13 İyul 22:28
2 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci yazı

Ötən əsrdə Azərbaycanı tərk edərək Avropa ölkələrinə köçən soydaşlarımız arasında həyat tərzinə, tutduğu ictimai mövqeyə görə fərqlənən insanlar da olubdur. Xüsusən hələ ölkədə ikən zəngin ailədə doğulan bu şəxslər orada da yüksək təhsil alıblar, qazanıblar, bilik və bacarıqları ilə önəmli mövqelər əldə ediblər. Bu şəxslər digər mühacirlər kimi Azərbaycan istiqlal mübarizəsində yer almasalar da, onlar daha çox Avropanın, İranın, Türkiyənin elit təbəqəsi ilə münasibətdə olub, zəngin iş adamları ilə dostluq əlaqələri yaradıblar. Onlardan biri də türk ictimai həyatında həm işi, həm də şəxsiyyəti ilə nüfuz qazanmış Murad Tağı bəydir.

Məşhəddən Qarabağa

Murad bəyin babası Məşhəd şəhərinin zəngin tacirlərindən olub, atası Məhəmməd bəy də İran ilə Rusiya arasında ticarətlə məşğul olub. Babası gənc ikən vəfat etdiyi üçün ailə Qarabağa yerləşib. Məhəmməd Tağızadənin üç qardaşı (Cabbar, İsmayıl, İbrahim), iki bacısı (Sürəyya, Teyyibə) olub. Cabbar Tağızadə Belçikada yaşayıb, ticarətlə məşğul olub. O, Səməd Ağaoğlunun da xatirələrində adı keçən London və İstanbulda ticarətlə məşğul olmuş Fəyyazovlar ailəsinin qızı ilə evlənib. İsmayıl Tağızadə isə Bakıda yaşayıb.

Məhəmməd Tağızadənin həyat yoldaşı şahzadə Mehparə xanım (1894-1989) isə Qacar xanədanının üzvü olub. O, Bəhmən Mirzə Qacarın nəvəsi, şahzadə Heydərqulu Mirzə Qacar ilə şahzadə İzzət xanımın qızı olub. Mehparə xanım Sankt-Peterburqda qızlar gimnaziyasını bitirib, alman, fransız, rus, fars dillərini bilib. Məhəmməd bəy zəngin şəxs olsa da, əsilzadə ailəsindən olmadığı üçün Mehparə xanımı ona vermək istəməyiblər, amma çətinliklə də olsa, xanədan ailəsini razı sala bilib. Nəticədə 1911-ci ildə nikah imzalanıb. Mehparə xanım bir müddət Qarabağda yaşayıb, daha sonra Tiflisə köçüblər. 23 yanvar 1912-ci ildə ailənin ilk övladı olan Murad Tağızadə dünyaya gəlib. Sonrakı övladları Maqsud və Mansur isə Qarabağda doğulublar.

Tağızadələrin Tiflis həyatı

İki yaşından etibarən alman mürəbbiyə nəzarətində böyüyən Murad bəy Tiflisdəki alman liseyinə qəbul olunub. Ailə Tiflisdə də sayılıb-seçilən zadəganlardan idilər, opera, operetta, teatr tamaşaları görərək böyüyən Murad bəy eyni zamanda lüks həyat tərzinə də burada ikən aşina olub. 1921-ci ildə bolşeviklər Gürcüstanı ələ keçirdikləri zaman ailə əvvəlcə Batuma, oradan da qayıqla Trabzona qaçıblar. Ruslar ailənin Azərbaycandakı və Gürcüstandakı bütün mal və mülklərini müsadirə ediblər. Bu dövrdə Məhəmməd Tağızadə Trabzon valisinin göstərişi ilə Anadoludakı Mustafa Kamal paşanın başlatdığı inqilaba köməklik edib. Belə ki, İran pasportuna sahib olduğu üçün Trabzon valisinin ona verdiyi pul ilə işğal altındakı İstanbuldan şəkər satın alıb Trabzondan Anadoluya göndəriblər. 9 ay Trabzonda qaldıqdan sonra ara sakitləşdiyi zaman ailə yenidən Tiflisə qayıda bilib.

Tağızadələrin Bakı həyatı

Bu dövrdə Məhəmməd Tağızadə Mehparə xanımla birlikdə Bakıya köç ediblər. Burada o, İstanbul-Qafqaz-London arasında xalça, daş-qaş, manifaktura ticarəti ilə məşğul olublar. Bu işlər qardaşı Cabbarın qayınatası olan Fəyyazovların şirkəti vasitəsilə mümkün olub. Mehparə xanım Muradın təhsili yarımçıq qalmasın deyə digər övladı Maqsudla birlikdə onları Tiflisdə protestant alman rahibi keşiş Mayerin evinə yerləşdirib. Xatirələrində Murad bəy o illəri belə yada salıb: “Pastor Mayer ata-anası Tiflisdə yaşamayan müxtəlif millətlərdən olan yaxşı ailələrin uşaqlarını Nuhun gəmisi kimi öz yanında saxlayırdı. Orada təxminən 13 uşaq vardı və biz eyni həyətdə yerləşən alman liseyində oxuyurduq... Bu ailənin yanında təxminən 4 il qaldıqdan sonra anamla atamın təkrar Tiflisə köçməsi ilə unudulmaz xatirələrlə dolu bu gözəl yerdən ayrıldıq”.

Murad bəy 1928-ci ildə alman liseyini sinif birincisi olaraq başa vurub. Bu arada ailə 1925-ci ilə qədər Qacar pasportu ilə yaşayıb. Türk xanədanlığı devrildikdən sonra İranla əlaqələrini kəsərək Türkiyə vətəndaşlığını qəbul ediblər.

Tağızadələrin Berlin həyatı

Tağızadə ailəsi 1929-cu ildə Berlin şəhərinə köçüblər. Ailə buradakı Türkiyə səfirliyi ilə yaxın münasibət qurublar. Murad bəy o illəri belə xatırlayıb: “1929-cu ildə atamla birlikdə Berlinə köçdükdən sonra anam Berlindəki türk səfirlərinin sağ əli olmuşdur. İkinci Dünya müharibəsi illərindən və müharibədən sonra Cümhuriyyət bayramı təntənələri anamın Berlindəki evində qeyd edilirdi. Atamın maddi yardımları sayəsində tərtib edilən bu tədbirlərə səfirlərimizin arzu etdikləri yüksək vəzifəli alman diplomatları və generalları dəvət olunurdu. Dəvətlərdə Kəmaləddin Sami paşa və Husrev Gərədə kimi türk səfirləri İran səfirliyinin müşavirləri ilə birlikdə iştirak edir, həmişə də Türkiyə, İran və Almaniya bayraqları yan-yana dalğalanırdı... Anam 1931-ci ildə Berlin Türk Xanımlar Klubunu qurdu. Bundan başqa, o, Berlin Elm və Sənət Cəmiyyətinin, Şərq İslam Cəmiyyətinin, Şərq Asiya Cəmiyyətinin, Berlin İslam Cəmiyyətinin fəxri sədri və üzvü idi. Anam eyni zamanda Alman Əsilzadələr Cəmiyyətinin və Qırmızı Xaç Təşkilatının üzvü idi və Qırmızı Xaçın “Ləyaqət” ordeni ilə təltif olunmuşdu. Anam Berlindəki bütün rəsmi dəvətlərdə iştirak edir və diplomatik bülletendə adı “Qacar xanədanının Almaniyada yaşayan yeganə şahzadəsi” şəklində qeyd olunurdu”.

Mehparə xanım 4 iyul 1989-cu ildə vəfat edib, Berlindəki türk məzarlığında dəfn olunub. Yeri gəlmişkən, Mehparə xanımın Parisdə yaşayan Cümhuriyyət xadimlərimizdən Ceyhun bəy Hacıbəyli ilə də tanışlığı olub. Murad bəy dirijor Niyazi ilə də Türkiyədə tanış olub. Tağızadə ailəsi məşhur Bədəlbəyli ailəsi ilə də qohum idilər. Murad bəy bu barədə xatirələrində yazıb: “Anamın iki böyük bacısı vardı. Bunlar şahzadə Rəna xanım və şahzadə Rəhimə xanımdır. Rəna xalam Türküstan xanının arvadı idi, övladı olmamışdı. Rəhimə xalam isə Bədəlbəyli ailəsinə gəlin getmiş, beş oğlu, bir qızı olmuşdur. Uşaqlarından Əfrasiyab Bədəlbəyli Azərbaycanın dirijoru və baletmeysteri, Şəmsi Bədəlbəyli Azərbaycanın teatr və sənət xadimlərindən biri (o, məşhur pianoçu Fərhad Bədəlbəylinin atasıdır), Davud Bədəlbəyli elektrik mühəndisi, Sərvər Bədəlbəyli isə tanınmış bir memar idi. Məsturə Bədəlbəyli qadın xəstəlikləri doktoru, Turqut Bədəlbəyli mühəndis idi”.

Murad bəy bu illərdə ali təhsil alıb, 1935-ci ildə Texnişe Hoxşule Şarlottenburqdan elektrik mühəndisi ixtisası üzrə magistr diplomuna sahib olub. Qardaşı Maqsud isə Ştutqard Universitetində tekstil mühəndisi ixtisası üzrə təhsil alıb.

Ailə Berlində yaşadığı müddətdə iqtidarda Adolf Hitler idi. Məhəmməd Tağızadə alman liderin təhlükəli yola girdiyini görə bilmişdi. Murad bəy o illəri belə xatırlayırdı: “Atam şüurlu və olduqca mütərəqqi görüşlü adam idi. 1933-cü ildə Hitler seçki ilə iş başına gələndə mənə dedi: “Murad, İkinci Dünya müharibəsi uzaqda deyil. Hitler milli sərvəti topa-tüfəngə yatırır, hətta bu yolda həyət çəpərlərinin dəmirlərini söküb polada çevirir. Bu silahlardan tezliklə istifadə edəcək, əks təqdirdə bunlar metal tullantısı olar. Ona görə də Hitler bu müharibəyə başlayacaq. Mən bu müharibədə almanların qalib gələcəyinə inandığım üçün pulumu alman markasına çevirəcəyəm”. Daha sonra 1940-cı ilin iyulunda Hitler Parisə daxil olanda Ankarada atamdan aldığım teleqramda “Gördünmü, mən haqlı çıxdım” deyə yazırdı. Ancaq almanların müharibədə məğlub olması nəticəsində sərvətinin çoxunu itirdi”...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər