımı Laçında yaşamaq, balaca uşaqlara dərs demək, bildiklərimi onlara öyrətmək istəyirəm. Ömür vəfa etsə..."

“Onlar Laçının qaranlıq taleyinə işıq düşən günü görmək üçün möhlət istəyirdilər”

AYB üzvü şair İlham Qəhrəman: “İşğal dövründə nisgildən xeyli laçınlı dünyadan köçdü. Amma elə bir kəsim var ki, xüsusən də yaşlılar - mən özümü də onlara aid edirəm - Laçının qaranlıq taleyinə işıq düşən günü görmək üçün Allahdan möhlət istəyirdilər. O möhlətə görə Allah onları mükafatlandırdı və onlar artıq bu dünyadan nisgilli köçməyəcəklər. Laçını gözləyən o insanları təbrik edib, hamısına gözaydınlığı verirəm. Bundan gözəl gün ola bilməz.

İstəyirəm ki, Laçına dönüş tez olsun. Camaat o dağlara getsin. Dövlətin onlar üçün nəzərdə tutduğu komfortlu dönüşə qədər insanlar ora ayaq basa bilsinlər. Dövlət də paralel öz işini görsün.

44 günlük müharibə Azərbaycanı urvata mindirdi. İndi bircə torpaq qalıb, o da urvata minməlidir. Torpaq urvata o zaman minər ki, insanlar yurda qayıtsın.

Laçına ilk ayaq basanda şəhərin ən uca yeri olan 41-45-ci illər abidəsinin yanına gedəcəm. O abidəyə çıxanda hər şey görünür. Mən ora çıxıb şeir də deyə bilərəm, köhnə xatirələrimi yada sala, balaca İlhamı da orda görə bilərəm.

Bir də Laçının girişində qucağında körpəsi olan ana heykəl var idi. İstəyərdim o heykəli görüb, onunla salamlaşıb, hal-əhval tutum. Amma Laçına gedən insanların çəkdikləri videolardan görünür ki, o heykəl indi yerində yoxdur.

Uzun illər bundan əvvəl mən Laçına aid şeir yazmışam. Deyirdim:

Bir gör kimlərin qayıdır?

Üzünü döndərmə, Laçın!

Gözəl dəmlərin qayıdır,

Üzünü döndərmə, Laçın!

İndi əsas Laçına getməkdir, gedəndən sonra daha nələr yazılacaq.

Mən hamını təbrik edirəm. Xüsusilə də vətənin bir parçası darda qalanda özünü narahat hiss edən insanların hamısına göz aydınlığı verib, təbrik edirəm”.

“O vaxt nə Zabuxda, nə Laçında dayana bilmədik, amma əmin idik ki...”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov: “Bu gün bütün dünya azərbaycanlıları üçün gözəl, möhtəşəm bir gündür. Hamımız bu günü gözləyirdik. Nəhayət, bu günə şahid olduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Laçına gedəcəyim günü həsrətlə gözləyirəm. İlk olaraq evimə gedəcəm. Axtarış sistemində evimi axtardığım o qədər günlər olub... Amma deyim ki, Alban-udi xristian dini icmasının üzvləri Laçındakı “Ağoğlan” monastırını ziyarət edərkən onlarla birlikdə mən də getmişdim. Biz Zabuxdan da keçirdik, o vaxt orda sülhməramlılar var idi, amma nə Zabuxda, nə Laçında dayana bilirdik. Əmin idik ki, bir gün dayanacağıq. Bir gün Zabuxa da tam yerləşə biləcəyik. O gün bu gündür. Şükürlər olsun!”

“Laçına ayaqyalın gedəcəm”

Türkiyədə yaşayıb- fəaliyyət göstərən aktrisa Səmimə Laçın: "Xəbəri öncə sosial şəbəkələrdə paylaşılan xəbər saytlarında gördüm, doğrusu öncə inanmadım. Prezidentin “İmza” səhifəsini təqib edirəm. Girib o səhifədə baxdım, Prezidentin təbrikini görüncə artıq xəbərin doğruluğuna inandım. Bilirsiniz, 2020-ci ildə II Qarabağ müharibəsində alınan rayonların arasında Laçının da adı keçirdi, ancaq buna baxmayaraq Laçındakı hərbi postlar rus hərbçilərinin nəzarətində idi və bizim əsgərlərə o ərazidən keçərkən maşından düşmək, telefonla video, foto çəkmək hətta Azərbaycan bayrağını dalğalandırmağa belə müdaxilə edirdilər. Bu hal hamı kimi məni də çox narahat edirdi və buna görə də bununla bağlı yayımlanan xəbərləri gördükcə ümüdsizliyə qapılırdım.

Laçın mənim yaralı yerim. Laçın mənim aldığım nəfəsim, döyünən ürəyimdir. Yuxularım belə Laçınla başlar. Uşaqlığım, gəncliyim Laçınlı günlərlə doludur. Dualarımda belə hər zaman “Laçınıma qovuşdur məni, Allahım” demişəm. Bir əhdim vardı; Laçın alınanda ilk gedişimdə harda olursam olum Laçına ayaqyalın gedəcəm və orada Laçının girişində- yolun üstündəki təpədə böyük bir Laçın yazısı vardı, bax o yerdə bir qurban kəsəcəyəm demişdim. Şükürlər olsun bu günə.

Mən o qədər xoşbəxtəm ki, sözlə ifadə etməyəcək qədər... Həyatımın ən sevincli gününü yaşayıram bu gün...Hansı ki 30 ildən çox olan həsrətin acısını unutdum bu gün. Tanrı bu sevinci mənə və bütün laçınlılara yaşadan şanlı ordumuzu, Ali Baş Komandanımızı daim var etsin. Qarabağ uğrunda canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə də uzun ömür, can sağlığı arzulayıram. Allah mənfur düşmənlərimizə bir daha fürsət verməsin. Allah bizə bütöv Azərbaycanı da görmək nəsib eyləsin. Yaşasın, Oğuz eli Azərbaycan!”.

“Atamın Laçından çıxdığı yaşda ora qayıdıram”

Gənc rejissor Amil Amal: “Uşaqlığımdan bu günə kimi həmişə evimizdə bütün söhbətlərin əsasında Laçın olub. Laçından 3 yaşımda çıxmışam. İndi atamın Laçından çıxdığı yaşda mən də Laçına, öz evimizə qayıdacam.

Bu qayıdışla bağlı o qədər mistik və ilahi hadisələr var ki, heç özümə də hərdən inandırıcı gəlmir.

Atam həmişə "google maps"dan evimizə baxanda düşünmüşəm ki, ilahi, əslində atam bir ruh kimi, bir Tanrı kimi öz evinə göydən gör necə baxır... "Google"da evlərə maksimum 3D formatında baxmaq olur. Atam həmişə əsəbləşirdi ki, bu nədir ey, evi tam görmək olmur.

İndi sevinirəm ki, atam da, atam kimi bütün laçınlılar da öz evlərini, öz torpaqlarını artıq 3D formatında yox, real teksturada, real məkan çərçivəsində görəcəklər. Artıq onlar öz evlərinə internet üzərindən göydən yox, real zaman kəsiyində yerdən baxacaqlar.

Gözümü açdığım evimizi, ayaq açdığım həyətimizi həmişə görmək istəmişəm.

Orayla bağlı heç bir təsəvvürüm olmasa da atamın, ananım danışdıqları xatirələrin, söhbətlərin, evdəki arxiv sənədlərin, ağ-qara fotoların inikası sayəsində beynimdə müəyyən vizual xatirələr formalaşıb.

İndi bu gün evimizə getməyimizin ən çox istədiyim məqamı və məramı ondan ibarətdir ki, uşaqlığımdan bəri həmişə həyətimizdəki tut ağacını və ondan asılan yelləcəyi, bir də evimizin pilləkənlərini həmişə necəsə xatırlamışam. O uşaqlıq yaddaşı bu yaşıma kimi beynimdə olan-qalan ən ilkin təsəvvürümdür.

Bilmirəm, bu, vaxtı ilə nənəmin məni yatızdırarkən danışdığı Laçınla bağlı nağıllardan gəlir, ya anamın-atamın, əmilərimin evdə danışdıqlarından.

Ona görə bu gün həqiqətən də evimizə gedib həyətimizdəki tut ağacını və evimizin pilləkəkənlərini görmək istəyirəm. Görmək istəyirəm görüm beynimdəki o anlıq, bir neçə saniyəlik görüntü ilə indiki real görüntülər eynidirmi?..”


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər