Əməkdar artist Firdovsi Atakişiyev bu yaxınlarda dünyasını dəyişən həyat yoldaşı, xalq artisti, rejissor İranə Tağızadə barədə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o sosial şəbəkədə İranə xanımın əkdiyi lalələrin fotosunu paylaşaraq bunları yazıb:
“İranoçkanın yetişdirdiyi lalələr.... Ona deyirdim, İranoçka, bu lalələr sənə oxşayır. Sənin kimi parlaq, zərif və gözəldirlər...”
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin “Karamazov qardaşları”, U. Şekspirin “On ikinci gecə”, T. Uilyamsın “Arzu tramvayı”, Elçinin “Artistin taleyi”, “Teleskop, yuxuda və reallıqda uçuşlar”, M. Kamolettinin “Ah, bu Anna”, A. Puşkinin “Çar Saltanın nağılı”, R. Şartın “Mənim arvadımın adı Morisdir” kimi tamaşalara quruluş verib.
Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin “Sənətkarın taleyi” tamaşası rəğbətlə qarşılanıb.
Yaradıcılığı haqqında Elçin qələmə aldığı nekroloqda yazır: “O, həyatı hiss edirdi, duyurdu, görünməyənləri görməyi bacarırdı və səhnə də onun üçün həyatın bir parçası idi. Onun ən yaxşı tamaşaları yalnız aysberqin görünən hissəsi deyildi və bu tamaşaların qiyməti, uğuru, həmin aysberqin görünməyən hissəni də tamaşaçıya təlqin edə bilməsində idi.
İranə Tağızadə mənim indiyə qədər tanıdığım teatr xadimləri arasında dünyagörüşünün genişliyi, teatra və dramaturgiyaya bələdliyi, yaradıcı mədəniyyəti və səriştəsi ilə seçilən azsaylı sənətkarlardan biri, birincilərdən biri idi”.
İranə Tağızadə 9 aprel tarixində Bakı şəhərində vəfat edib. O görkəmli rejissor Tofiq Tağızadənin qızı, Firdovsi Atakişiyevin həyat yoldaşıdır. Onların bir oğlu var.