15 İyul 11:06
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci yazı

Əvvəli burada

Atatürkün çevrəsi ilə dostluq

1936-cı ildə Murad və Maqsud Tağızadələr Türkiyə ordusunda hərbi xidmətdən keçmək üçün İstanbula yola düşüblər. Sənədləşmə işləri apararkən Türkiyədə qəbul edilmiş 1934-cü il soyad qanununa görə “zadə” sonluğundan imtina etməli olublar. Bununla da gələcəyin iş adamı Türkiyədə Murad Tağı (Murat Taki) ad-soyadı ilə tanınacaqdı. Anası Mehparə xanımın sənədindən “şahzadə” sözü çıxarılsa da, atasının adı bölməsində “Şahzadə Heydərqulu Mirzə” saxlanılıb. Murad bəy Osmanlıdan deyil, İran təbəəliyindən Türkiyə vətəndaşlığına keçdikləri üçün bu addımın onlara şamil edilməməsinin doğru ola biləcəyini düşünsə də, qanun onlara xüsusi haqq verməyib.

İstanbula gələn qardaşlar qısa zamanda iş-güc sahibi olublar. Murad bəy daha yaxşı təkliflər olmasına rəğmən Kayseridə elektrik mühəndisi olaraq işə başlayıb. Onun vəzifəsi elektrik stansiyasını və enerji şəbəkəsini işlətmək olub. Maqsud isə Konyada almanların quraşdırdıqları rəngli trikotaj fabrikinin toxuculuq sexinin müdiri olaraq əmək fəaliyyətinə başlayıb.

Murad Tağı 1936-1947-ci illərdə Sümerbankda çalışıb. O, burada alman professor Paul Doyşun müavini olaraq işə başlayıb, Sümerbank fabriklərinin enerji qismindən və Karabük metallurgiya kombinatının idarə işlərindən məsul şəxs kimi vəzifəsini tamamlayıb. Bu fəaliyyətinə görə dövlət ona hərbi xidmətini ertələməsi üçün 11 dəfə möhlət verib. Sümerbankda çalışdığı illərdə o, məşhur Sabancı ailəsindən Sakıb Sabancının atası Hacı Ömər Sabancı ilə də tanış olub. Bu dövrdə o, Atatürkün uşaqlıq dostu Nuri Conkərin oğlu Orxan Conkər ilə yoldaşlıq edib, bu vəsilə ilə onların evində Mustafa Kamal paşanı yaxından görə bilib. Eləcə də Ankara Palas mehmanxanasında verilən bal zamanı da Atatürkü görmək səadətinə nail olub.

Bu arada Maqsud Tağızadə 1951-ci ildə Almaniyada dərman və kimya nəhəngi olan Hoexst firmasının Türkiyə nümayəndəliyini Türk-Hoexst olaraq öz adına təsdiq etdirib.

Murad Tağının ailə həyatı

İki dəfə ailə həyatı quran Murad bəy xatirələrində ilk evliliyi haqqında belə bəhs edib: “Atatürk 10 noyabr 1938-ci ildə vəfat etdikdən sonra İsmət İnönü prezident oldu və məşhur rəssamlardan İbrahim Çallı və Fikrət Onata portretini çəkməyi tapşırdı. Ankarada portret üzərində iş davam edərkən mən İbrahim Çallının qızı Belma xanımla tanış oldum. Belma xanım çox mədəni, Avropa təhsili almış, dil öyrənmək üçün Vyanada olmuş, mükəmməl dərəcədə almanca, fransızca və ingiliscə danışan çox gözəl bir xanım idi. Eyni zamanda rəsm çəkməyə maraq göstərir, ən çox da akvarel sahəsində işləyirdi. Hərəkətli, şux, nəşəli, gözəl bir gənc qız idi və biz bir-birimizi bəyənib evlənməyi qərara aldıq. 1940-cı ilin 16 iyununda evləndik”. Bu evlilik nəticəsində cütlüyün 18 yanvar 1943-cü ildə Ankarada Mətə adlı övladları dünyaya gəlib. Lakin fərqli hədəflər, müxtəlif sosial mühitdə formalaşma bu ailənin uzunömürlü olmasının qarşısını alıb, nəticədə Murad bəylə Belma xanım boşanıblar. Həyat yoldaşı oğlunu da alaraq İstanbula ailəsinin yanına gedib.

Murad bəy isə 1946-cı ildə İstanbulda Tarabya mehmanxanasında yay istirahətini edərkən gələcək həyat yoldaşı Lidiya ilə tanış olub. Yeri gəlmişkən müharibə illərində şahzadə Mehparə xanım digər oğlu Mənsurla birgə Almaniya və isveçrədə yaşayıb. Məhəmməd Tağızadə isə savaş boyunca Almaniyanı tərk etməyib, 1947-ci ildə 69 yaşında orada vəfat edib. Bu hadisədən sonra Murad bəy Almaniyaya yola düşüb, altı ay Berlində yaşayıb. Geri qayıdanda isə 1948-ci ilin yanvarından Geliboluda hərbi xidmətə başlayıb. Daha sonra Ankaraya gedərək ehtiyat zabit təlimi keçib, hərbi hava qüvvələrində mühəndis-kiçik zabit olaraq 1949-cu ilin iyul ayında hərbi xidmətini tamamlayıb. Maqsud Tağızadə də İstanbulda ehtiyat zabit kimi əsgəri vəzifəsini yerinə yetirib.

Murad bəyin ikinci həyat yoldaşı Lidiya xanımın ailəsi polyak aristokrat nəslindən olan Qruşetskilərdən idi. Murad bəy xatirəsində həyat yoldaşının Atatürklə olan bir dialoqundan bəhs edib: “Lidiyanın yüksək rus aristokratiya sinfinə mənsub olan babası doktor Vyaçeslav Petroviç Rusiyada çox məşhur həkim imiş. Kommunistlər dövründə Rusiyada aristokratlar da daxil olmaqla bütün sosial siniflər imtiyazlarını itirdikləri zaman o öz statusunu qoruyaraq ömrünün axırına qədər xəstəxananın başından ayrılmamışdır. Lidiyanın atası və anası müharibə zamanı vəfat etmişlər, yeganə qardaşı olan professor Vladimir Markoviç Zon mədən mühəndisi idi. Lidiyanın Atatürklə bağlı gözəl bir xatirəsini sizinlə paylaşmaq istəyirəm. Lidiya İstanbulda bir rus restoranında dostları ilə birlikdə rus musiqisi dinlədiyi zaman rus səfirliyindən viza ala bilmədiyi üçün uzun müddətdir ölkəsindən və ailəsindən uzaq olmağın verdiyi həsrətlə gözlərindən yaş gəlir və ağlayır. Onun göz yaşları həmin restoranda olan Atatürkün diqqətini cəlb edir və: “Mənim ölkəmdə heç kimin ağlamasını istəmirəm” deyərək ağlamağının səbəbini öyrənmək üçün öz yavərini göndərir. Lidiya yavərə “Uzun müddətdir ata-anamı görməmişəm, rus səfirliyi mənə bu imkanı vermir” deyə ağlamağının səbəbini bildirir. İki gün sonra Lidiyanın evinə bir zabit gələrək Rusiya səfirinə xitabən yazılmış bir zərf verir. Lidiya konsulluğa gedəndə səfirin “Nə zaman yola düşmək istəyirsiniz?” sualına “Dərhal” deyə cavab verir. Səfir “Sabah gəmi var, gedərsənmi?” sualına “Bəli” deyib ertəsi gün gəmi ilə ölkəsinə yola düşür.

1952-ci ildə avtomobillə Avropaya səyahətimiz zamanı Lidiya, anam və Mənsurla birlikdə bir neçə həftə dincəldik. Bu istirahət zamanı Almaniyada tarixi Visbaden kazinosunda lojada şampan içərkən anam “Murad, bu gənc xanımı çox bəyəndim, niyə onunla evlənmirsən?” dedi və bunu onun razılığı kimi qəbul edərək İstanbula qayıtdıqdan sonra 1950-ci ilin 16 sentyabrında Lidiya ilə evləndim”.

Murad Tağının iş həyatı

Hərbi xidmətini bitirdikdən sonra Murad Tağı dostu Faruk Ardan və alman Vitholts ilə birlikdə SANTİ Anonim Şirkətini yaradıblar və Almaniyadan idxalatla məşğul olublar. 1950-ci ilin avqustunda isə Murad Tağı Sənaye və Ticarət firmasını qurub. Daha sonra Marşal yardımı çərçivəsində elan edilmiş tenderlərdən birini qazanaraq mühüm işə imza atıb. Ardınca Şərqi Almaniyada olan böyük firmaların təmsilçilik hüquqlarını əldə edərək biznesini genişləndirib. Xalça dəzgahı işindən sənaye məhsullarına qədər bir çox bahalı məhsulların idxalı nəticəsində Murad bəy türk iş adamları arasında sayılıb-seçilən şəxslərdən birinə çevrilib. 1989-cu ildə anası Mehparə xanımın vəfatı, özünün isə 78 yaşına çatmasına görə fəal iş həyatı ilə vidalaşıb. Biznesmen kimi Murad bəy Türkiyədə bir dönəm vergi rekordmeni də olub, qızıl medala layiq görülüb.

Murad Tağı xatirələrində ailə sərvəti haqqında da maraqlı bilgilər verib. Onlar arasında Qacar hökmdarı Müzəfərəddin şahın 1904-cü ildə anası Mehparə xanıma ad günü münasibətilə hədiyyə etdiyi zümrüd və almazlardan düzəldilmiş tac da mövcuddur. Murad bəy 1956-cı ildə qurulan İstanbul Baş Rotari Klubunun da üzvü olub.

Murat Tağı nəvələri üçün 2002-ci ildə “Həyatım” adlı maraqlı xatirə kitabı nəşr edib. İki hissəli yazımız da bu xatirələr əsasında oldu. Eyni zamanda Türkiyə dövlət arxivlərində Tağızadə ailəsinin ruslar tərəfindən müsadirəsi ilə bağlı çoxsaylı sənədlər də mövcuddur.

Murad bəy 2004, Lidiya xanım isə 2006-cı ildə vəfat ediblər. Murad bəyin birinci həyat yoldaşından olan oğlu Mətə bəy isə 2007-ci ildə dünyadan köçüb...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər