"Xarici ölkələrdə filmlərə çəkilməyimin səbəbkarı Rüstəm İbrahimbəyov olub”.
Bunu Teleqraf.com-a açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib.
O bildirib ki, Rüstəm İbrahimbəyovla tanışlığı Tacikistanda “Rüstəm və Söhrab” çoxseriyalı bədii filmin çəkilişləri dönəminə təsadüf edir.
“Mən “Tacikfilm”də üç seriyalı “Rüstəm və Söhrab” filminə çəkiləndə Düşənbənin İnturist otelində qalırdım. Foyedə dayanmışdım, bir də gördüm Rüstəm İbrahimbəyov pilləkənlərlə aşağı düşür, bir nüans diqqətimi çəkdi. Aşağı düşəndən sonra ona yaxınlaşıb salamlaşdım, üzümə baxdı, soruşdum ki, əlinizə nə olub? Dedi, əlimi pəncərə şüşəsi kəsib. Dedim, siz burada dayanın, mən aptekdən bint, yod alıb gəlirəm.
Soruşdu ki, sən kimsən? Dedim, aktyor Tariyel Qasımovam, burada kinoya çəkilirəm, rejissoru SSRİ Xalq artisti Boris Kimyagərovdur. Tanıya bilmədi. Deyəndə ki, “Liftçi qız”dakı oğlanam, güldü, dedi tanıdım. Aptekdən alacaqları alıb gəldim, onunla bərabər yuxarı qalxdıq, uzun-uzadı söhbət etdik.
Həmin dönəmdə Rüstəm İbrahimbəyov Azərbaycanda Kinematoqrafçılar İttifaqının sədri idi. O vaxt İttifaq Hökümət evində yerləşirdi. Dedi, Bakıya gələn kimi mənim yanıma gəl.
Elə də elədim, Bakıda yanına gələndə mənə bir vərəq verdi, dedi yaz. Soruşdum ki, bu nə üçündür? Dedi, Kinematoqrafçılar İttifaqına üzv olursan. Dedim, axı, mən o ittifaqın üzvüyəm. Qayıtdı ki, mən səni SSRİ Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edirəm. Vəssalam.
10-15 gün çəkmədi ki, mən yenidən Hökümət evinə çağrıldım, üzvlük vəsiqəmi verdilər. O vaxt həmin vəsiqə ən azı beş, yeddi, on filmdə baş rol oynayan aktyorlara verilirdi. Mənim isə bir, yaxud iki baş rolum var idi. Hər şey Rüstəm müəllimin sayəsində baş verdi. SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olan aktyorların da şəkilləri on beş respublikanın kinostudiyalarının foyelərinə vurulurdu. Bu, həmin aktyorlar üçün böyük şans idi.
Alman rejissor Ştefan Bernxard Moskvaya gələndə “Mosfilm”in foyesində mənim şəklimi görür və göstəriş verir ki, məni təcili Almaniyaya çağırsınlar. Beləcə, Almaniyada iki seriyalı filmə çəkildim. Daha sonra “Özbəkfilm”də yeddi, “Türkmənfilm”, “Belarusfilm”, “Mosfilm”də də çəkildim”.