6 Fevral 17:14
3 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Evdəyəm, təbrik zənglərini qəbul edirəm. İki gün öncə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, direktor vəzifəsini icra edən İlham Əsgərov, truppa müdirimiz Elnur Məmmədov və ədəbi hissə müdirimiz Cavid Zeynallı bizə gəlib məni təbrik etdilər. Hər kəsə təşəkkür edirəm, diqqət ayırıb zəng edirlər, mesaj yazırlar. Bu gün doğum günümü evdə qeyd edirəm, bir az babat olum, dostlarla da yaxşıca qeyd edərik”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bu gün 86 yaşını qeyd edən Xalq artisti Rafiq Əzimov deyib.

O teatrda yeni hazırlanan “Əsrə bərabər gün” tamaşasında rol aldığını bildirib:

“Amma təəssüf ki, məşqlərə qatıla bilmirəm. Keçən ilin sonu teatrda yıxıldım, daha sonra əməliyyat olundum. Yeriməkdə çətinlik çəkirəm, ev şəraitində asta-asta gəzə bilsəm də, işə qayıtmağım üçün vəziyyətim kafi deyil. Həkimlər hələ ki icazə vermirlər. Amma müalicə edirik, tam bərpa olunandan sonra işimə geri dönəcəm”.

Qeyd edək ki, Rafiq Əzimov 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Həmin dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Səhnədə bir-birindən maraqlı neçə-neçə obrazlar canlandırıb.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan Süleyman Saninin "Dibdat bəy" (Dibdat bəy), İslam Səfərlinin "Göz həkimi" (İvanov), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (İsmayıl), Sabit Rəhmanın "Nişanlı qız" (Qasım) teletamaşalarında oynayıb.

Rafiq Əzimov çoxlu sayda filmlərə də çəkilib. Aktyor "Yeddi oğul istərəm", "Arxadan vurulan zərbə" filmlərində yaddaqalan obrazlar yaradıb.

Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimova 1982-ci ildə Əməkdar artist, 2000-cı ildə Xalq artisti fəxri adı verilib.

Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" ordeninə layiq görülüb. 2010-cu ildə Cəfər Cabbarlı mükafatı alıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2018-ci il sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər