12 Avqust 2023 18:54
2 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əməkdar artist Mehriban Xanlarovanın doğum günüdür.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə aktrisa paylaşım edib:

"Həyatımın 56-cı ili xoş gəldin! İnsan ömrü kitab kimidir. Hər gün bir səhifədir. Səhifələr çevrilir, kitab bağlanır. Bəzi kitablar həmin an unudulur, bəziləri qalır, insanlığa yol göstərir. İnsanın həyatdakı ən böyük xəzinəsi dünyadakı çirkablığa bulaşmayaraq vicdanını təmiz saxlaya bilməsidir. Çünki vicdan yaradan tərəfindən insanlara verilən ilahi takibdir. Mənim vicdanım rahatdır. Doğru bildiyim yolda hər zaman əlimdən gələni etmişəm və edəcəm. Atatürkün "sənətkar əl öpməz, sənətkarın əli öpülər" sözünü özümə rəhbər tutaraq, şəxsi çıxarlarım üçün heç bir qapıdan əyilərək keçmədim. Həyatda insanın özünə məxsus duruşu, əqidəsi olmalıdır.

Zülmə qarşı əyilməməli və başı dik olmalıdır, əyri yox! Yanında olmalıdır hər məzlumun. Dürüst şəkildə, qorxusuzca haqlını müdafiə etməli, haqsızı yox! Qarşısında durmalıdır zalimlərin! Sonda isə bunu demək istəyirəm ki, mən göy üzü kimiyəm. Bəzən kəskin küləyim dondurar, bəzən də heç gözləmədiyiniz anda çıxan günəşim isidər. İçimdə çaxan ildırımların səsləri bürüyər hər yeri. Göy üzü qədər bilinməz biriyəm... Özümə yalnız və yalnız cansağlığı arzulayıram. Uca Allah vətənimizi, xalqımızı qorusun. Təbriklərinizə görə hər birinizə təşəkkürlərimi bildirirəm".

Qeyd edək ki, Mehriban Aslan qızı Xanlarova 1967-ci ilin avqustun 12-də Bakı şəhərində anadan olub. 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub, 1990-cı ildə Məlik Dadaşovun rəhbərlik etdiyi kursu bitirib.

1998-ci ildən Akademik Dövlət Milli Dram Teatrında aktrisa vəzifəsində çalışır. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda müxtəlif rollar oynayıb: İsmena (“Şah Edip”, Sofokl), Şiranə ( “Burla Xatun”, N.Xəzri), Rəfiqə qız ( “Qadın faciəsi”, Q.Lorka), Şəmsa ( “Ulduz yaxud Ədirnə Fəthi”, C.Cabbarlı), Professorun qızı ( “Kəllə”, N.Hikmət), Sona (“Hələ “Sevirəm” deməmişdilər…”, R.Novruz), Altunsaç (H.Cavid “Afət”), Təhminə («Xurşidbanu Natəvan», İ.Əfəndiyev), Mərcan xanım ( “Eloğlu” A.Şaiq),Kristina Linne (“Oyuncaq ev”,H.İbsen), Dovşan (Nağıl tamaşa,“Şir və dovşan”), Sara, Şadxəbər, Şölə (“Mesenat”, “Varlı qadın”, “Sevən qadın”, Ə.Əmirli), Şərəfnisə xanım (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Naymanana (“Manqurt”Ç.Aytmatov), Qadın şair (“Ah,bu uzun sevda yolu”Ə.Əmirli)

Teatrda işlədiyi illərdə Azərbaycan Dövlət Televiziyasında İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” televiziya tamaşasında Anjel, H.Mirələmovun “Son arzu”da Lalə və “Son zəng”də Gültəkin rollarını, Türkiyədə istehsal olunmuş 54 seriyalı “Bizim məhəllədə” adlı teleserialda jurnalist Səda,13 seriyalı “Cinlər, pərilər” serialında Leyla, İran İslam Respublikasının istehsalı olan “Aysuda”filmində Ana obrazlarını ifa edib.

Aktrisa “Təkcə sən”, “Sarıköynəklə Valehin nağılı” və “Sahilsiz gecə” filmlərindəki Sarıköynək , Zibeydə, “Qəzəlxan”da Katibə,” Kənar adamlar”da Flora, “Xoşbəxtlər”də müğənninin arvadı və “Azərbaycanfilm”in “Debüt” studiyasında çəkilmiş “Sifarişçi” filmində Qadın kimi obrazları da oynayıb.

2003-cü ildən ”Space” telekanalında “Nəfəsim” verilişinin aparıcısı olub.

Mehriban Xanlarovanın Ç.Aytmatovun ”Manqurt” tamaşasında oynadığı Naymanana rolu Qırğızıstanda keçirilən “Aytmatov və teatr”festivalında “Ən yaxşı qadın rolu” nominasiyasına layiq görülüb.


Müəllif: Pərvin Cəfərova