Bu gün Xalq artisti Xalidə Quliyevanın yubileyidir.
Teleqraf.com xəbər verir ki, aktrisa 24 sentyabr 1952-ci ildə Bakıda anadan olub.1969-1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb, eyni zamanda “Səda” Tədris Teatrında(1973-1976-cı illərdə), “Azərbaycanfilm” kinostudiyasında (1972-ci ildən) aktrisa kimi fəaliyyət göstərib.
O “Nəsimi”, “Tütək səsi”, “Bakıda küləklər əsir”, “Xoşbəxtlik qayğıları”, “Qızıl qaz”, “Köhnə bərə”, “Qocalar, Qocalar”, “Şahid qız” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
İran kinematoqrafçılarının istehsal etdikləri “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi) filmində ana rolunda, “Səkkizinci asiman” (2011, rejissor Həsən Nəcəfi) filmində baş rolda çəkilib.
Aktrisa vaxtilə saytımıza müsahibəsində kinodakı ilk rolunu belə xatırlayıb:
"Məni kinostudiyaya qohumumuz Səməd Lazımov gətirib. O bir çox filmlərdə rejissor assistenti işləyirdi. Məktəbdə oxuyurdum, “O qızı tapın” filmi çəkilirdi. Səməd Lazımov filmin kütləvi səhnələrinə məni də dəvət etdi. Filmin əvvəlində yağışlı havada camaatın avtobus gözləməsi səhnəsində oynamışam. Dedilər, avtobusun qabağına qaçmalısınız. Qaçıb avtobusa birinci çatan mən idim. Necə qaçmışdımsa, az qaldı maşın məni vursun. Bu, mənim kinoda ilk çəkilişim oldu".